Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-17/2021 11.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X10, onun vəkili X13 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-141/2018 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X10 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-141/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) iddiaçılar İddiaçı və X10 cavabdeh X6 qarşı pul tələbi barədə ilk iddiasının təmin edilməməsi, X5 İddiaçı və X14 qarşı qeyri-yaşayış sahəsinin icarəyə götürülənə qədər mövcud olmuş vəziyyətinin bərpası üçün təmir-bərpa xərclərinə və mövcud olmuş avadanlıqlara görə onlardan müştərək qaydada 70000 manat məbləğində pulun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə 2017-ci ilin aprel-may ayları üçün ödəmədikləri 1200 manat məbləğində icarə haqqının, obyektin zəbt olunması nəticəsində 2017-ci ilin iyun ayının 9-dan hazırki iş üzrə qətnamə qəbul edilən vaxta kimi hər ayı 4000 manatdan hesablanmaqla 36000 manat məbləğində əldən çıxmış faydanın, 50000 manat məbləğində mənəvi ziyana görə təzminatın alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı və X8 müştərək qaydada 16.700 manat, 1.200 manat icarə haqqı, 2017-ci ilin iyun ayından hazırki vaxta qədər əldən çıxmış faydanın əvəzi olaraq 5.600 manat məbləğində pul vəsaitinin X5 xeyrinə tutulması, X8 maddi zərərə görə 23.900 manat məbləğində pul vəsaitinin X5 xeyrinə tutulması qət edilmiş, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X18 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı və X18 iddia ilə məhkəməyə müraciət edərək cavabdeh X4 65000 manat tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh X7 ilə aralarında icarə müqavilələri olmuşdur. İlkin olaraq müqavilə X19 öğlu ilə bağlanmışdır. Müqavilə bağlanan vaxt cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 136 kv.metr qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə olmuşdur. Cavabdehlə razılıqları belə olmuşdur ki, həmin 136 kv.metr sahə onlar tərəfindən təmir olunacaq, cavabdeh isə müqaviləni onlarla uzun müddətə, ən azı 10 il müddətinə bağlayacaqdır. Onlar həmin qeyri-yaşayış sahəsinin avadanlıqlarına və təmirinə 65000 manatdan artıq xərc cəkmişlər. Cavabdeh X7 xx.xx.2017-ci il tarixdə İddiaçı teleqram göndərərək xx xxxx 2017-ci il tarixdə həmin qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmişdir. Belə olan halda, onlar həmin qeyri-yaşayış sahəsindən çıxmaları üçün mağaza avadanlıqlarına və təmirə çəkdikləri pulları qaytardıqdan sonra mümkün ola biləcəklərini bildirmişdilər. X1 Ömər Fərhad oğluna və X14 qarşı obyektin icarəyə götürülənə qədər mövcud vəziyyətinin bərpası tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər X10 və İddiaçı ona qarşı pul tələbinə dair iddialarının rədd edilməsi və ona məxsus ünvan 3ndə yerləşən ümumi sahəsi 186 kv.m olan qeyri-yaşayış sahəsinin 136 kv.metr olan hissəsinin bu səxslər tərəfindən icarəyə götürülənə qədər mövcud olmuş vəziyyətə gətirilməsi vəzifəsinin onların üzərinə qoyulması, bunu etmədikləri təqdirdə dəymiş ziyanın əvəzi olaraq obyektin əvvəlki vəziyyətinin bərpası üçün 70000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən X18 ilə onun arasında xx.xx.2013-cü ildə 1 illik, cavabdeh İddiaçı ilə xx.xx.2016-cı il tarixdə 1 illik müddətə icarə müqavilələri bağlamış və sonuncu ilə bağlanan müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Cavabdehlər obyekti icarəyə götürdükdən sonra onun razılığı və xəbəri olmadan özbaşına olaraq həmin obyektin tavanına vurulmuş dəyəri 25000 manat məbləğində qiymətləndirilən mozaikanı sökmüş, obyektin döşəməsinə, tavanına və çöl-fasadına bəzi reklam tabloları vurdurmaqla yararsız və görkəmsiz bir hala salmış, obyektdə onun razılığı olmadan mövcud vəziyyətinə xələl gətirmiş işlər aparmışlar. O, buna etiraz etdikdə isə onu əmin etmişlər ki, obyekti boşaldana yaxın öz vəsaitləri ilə obyekti təmir etməklə əvvəl mövcud vəziyyətə qaytaracaqlar. Çünki bu şərt müqavilənin 2.6-cı bəndində də nəzərdə tutulmuşdur. Son vaxtlar isə həmin obyektdə olarkən obyektə quraşdırılan və avtomatik açılıb-bağlanan qapının da sındırıldığını müşahidə etmişdi. Halbuki həmin qapı tərəfindən 7000 manata alınaraq quraşdırılmışdır. Lakin İddiaçı və X18 nəinki obyektin əvvəlki vəziyyətini bərpa etmiş, hətta müqavilə müddətinin bitməsinə baxmayaraq obyekti boşaltmamış, hələ üstəlik ona qarşı pul tələbinə dair iddia qaldırmışlar. İddiaçı və X10 bu iddia tələbləri aralarında bağlanmış müqavilə şərtlərinə və icarə münasibətlərini tənzimləyən “İcarə haqqında” qanunun tələblərinə ziddir. Belə ki, həmin qanunun 9-cu maddəsində göstərilir ki, əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. İcarəyə götürülmüş ərazidə icarəyə verənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyə verənə məxsusdur. İcarəyə verən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. Bundan başqa, aralarında bağlanmış icarə müqaviləsinin 2.6-cı bəndinə əsasən “icarəçi” təbii köhnəlmə nəzərə alınmaqla icarəyə verilmiş sahəni yararlı, tam və sanitar normalara uyğun saxlamağa cavabdehdir və icarə müddəti qurtardıqdan sonra hal-hazırki vəziyyətdə təhvil verməlidir. O, cavabdehlərə məxsus olan obyektdə hər hansı əlavə işlərin aparılmasına icazə verməmiş və obyektin tavanında olan mozaikanın söküldüyünü gördükdə, buna etirazını bildirmiş, lakin cavabdehlər obyektdə tavan örtüyünü mağazanın “BLACK STREET”, yəni “Qara küçə” adına görə bu vəziyyətə saldıqlarını bildirmiş və obyekti boşaldanda həmin tavan örtüyünü bərpa etməklə əvvəlki vəziyyətdə təhvil verəcəklərinə söz vermişlər. Bundan əlavə, bu şəxslər həmin obyektdə öz fəaliyyətlərinə uyğun işlər aparmış və həmin işlərin ona hər hansı aidiyyəti yoxdur. Cavabdehlər bilirdilər ki, müqavilənin müddəti xx.xx.2017-ci il tarixdə başa çatır və onlar arasında bağlanan müqavilə müddəti 1 illikdir, lakin ondan həmin obyektdə olan əşyaların dəyərini tələb etmələri heç bir normaya uyğun deyildir. Belə ki, özü onların obyektdə olan bütün əmlaklarının çıxarılmasını istəyir. Lakin cavabdehlər öz vəsaiti hesabına obyekti ona icarəyə götürdüyü vaxt mövcud olmuş vəziyyətə gətirməklə təhvil verməlidir. Hazırki iddia üzrə cavabdehlərin ona qarşı pul tələbinə dair iddia qaldırmağa hüquqları olmadığı halda, iddia tələbləri rədd edilməli, onun qarşılıqlı iddia tələbi isə təmin olunmalıdır. X7 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər X8 və İddiaçı icarə müqaviləsinin qüvvədə olduğu müddətdə 2017-ci ilin aprel-may ayları üçün ödəmədikləri 1200 manat məbləğində pulun, 2017-ci ilin iyun ayının 9dan hazırki vaxta kimi 5 ay üçün hər ayı 4000 manatdan hesablanmaqla 20000 manat məbləğində icarə haqqının və 50000 manat məbləğində maddi ziyana görə təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X7 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən istifadə üçün tamamilə yararsız hala salınmış və ona məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 186 kv.metr olan qeyri-yaşayış sahəsinin 136 kv.metr olan hissəsinin icarəyə götürülənə qədər mövcud olmuş vəziyyətinin bərpası ücün cavabdehlərdən müştərək qaydada 70000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə çıxarılmasını xahiş etmişdir. X7 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər X8 və İddiaçı yararsız hala salınmış ünvan 1ndə yerləşən ümumi sahəsi 186 kv.metr olan qeyri-yaşayış sahəsinin 136 kv.metr olan hissəsinin icarəyə götürülənə qədər mövcud olmuş vəziyyətinin bərpası üçün təmir-bərpa xərclərinə və mövcud olmuş avadanlıqlara görə cavabdehlərdən müştərək qaydada 70000 manat məbləğində pulun, icarə müqaviləsinin qüvvədə olduğu 2017-ci ilin aprel-may ayları üçün ödəmədikləri 1200 manat məbləğində icarə haqqının, obyektin zəbt olunması nəticəsində 2017-ci ilin iyun ayının 9-dan hazırki iş üzrə qətnamə qəbul edilən vaxta kimi hər ayı 4000 manatdan hesablanmaqla 36000 manat məbləğində əldən çıxmış faydanın, 50000 manat məbləğində mənəvi ziyana görə təzminatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə ilə razı deyildirlər. Belə ki, cavabdehin obyektini icarəyə götürüb fəaliyyət göstərmiş, mağazanın fəaliyyəti üçün oranı təmir edib yararlı hala salmış və avadanlıqlar quraşdırmışlar. Cavabdeh onları obyektdən çıxarmaq istəyəndə, həmin obyektə xərclədikləri pulu, X7 isə qarşılıqlı olaraq onlardan təmir və digər xərcləri tələb etmişdir. Onların obyektə xərclədikləri vəsait keçirilmiş ekspertizanın rəyinə əsasən tam sübuta yetirildiyi halda, məhkəmə ilk iddianı təmin etməmiş və qətnamədə ilk iddianın hansı əsasla təmin edilməməsini izah etməmiş və bu zaman hansı maddi hüquq normalarına istinad etməsini göstərməmişdir. Halbuki hər hansı bir iddiaya baxılıb qətnamə qəbul edilərkən, məhkəmə məhz hansı halların təsdiq edilib, hansı halların təsdiq edilmədiyini, bu zaman iddianın təmin edilib edilməməli olmasını və tətbiq edilən maddi hüquq normalarını göstərməlidir. İşə baxılarkən onların həqiqətən də obyektə xərclədikləri vəsait ekspert rəyi ilə təsdiq edilmiş, lakin məhkəmə onların iddiasını əsassız olaraq rədd etmişdir. Məhkəmə qarşılıqlı iddianı təmin edərkən səhvə yol vermişdir. Məhkəmə qarşılıqlı iddianı təmin edərkən yalnız qarşılıqlı iddia üzrə iddiaçının izahatına və ekspertin rəyinə əsaslanmışdır. Halbuki heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər və məhkəmənin də bunun əsasında qəbul etdiyi qətnamə işin hallarına uyğun gəlmir və işin həqiqi halları tam təkzib edilir. Belə ki, məhkəmə qətnaməsinə əsasən obyektin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün Rəşad Hüseynovdan 23.900 manat pulun tutulması qət edilmişdir və məhkəmə bu zaman ekspertiza rəyinə əsaslanmışdır. Lakin həmin ekspert rəyi ilə tam razılaşmaq olmaz. Əvvəla, ekspertin müəyyən etdiyi xərclərin heç birinin real əsası yoxdur. Həmin rəydə göstərilən halların mövcud olmasını və bunların onlar tərəfindən icarə zamanı baş verdiyini təsdiq edən heç sübut məhkəməyə təqdim edilməmişdir. Onlar obyekti qarşılıqlı iddia üzrə iddiaçıdan necə təhvil almışlarsa, bu halda da ona təhvil vermişlər. Həmin rəydə və qarşılıqlı iddia ərizəsində göstərilən hallar əvvəl də mövcud olmuş, bundan əlavə orada göstərilən işlərin görülməsinə, ümumiyyətlə, ehtiyac olmamışdır. Qarşılıqlı iddia üzrə iddiaçının iddia etdiyi məmulatlara gəldikdə isə həmin əşyalar onlara məxsusdur və bu əşyaların tərəflərindən alınıb quraşdırılmasını sübut edən sənədlər mövcuddur və məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə bu sübutlara qiymət vermədən, yanlış qətnamə qət etmişdir. Əldən çıxmış fayda isə, ümumiyyətlə, əsassız olmuşdur. Belə ki, mağaza cavabdeh deyən müddətdə onun özünə təhvil verilmiş və icraçılar tərəfindən plomblanmışdır. Belə olan halda, X5 əldən çıxmış faydanı onlardan tələb etməsi qanunsuz olmuş və məhkəmə də bu fakta qiymət vermədən həmin hissədə də qarşılıqlı iddianı təmin etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə qət edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X18 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh X7 xx xxxx 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh X7 növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilməli, həmin hissələrdə qarşılıqlı iddia təmin edilməməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçıların apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ilk iddianın və qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxxxx 2013-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh Həmin qızı mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mkr, Sülh küşəsi ünvanında yerləşən ümumi sahəsi 186 kv.metr olan qeyri yaşayış sahəsinin 136 kv.metrini 1 il müddətinə həy ay üçün icarə haqqı 600 manat olmaqla X14 icarəyə vermişdir. İş materiallarında olan xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 186 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin 136 kv.metrini 1 il müddətinə həy ay üçün icarə haqqı 600 manat olmaqla İddiaçı icarəyə vermişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxxxx 2017-ci il tarixli, 07/SR/09-17 saylı qiymətləndirmə hesabatından görünür ki, İddiaçı və X14 məxsus icarədə olan ünvan 3 ünvanında yerləşən 136 kv.metr qeyri-yaşayış sahəsində əsas vəsaitlərin, təmir işlərinin və reklam-marketinq işlərinin xx xxxxxxxx 2017-ci il tarixə bazar dəyəri əsas vəsaitlər üzrə 27135 manat, təmir bərpa üzrə 2650 manat, marketinq və reklam üzrə 13900 manat həcmində müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2018-ci il tarixli, 28883/31872 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 136 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəsindən əvvəl mövcud olmuş vəziyyətinin bərpa edilməsinə sərf olunan vəsaitin məbləği 23900 manat olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş məmulatların ümumi qiyməti 16700 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(060)-11194/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı X6 məxsus ünvan 3 ünvanında yerləşən 186 kv.metr qeyri-yaşayış sahəsinin 136 kv.metr olan hissəsini boşaltması qət edilmişdir. İş materiallarına əlavə olunmuş xx xxx 2018-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(060)-11194/2017 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurları və borclu İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olmuş, tələbkar X7 icra hərəkətinin vaxtı ilə bağlı məlumatlandırılsada, icra yerində iştirak etməmiş, bu səbəbdən icra hərəkətlərinin həyata keçirilməsi təxirə salınmışdır. İş materiallarına əlavə olunmuş xx xxx 2018-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(060)-11194/2017 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurları və borclu İddiaçı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olmuş, tələbkar X7 icra hərəkətinin vaxtı ilə bağlı məlumatlandırılsada, icra yerində iştirak etməmiş, bu səbəbdən icra hərəkətlərinin həyata keçirilməsi təxirə salınmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, tərəflər arasında icarə münasibətləri olmuş, bu barədə icarə müqavilələri bağlanmış, ilk və qarşılıqlı iddialar həmin icarə müqavilələri ilə yaranan öhdəliklərlə bağlı əsaslandırılmışdır. İlk iddia ərizəsindən görünür ki, İddiaçı və X2 Fatma Həmid qızından 65000 manat pul tələb edirlər. Azərbaycan Respublikası MM-nin 329-cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 700-cü maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” qanunun 7-ci maddəsinə əsasən icarəçi müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmalıdır. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin apardığı və ya icarəyə götürülmüş əmlaka ziyan vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyə verənə keçir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçılar cavabdehə məxsus qeyriyaşayış sahəsini icarəyə götürmüş, icarə müddəti bitdikdən sonra cavabdeh icarə müddətini uzatmayacağını bildirərək, obyekti boşaltmağı tələb etmiş, iddiaçılar obyektdə olan avadanlıqlarının çıxarılması üçün şərait yaradılmasını və təmirə çəkdikləri xərcin ödənməsini tələb etmiş, bununla razılaşmayan cavabdeh məhkəmədə iddia qaldıraraq, İddiaçı mağazadan çıxarılmalarına və mağazanın bağlanmasına nail olmuş, bundan sonra iddiaçılar hazırki iddia ilə, cavabdeh isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İddiaçı və X10 X6 məxsus qeyri-yaşayış sahəsinin təmirinə və avadanlıqlarına 65000 manat xərcləmələri məhkəmə iclası zamanı öz təsdiqini tapmamış, bu hallar sübuta yetirilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli, 07/SR/09-17 saylı qiymətləndirmə hesabatında ünvan 3 ünvanında yerləşən 136 kv.metr qeyri-yaşayış sahəsində əsas vəsaitlərin, təmir işlərinin və reklam-marketinq işlərinin xx xxxxxxxx 2017-ci il tarixə bazar dəyəri 27135 manat, təmir bərpa üzrə 2650 manat, marketinq və reklam üzrə 13900 manat həcmində müəyyən edilməsi göstərilsə də, qeyri-yaşayış sahəsində əsas vəsaitlərin, təmir işlərinin və reklam-marketinq işlərinin İddiaçı və X18 tərəfindən edilməsi də sübuta yetirilə bilinməmişdir. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən Azərbaycan Respublikası MM-nin 329.2 və 329.3-сü maddələrinə, eləcə də “İcarə haqqında” qanunun 8-ci maddəsinə və 9-cu maddəsinin 3 və 6-cı bəndlərinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə nəticəyə gələrkən işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsi və ona verilmiş əlavənin dəqiqləşdirilməsinə dair ərizədən görünür ki, Cavabdeh X8 və İddiaçı yararsız hala salınmış ona məxsus ünvan 1ndə yerləşən ümumi sahəsi 186 kv.metr olan qeyri-yaşayış sahəsinin 136 kv.metr olan hissəsinin icarəyə götürülənə qədər mövcud olmuş vəziyyətinin bərpası üçün təmir-bərpa xərclərinə və mövcud olmuş avadanlıqlara görə müştərək qaydada 70000 manat məbləğində pulun, icarə müqaviləsinin qüvvədə olduğu müddətdə 2017-ci ilin aprel-may ayları üçün ödəmədikləri 1200 manat məbləğində icarə haqqının, obyektin zəbt olunması nəticəsində 2017-ci ilin iyun ayının 9-dan hazırki iş üzrə qətnamə qəbul edilən vaxta kimi hər ayı 4000 manatdan hesablanmaqla 36000 manat məbləğində əldən çıxmış faydanın, 50000 manat məbləğində mənəvi ziyana görə təzminat tələb edir. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizanın rəyinə əsaslanaq qarşlıqlı iddia üzrə cavabdehlərdən obyektin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün 23.900 manat, məmulatların dəyəri olaraq 16.700 manat tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mkr, Sülh küşəsi ünvanında yerləşən ümumi sahəsi 186 kv.metr olan qeyri yaşayış sahəsinin 136 kv.metrini X14 xx xxxxxxxx 2013-cü il tarixli icarə müqaviləsinə əsasən 1 il müddətinə və sonralar, yəni xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən həmin qeyri yaşayış sahəsini 1 il müddətinə İddiaçı icarəyə vermişdir. X18 ilə bağlanmış icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra onunla yeni icarə müqaviləsi bağlanmasına dair iş materiallarında heç bir sübut yoxdur. xx xxxxxxxx 2013-cü il tarixli icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra, həmçinin xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən qeyri yaşayış sahəsi İddiaçı icarəyə verilərkən Cavabdeh tərəfindən X14 qarşı hər hansı tələb irəli sürməsi iş materiallarından görünmür. Belə olan halda, Cavabdeh icarə müqaviləsinə istinad edərək X8 hər hansı məbləğ tələb etməsini məhkəmə kollegiyası qanuni və əsaslı hesab etmir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.6-ci bəndində əsasən “İcarəçi” təbii köhnəlmə nəzərə alınmaqla, icarəyə verilmiş sahəni yararlı, təmiz və sanitar normalara uyğun saxlanmasına cavabdehdir və icarə müddəti qurtardıqdan sonra hal-hazırki vəziyyətdə təhvil verilməlidir. Belə olan halda, Cavabdeh qeyri-yaşayış sahəsinin ilkin vəziyyətinin bərpa edilməsini tələb etmək hüququna malik olmuşdur. İşdən görünür ki, Cavabdeh İddiaçı qeyri-yaşayış sahəsindən çıxarılması barədə iddia qaldıraraq, iddianın təmini məqsədilə vermiş olduğu vəsatət əsasında qəbul edilmiş qərardada əsasən İddiaçı qeyri-yaşayış sahəsindən çıxarılmasına və istifadənin dayandırılmasına nail olmuş, İddiaçı qeyri-yaşayış sahəsindən çıxarılmış və bu günə qədər də onun qeyri-yaşayış sahəsinə daxil olmasının qarşısı alınmışdır. İddiaçı qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətini bərpa etməyə hazır olduqları barədə cavabdehə rəsmi məktubla müraciət etmiş, lakin Cavabdeh həmin məktubu qəbul etməkdən imtina etmişdir. “İcarə haqqında” qanunun 9-cu maddəsinə əsasən icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. Qanunverici bu halda ilk əvvəl icarəyəverənin bu işlərin aparılmasının icarəçidən tələb etməsini, bu baş vermədikdə isə sökülmə xərclərinin icarəçi tərəfindən ödənməsini tələb etmək hüququnu nəzərdə tutmuşdur. Lakin icarəyəverən bu işlərin icarəçi tərəfindən könüllü olaraq edilməsinə imkan vermədən, dərhal məhkəməyə müraciət edərək icarəçinin obyektdən çıxarılmasına nail olmuş, bu günə qədər də ona həmin obyektdən özlərinə məxsus qurğuları sökmək və çıxarmaq imkanı yaratmamışdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət edərək qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmiş, iddianın təmini tədbiri barədə vəsatət verərək, qeyri-yaşayış sahəsində aparılan bütün ticarət əməliyyatlarının və alış-verişin üzərinə qadağa qoyulmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadına əsasən vəsatət təmin edilmişdir. Cavabdeh İddiaçı icarə müqaviləsinin müddəti bitən kimi obyektdən çıxarması və obyektdə olan qurğuları çıxarmaq və obyektin əvvəlki vəziyyətini bərpa etmək imkanından məhrum etməsi müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi bu halları araşdırmamışdır. Bundan başqa, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi icarəyə verilərkən tərəflər arasında obyektin təhvil-təslim aktı tərtib edilməmiş və obyektin icarəyə verilmə anındakı real vəziyyətini (təmiri, avadanlıqları və sairə) təsdiq edən rəsmi sənəd və ya digər sübutlar mövcud deyildir. Belə olan halda, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün zəruri hesab edilən xərclərin ölçüsü barədə digər hər hansı sübutla təsdiq edilməyən ekspertin rəyinə istinad edilməsi yetərli hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən bu halda sübutetmə yükü qarşılıqlı iddiaçının üzərinə düşür və o, icarəyə verilmiş obyektin indiki vəziyyətinin icarəyə verməzdən əvvəlki vəziyyətindən daha yararsız vəziyyətdə olmasını və bu çatışmazlıqların və zərərin nədə ifadə olunmasını təkzibedilməz sübutlarla təsdiq etməlidir. Bu zərəri təsdiq edən sənədlər və sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Eləcə də, məhkəmə kollegiyası mübahisəli sahəyə baxış zamanı qeyri-yaşayış sahəsinin istifadəyə yararsızlığını və ya həmin sahəyə hər hansı bir ziyan vurulmasını müəyyən etməmişdir. Qarşılıqlı iddiaçının iddia etdiyi çatışmazlıqlar (döşəmənin köhnəlməsi, işıqların sıradan çıxması, divar boyasının solması və sairə) isə əmlakın istifadəsi zamanı nəzərdə tutulan amortizasiyadir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin 4 il ərzində həmin obyektdən icarə hüquqları ilə istifadəsi zamanı bu hallar təbii qarşılanmalı və icarə müqaviləsi bitdikdən sonra bərpa edilmə öhdəliyi yarada bilməz. “İcarə haqqında” qanunun 8-ci maddəsinə görə icarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş əmlakın dəyərindən amortizasiya ayırmaları icarə haqqına daxil edilir. Bu halda da, tərəflər arasında bağlanmış icarə müqaviləsində başqa hal nəzərdə tutulmadığı üçün əmlakın amortizasiyası icarə haqqına daxil edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MM-nin 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci madəsinə əsasən ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə razılaşmayan iddiaçıların vəsatəti ilə məhkəmə kollegiyası qeyri-yaşayış sahəsinə ekspertin və tərəflərin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ekspertiza rəyində görülməsi zəruri olan işlərin siyahısında göstərilən (avtomatik qapı işlək vəziyyətdə olmuş, sanitar qovşaq təmir edilmiş vəziyyətdə olmuş, bərpası nəzərdə tutulan mozaika tavanın hissələri qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilmişdir, obyektdə heç bir dəmir konstruksiya quraşdırılmamışdır) hallar mövcud olmamışdır. Ekspert bu iradlarla razılaşmış və rəy verilərkən həmin halları tam muayinə etmədiyini etiraf etmişdir. Bundan əlavə, mubahisəli obyektin icarədən əvvəlki vəziyyətini təsdiq edən sənədlər və sairə ekspertə təqdim edilmədiyi halda, obyektin əvvəlki vəziyyətinin bərpası üçün çəkilməli olan xərclərin müəyyən edilməsinin mümkünsüzlüyünü qeyd edərək, məhkəmə kollegiyası hesab edir ki, bu barədə olan ekspertiza rəyi qarşılıqlı iddianın təmin edilməsi üçün sübut kimi qəbul edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, qarşılıqlı iddianın vurulmuş ziyana dair hissəsi təmin edilməməlidir. Qarşılıqlı iddianın 1200 manat icarə haqqının tələbinə dair olan hissəsi də məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bu hissədə də iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın əldən çıxmış faydanın tələbinə dair hissəsini qismən təmin edib İddiaçı və X8 5600 manat tutarkən də düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə də qarşılıqlı iddia əsaslı deyildir. Belə ki, iş materiallarından görünür ki, 2017-ci ilin iyun ayından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı icarə sahəsindən məhkəmə qaydasında çıxarmış və həmin vaxtdan bu günə kimi də qeyri yaşayış sahəsinin sərəncam hüququ onda olmuş və onun həmin sahəni yenidən icarəyə vermək və fayda götürmək hüququnu heç kim məhdudlaşdırmamışdır. Bu halda, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əldən çıxmış faydanı tələb etməkdə haqlı olmamış, qarşılıqlı iddianın bu hissəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 705.1-ci maddəsinə görə əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilməli, həmin hissələrdə qarşılıqlı iddia təmin edilməməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X10 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-141/2018 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissələrində ləğv edilsin, həmin hissələrdə qarşılıqlı iddia təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Fuad Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-17/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-17/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver