Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1695/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə (hakim A.M.Süleymanova) İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi, iddiaçıya kreditorun mənafelərinin təmin edilməsi məqsədi ilə miras qoyanın hüquqi varislərini müəyyən etməklə ona qarşı tələb hüququ ilə məhkəməyə müraciət etmək hüququ olmasının izah edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi N.Novruzov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, xx xxxxxx 2015-ci il tarixli SUTQD-0180 saylı Baş kredit müqaviləsinə əsasən Cavabdeh Bankın Sumqayıt filialından illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 1200 manat məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə icraata xitam verilməklə düzgün qərara gəlməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(060)-65/2021 saylı qərardadının ləğv olunması, mülki işin təzələnməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, AZ-İ seriyalı 775939 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, iddia məhkəməyə müraciət edilənədək vəfat etmiş şəxsə qarşı qaldırılmışdır. Bununla iddiaçı tərəfindən qanunveriliyin göstərişləri pozulmuşdur. Məhkəmə kollegiyası iddiaçının məhkəmə zamanı müəyyən sorğular verilməsi, cavab əldə edilmiş sorğunun nəticəsindən asılı olaraq qərar qəbul edilməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddənin tələbinə görə işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır. MPM-nin 58-ci maddəsinin tələbindən çıxış edərək məhkəmə hesab edir ki, həmin hüquq norması məhkəmənin icraatında olmayan mübahisə edilən hüquq münasibətində tərəflərdən birinin sıradan çıxdığı halda həmin tərəfi hüquq varisi ilə əvəz etməyə qədər tərəfə hüquqi imkan verir. Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinin məzmunundan da bəlli olur ki, işdə tərəf olan şəxsin sıradan çıxması imperativ olaraq göstərilmişdir. Mülki prosessual qanunvericilikdə “iş” anlayışı ərizənin məhkəmənin icraata qəbul edilməsindən sonra yaranır. Yəni ki, məhkəmənin icraata qəbul edilmiş iddia ərizəsi üzrə mülki iş başlanmış olur və bu halda işdə tərəflərdən birinin sıradan çıxaması nəticəsində və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verirsə məhkəmə icraatı dayandırmaq vəzifəsini daşıyır. Araşdırılan işin faktiki hallarından göründüyü kimi borclu iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək ölmüşdür. İddiaçı faktiki olaraq hüquq qabiliyyəti xətm olmuş şəxsə qarşı iddia qaldırmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə hazırkı halda məhkəmədə baxıla bilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Mülki qanunvericilik də göstərilmişdir ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qanunun tələbindən aylın olduğu kimi şəxsin ölümü ilə mülki hüquq vəzifələri daşımaq qabiliyyəti itirilmiş olur. Bu halda şəxsin mülki hüquq vəzifələrinin hüquqi varisliyi qaydasında ötürülməsini mülki qanunvericilik tanımışdır. Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilən hüquqi mövqeyə görə məhkəmə həmçinin izah edir ki, sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün miras qoyanın hüquqi varisini müəyyən etməklə ona qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Eləcə də iş materiallarına əlavə edilmiş məhkəmə sorğusuna verilmiş cavablardan görünür ki, Cavabdeh adına vərəsəlik işi açılmamışdır, eləcə də vergi ödəyicisi olmamış, adına nəqliyyat vasitəsi, daşınmaz əmlak qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi Natiq Novruzovun şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2021-ci il tarixli 2(060)-65/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsili alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1695/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1695/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver