Məhkəmə qərarları › İş №2(105)-1698/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1698/2022

19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1698/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: Vəkil, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu ziyana görə onun xeyrinə 19551.92 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Ondan başqa həmin evdə həyat yoldaşı Şəlalə, oğlanları-Turan, Tamerlan və qızı Gülsümxanım onunla birgə yaşayırlar. Evin mülkiyyətçisi X4 olsa da o, onlarla birlikdə yaşamır. O, həyat yoldaşı və uşaqları həmin evdə istifadə hüququna malikdirlər. 2018-ci ildə dəfələrlə qonşusu olan cavabdeh onun yanına gələrək demişdir ki, “sənin hamamının suyu mənim evimə sızır, nəmişlik əmələ gəlir.” O, cavabdehə inanmasa da onun bəhanəsini kəsmək üçün ondan soruşmuş ki, nə etmək istəyir. Cavabdeh bildirmişdir ki, “icazə ver tualetini və hamamını söküm və öz xərcimlə yenidən tikim.” O vaxt tikinti materiallarını əldə etmək çox çətin idi. Həmin hamamın tikintisi ona 30000 (otuz min) manata başa gəlmişdir. 2018-ci ilin iyun ayında cavabdehə icazə vermiş ki, hamamı və tualeti söküb yenidən tiksin. Cavabdeh ona söz vermişdir ki, iki ay müddətinə hamamı və tualeti yenidən tikib təhvil verəcək. Cavabdeh hamam və tualeti söküb bütün materialları özündə saxlamışdır. İndiyə qədər cavabdeh vədinə əməl etməmiş, sökdüyü hamam və tualetə uyğun hamam və tualeti tikib ona təhvil verməmişdir. O, birinci qrup əlildir. Fiziki cəhətdən ona gücü çatmır. Dəfələrlə ondan hamamın və tualetin tikilib təhvil verilməsini xahiş etsə də, cavabdeh onu hədələyərək verdiyi vədi yerinə yetirməmişdir. Axırıncı dəfə 04 iyul 2019-cu il tarixdə o, ona yanaşaraq tələb etmişdir ki, hamamı və tualeti tikib təhvil versin. Cavabdeh onun xahişinə əməl etməkdənsə, onun küçədə camaatın gözü qarşısında döymüşdür. Cavabdehin etdiyi bu hərəkətə görə o, Quba Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qərarı ilə 300 manat məbləğində cərimə növündə inzibati tənbeh edilmişdir. Beləliklə, cavabdehin təqsiri səbəbindan 2018-ci ilin iyun ayından bu günə qədər bütün ailəni evlərindən didərgin salmış, o səbəbdən də 35 aydır ki, yaşadığı evdə hamam və tualet olmadığı üçün ailəsi ilə birlikdə ayda 300 manat verərək kirayədə yaşayır. 10500 manat kirayə pulu vermişdir. Cavabdeh onun tikdiyi hamam və tualeti sökərək, hamam və tualetin yerini dəyişərək təzədən hamam və tualet tikmişdir. Cavabdeh tərəfindən sökülən hamam və tualetin həcmi ilə təzə tikilən hamam və tualet arasında çox fərq vardır. İndiki bazar qiymətlərini nəzərə alaraq sökülən hamamın və tualetin tikintisinə görə 5857,50 manat dəyərində aşağıdakı materiallar təşkil edir: 1. Qum 1 maşın = 150 manat 2. Şebel 1 maşın = 150 manat 3. Kubik daşı 850 ədəd x 0.60 manat = 510 manat 4. Sement 40 kisə x 6 manat =240 manat 5. Armatur (010-luq) 200 metr x 1.40 manat = 294 manat 6. Kanalizasiya xətti üçün turba (100-lük) və əyrilər = 95 manat 7. Su xətti çəkilməsi üçün 025-lik 120 metrx 1.10 manat = 132 manat 8. Mufta 30 x 0.20 manat = 6 manat 9. Qəlyan 30 x 0.25 manat = 7.50 manat 10. Traynik 20 x 0.25 manat = 5 manat 11. Vintel krant 6 ədəd x 4.50 manat = 27 manat 12. Su turbasının qoşma arxa hissəsi 4 ədəd x 2.50 manat = 10 manat 13. Duş 1 ədəd = 120 manat 14. Krant əl-üz üçün 2 ədəd x 30 manat = 60 manat 15. Vanna 1 x 300 manat = 300 manat 16. Hamam avadanlıqları, güzgü = 65 manat 17. Elektrik ləvazimatları = 50 manat 18. Çən 2.5 tonluq = 500 manat 19. Kalonka qızdırıcı 500 litrlik = 250 manat 20. Kafel 65 kv. m x 25 manat = 1625 manat 21. Metlax 13.5 kv. m x 18 manat = 243 manat 22. Qaz xətti çəkilişi üçün 2.5-lik 35 metr x 1.80 manat = 63 manat 23. Qaz üçün vintel, qəlyan, muftalar = 35 manat 24. Yarımçıq qalmış tikilinin təzədən sökülməsi = 150 manat 25.Söküntüdən çıxan tullantıların atılması = 80 manat 26. Dam örtüyünün bağlanması üçün taxta və örtük = 500 manat 27. Novça və karnizlər dəmirdən 15 ədəd keçmə boru əyri = 190 manat, usta pulu - 1. Bənna 64.27 kv. m x 5 manat = 321.35 2. Beton vermə damı və yerinə 35.84 kv. m x 10 manat = 358.40 manat 3. Beton hamam ətrafı və köhnə yerin bərpası üçün 30 kv. m x 10 manat = 300 manat 4. Dam örtüyünün bağlanması = 150 manat 5. Suvaq vermə 128.09 kv. m x 3 manat = 384.27 manat 6. Metlax düzmə 12.31 kv. m x 10 manat =123.10 manat 7. Kafel vurma 63.82 kv. m x 15 manat = 957.30 manat 8. Santexnik pulu kanalizasiya xətti, qazıntı və hamam = 300 manat 9. Armatur qaz turbaların işi üçün = 200 manat 10. Elektrik işi = 100 manat. Beləliklə sökülmüş hamam və tualetin tikintisinə materialların pulu 5857.50 manat və işlərin görülməsi üçün ustaların pulu 3194.42 manat, cəmi 9051.92 manat pul işlənmişdir. Beləliklə, cavabdeh hamamın və tualetin sökülüb yenidən tikilməsi üçün ona 9051.92 manat, kirayədə yaşadığı 35 ay üçün hər ayı 300 manat olmaqla 10.500 manat, cəmi 19551.92 manat ziyan vurmuşdur. Cavabdehin təzə tikdiyi bina, onun əvvəlki binasından həcimcə kiçik olduğu üçün o, binadan hamam kimi rahat istifadə edilməsi mümkün deyil. Əvvəlki tikili sökülərkən üstündən çıxan bütün materiallar və əşyaları cavabdeh özündə saxlamışdır. Buna baxmayaraq, cavabdeh 2 ildən artıqdır ki, qarınyağışın altında qalıb, yararsız vəziyyətə düşən materiallardan və əşyalardan istifadə etmişdir. Hamamın su xəttlərini, sanitar su qovşağını düzgün qoşmamışdır. Belə olduğu halda o, tikintini qəbul etmir. Cavabdeh həmin binanı öz hesabına sökməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin ona və ailəsinə qarşı qanunsuz hərəkətinə son qoyulmağı xahiş etdikdə döyülmüşdür. Cavabdeh buna görə 300 manat cərimə olunmuşdur. Cavabdehin onun hamamının və tualetinin sökməsi onunla sübut olunur, faktiki olaraq cavabdeh onun həyətində təzə hamam və tualet tikmişdir. Məhkəmə ekspertiza rəyinə istinad edib, onun iddiasını təmin etməmişdir. Məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Quba Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, iddia ərizəsinə və şikayətə oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya heç bir maddi ziyanın dəyməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 25 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı İ qrup əlildir və ömürlük 200 manat məbləğində əmək pensiyası alır. İşə olan Quba Rayon Məhkəməsinin 3(027)-840/2019 saylı, xx.xx.2019-cu il tarixli qərar ilə, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı ailəsi ilə birlikdə 2018-ci il tarixdən 2020-ci il tarixədək X1 məxsus iki otaqlı evdə aylıq 300 manat kirayə haqqı ödəməklə yaşamışlar. Məhkəmə kollegiyası cavabdehin iş üzrə məhkəmənin ekspert rəyinə istinad edərək, iddianın rədd olunması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tikinti-Texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/2733 saylı rəyindən görünür ki, Tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan tikilinin faktiki olaraq mövcud olmadığı müşahidə olunmuşdur, (şək.1-2) Tikili faktiki olaraq mövcud olmadığından ölçü işlərinin aparılması və tikinti zamanı hansı inşaat materiallarından istifadə olunmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda Cavabdeh İddiaçı vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı ilk növbədə sübuetmə yükü baxımından Cavabdeh iddiaçıya 19551.92 manat məbləğində ziyan vurmasını sübut etməlidir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tikinti-Texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/2733 saylı rəyi ilə, Tədqiq olunan ünvanda baxış keçirilən zaman mübahisə predmeti olan tikilinin faktiki olaraq mövcud olmadığı müşahidə olunmuşdur, (şək.1-2) Tikili faktiki olaraq mövcud olmadığından ölçü işlərinin aparılması və tiknti zamanı hansı inşaat materiallarından istifadə olunmasının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda Cavabdeh İddiaçı vurduğu ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Cavabdehin iddiaçıya 19551.92 manat məbləğində ziyan vurmasını təsdiq edən sübut iş materillarında mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: zərər vurulmalıdır; zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 78.1). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Həmçinin, məhkəmə iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, tərəflər arasında iddiaçıya məxsus olan həyətdə tikilinin sökülməsi və yenidən cavabdehin hesabına tikilməsi barədə razılıq olmuşdur, həmin razılıga əsasən Cavabdeh öz öhdəsinə düşən vəzifəsini yerinə yetirmiş, lakin hazırda iddiaçı onun tərəfindən ilk tikintiyə sərf etmiş tikinti materiallarını qiymətini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə 01 noyabr 2021-ci il tarixli 2(027)-1136/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar