Məhkəmə qərarları › İş №2(105)-1697/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1697/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1697/2021 29.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-24/2021 saylı qərardadından İddiaçı açıq səhmdar cəmiyyətinin şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-24/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, 29 oktyabr 2018-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 7 may 2015-ci il tarixli, SUTQD-0202 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1276,26 ABŞ dolları, faiz borcuna görə 63,86 ABŞ dolları, dəbbə borcuna görə 38,18 ABŞ dolları, cəmi 1378,3 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərardadı qəbul edilmişdir. ŞİKAYƏTLƏRİN DƏLİLLƏRİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır, həmçinin cəmiyyətin mənafeyinə ziddir. Belə ki, 07 may 2015-ci il tarixli, SUTQD- 0202 saylı kredit müqaviləsinə əsasən Cavabdeh cəmiyyətin Sumqayıt filialından illik 29% dərəcəsi olmaqla 12 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla bağlı cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Azərbaycan Repsublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə müəyyən sorğular verməli, sorğunun nəticəsindən asılı olaraq qərar qəbul etməlidir. Bundan əlavə, cavabdehin ölməsi səbəbi ilə mülki iş üzrə icraat dayandırılmalı olduğu halda, xitam verilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iş üzrə tərəf olan şəxs öldükdə, mülki işin icraatı hüquqi varisi müəyyən edilənədək dayandırılmalıdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və mülki işin təzələnməsi xahiş olunmuşdur. İddiaçı açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 7 may 2015-ci il tarixli, SUTQD-0202 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1276,26 ABŞ dolları, faiz borcuna görə 63,86 ABŞ dolları, dəbbə borcuna görə 38,18 ABŞ dolları, cəmi 1378,3 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmiyyətin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 03 avqust 2015-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(060)-10200/2018 saylı qərardadı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraat cavabdehin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin 19.10.2020-ci il tarixli, 05/5304-11 saylı məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Cavabdeh adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar edilməmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(060)-24/2021 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə kollegiyası göstərilən mülki prosessual hüquq normasının tələbini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddəsində göstərilir ki, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə, iş üzrə icraat dayandırılmalıdır. Maddənin mənasından da görünür ki, işdə tərəf olan şəxs öldükdə, mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərsə, məhkəmə iş üzrə icraatı dayandırmağa borcludur və bu hal məhkəmənin hüququ deyil, vəzifəsi kimi nəzərdə tutulmuşdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən iddia ərizəsi məhkəmənin icraatına qəbul edilənədək borclunun ölməsinə, iddiaçının faktiki olaraq hüquq qabiliyyəti xitam olunmuş şəxsə qarşı iddia qaldırmasına, hazırki halda işə məhkəmədə baxıla bilinməməsinə, Cavabdeh adına vərəsəlik işinin açılmamasına, vergi ödəyicisi olmamasına, adına nəqliyyat vasitəsinin, daşınmaz əmlakın qeydə alınmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin hazırki iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(060)-10200/2018 saylı qərardadı ilə iş üzrə icraat cavabdehin hüquqi varisi müəyyən edilənədək dayandırılmış, Sumqayıt Şəhər Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(060)-24/2021 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Cavabdeh vergi ödəyicisi olmamasını, adına nəqliyyat vasitəsinin, daşınmaz əmlakın qeydə alınmamasını təsdiq edən hər hansı bir sənəd də iş materiallarında yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh adına vərəsəlik işinin açılmaması hazırki iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il Qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi Cavabdeh adına daşınar və daşınmaz əmlakların qeydə alınıb-alınmamasını, belə əmlaklar aşkar edildiyi halda, həmin əmlaklara kimin faktiki sahiblik etdiyini və bu əmlakları idarə etdiyini aydınlaşdırmamışdır. Qeyd edilən hallar araşdırılmadan hüquqi varisliyinə yol verilməməsi əsası ilə iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası MPM-nin tələblərinə ziddir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 397-398ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı açıq səhmdar cəmiyyətinin şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(060)-24/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar