Məhkəmə qərarları › İş №2(105)-1695/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1695/2024

28.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1695/2024 28.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əsədova (Məmmədova) Aygül Əli qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (apellyasiya şikayətinin geri qaytarılması, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-833/2020 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 manat sabit pul məbləğində aliment tutulması, alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması, İddiaçı ödəməkdən azad olduğu dövlət rüsumu əvəzi olaraq Cavabdeh 30 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

2. Cavabdeh Əsədov X4 rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(012)- 2145/2024 saylı qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir.

3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qərardadına əsasən Cavabdeh Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti elektron qaydada verilməməsi əsası ilə geri qaytarılmışdır.

4. Daha sonra cavabdeh Əsədov X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qətnaməsindən xx.xx.2024-cü il tarixdə təkrar apellyasiya şikayəti vermişdir.

5. Abşeron Rayon Məhkəməsinin 2(012)-2145/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2145/2024 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti prosessual müddətin ötməsi əsası ilə geri qaytarılmışdır.

6. Cavabdeh Əsədov X4 Rayon Məhkəməsinin 2(012)- 2145/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 2(012)-2145/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2145/2024 saylı, xx.xx.2024-cü il tarixli (apellyasiya şikayətinin geri qaytarılması barədə) qərardadı ləğv olunmuş, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)- 2145/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə baxılması üçün məhkəmə iclası 04 sentabr 2024-cü il tarixə saat 17 :00-a təyin edilmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Əsədov X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qətnaməsini xx.xx.2024-cü il tarixində almış, qətnamədən birinci dəfə vaxtında apellyasiya şikayəti vermişdir, lakin qanunu bilmədiyi üçün apellyasiya şikayətini kağız formada vermiş və məhkəmə tərəfindən geri qaytarılmışdır. Hazırda yenidən qanunla müəyyən olunmuş elektron qaydada vermişdir. Lakin 1 aylıq prosessual müddət üzrlü səbəbdən ötürülmüşdür. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa olunmalıdır.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qətnaməsindən Cavabdehnın verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

10. Bu qərardaddan cavabdeh şikayət vermiş, qərardadın ləğv edilməsini və prosessual müddətin bərpası barədə ərizənin təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

11. Abşeron Rayon Məhkəməsinin iş üzrə 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə uyğun olmayan formada verildiyindən dəfələrlə geri qaytarılmış və məhkəmə aktında mövcud qüsurların aradan qaldırılaraq yenidən müddətin bərpası barədə ərizə verilməklə şikayət vermək hüququ izah olunmuşdur. Lakin buna baxmayaraq, cavabdeh eyni məzmunlu şikayətlərini qüsurlar aradan qaldırılmadan dəfələrlə məhkəməyə təqdim etmiş, prosessual müddəti dəfələrlə ötürmüşdür. Bununla belə, məhkəmə mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin hər kəsə bəlli olduğunu və eyni zamanda, cavabdehin qanunu bilməməyinin məsuliyyətdən azad edən hal olmadığını nəzərə alaraq, eyni zamanda, cavabdeh tərəfindən verilmiş şikayətlərin dəfələrlə verilməsi nəticə etibarı ilə məhkəmə aktının icrasına əngəl törədən hal olduğundan, qeyd olunan halın sui-istifadə halını yaradaraq qarşı tərəfin hüquqlarının pozulması ilə nəticələndiyindən ərizədə göstərilən xüsusatların müddətin bərpa edilməsinə əsas olmadığı qənaətinə gəlib, ona görə də ərizə təmin etməmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 360, 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

14. Şikayətin dəlilləri bundan ibarətdir ki, işə baxan məhkəmənin prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə mövqeyi əsassız və qanunsuzdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə almış və ilk dəfə vaxtında 1 ay ərzində kağız formada apelyasiya şikayəti vermişdir. Həmin vaxt şikayətin elektron qaydada verilməli olmasını bilmədiyindən şikayət elektron qaydada verilməmişdir. Məhkəmə tərəfindən şikayət qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixdə apelyasiya şikayətini yenidən və müddətin bərpası barədə əlavə etməklə vermişdir. Hakim həmin ərizəni nəzərə almayaraq yenə şikayəti geri qaytarmışdır. Bu dəfə də cavabdeh şikayət vermiş bundan sonra məhkəmə müddətin bərpasından imtina etmişdir. O, müddəti üzrlü səbəbdən yəni elektron qaydada vermədiyi üçün ötürmüşdür. Məhkəmə qanunsuz olaraq müddətin bərpasını təmin etməmişdir. Heç bir əsas olmadan ərizəni rədd etmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməli, müddətin bərpasından imtina edilməsi barədə qərardad ləğv edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

15. Şikayətə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;

128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

18. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

19. Ona görə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 2145/2024 saylı qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2145/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, mübahisələndirilən Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(012)-2145/2024 saylı qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş və sonuncu tərəfindən ilk dəfə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə (yəni qanunla müəyyən edilmiş prosessual müddət çərçivəsində) verilmişdir.

22. Lakin şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün həmin məhkəmə tərəfindən geri qaytarılmış, qərardadda göstərilən konkret nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı yenidən qətnamədən apellyasiya şikayəti vermiş, bu dəfə birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

23. Bundan sonra cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmə vəsatəti əsassız hesab edərək təmin etməmişdir.

24. İşə baxan məhkəmənin bu barədə mövqeyini əsaslı hesab edən kollegiya bildirir ki, işin sadalanan ardıcıllığından görünür ki, cavabdeh tərəf qətnamədən iki dəfə fərqli prosessual nöqsanla apellyasiya şikayəti vermiş və məhkəmənin müvafiq qərardadlarında qeyd olunan nöqsanları aradan qaldırmaqla, yenidən apellyasiya şikayəti vermişdir.

25. Kollegiyanın qənaətinə görə qanunvericiliyin tələblərini bilməmək üzrlü səbəb hesab oluna və hüquqi müəyyənlik prinsipinə zidd ola bilməz

26. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin istinad etdiyi hal üzrlü hal hesab edilə və qətnamədən onun tərəfindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpası üçün əsas ola bilməz. Çünki qeyd olunanlardan aydın olur ki, cavabdeh qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti üzrlü səbəb olmadan buraxılmışdır

27. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında apellyasiya şikayətinin, həmçinin şikayətin verilməsinə dair tələblər (o cümlədən də müddət tələbi), habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib.

28. Qeyd edilməlidir ki, şikayətlərin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi (dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, forma və məzmuna ciddi riayət olunmaması və s. hallar) apellyatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır.

29. Kollegiyanın qənaətinə görə müddətin bərpa edilməməsi və şikayətin qaytarılması məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Əks halda bu kimi hallar ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.».

31. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 nömrəli qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri əsassızdır, bu səbəbdən də sözügedən qərardaddan verilmiş şikayət təmin edilməməlidir.

32. Prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47.1, 120 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2145/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar