Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-170/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının, iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 və cavabdehlər Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-178/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-178/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı X3 açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X5 və X8 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 27 dekabr 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 27 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 11316,29 manat əsas borc, 1101,92 manat faiz borcu və 105,32 manat cərimə borcu olmaqla, cəmi 12523,53 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhər, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 71,2 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzilinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 71,2 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzilinin açıq hərracdan satılması və borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq Cavabdeh1 120 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı X3 açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 cəmiyyətinin xeyrinə 2016-cı il 27 dekabr tarixli kredit müqaviləsi üzrə 11316,29 manat əsas borc, 1101,92 manat faiz borcu və 105,32 manat cərimə borcu olmaqla, ümumilikdə 12523,53 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 71,2 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzilinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 71,2 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" X3 açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 71,2 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X4 və X6 Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 71,2 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X4 və X6 həmin fərdi yaşayış evindən çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, "xxxx" X3 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı X3 açıq səhmdar cəmiyyətinin "Sumqayıt" filialından illik 25%-lə 36 ay müddətinə 11000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 27.12.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 8742,17 ABŞ dolları Mərkəzi Bankın 27.12.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 15405,45 manat təşkil etmiş, kreditin müddəti 27.04.2021-ci il tarixədək təyin edilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 71.2 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzili 2015-ci il 17 sentyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 17 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən kreditor hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-ci il iyulun 19-dək Cavabdeh1 2016-cı il 27 dekabr tarixli kredit müqaviləsi üzrə banka 11316,29 manat əsas, 1101,92 manat faiz, 105,32 manat cərimə borcu olmaqla, ümumilikdə 12523,53 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh1 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, X9 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməli, qətnamə cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 17 sentyabr 2015-ci il tarixli, 4-G1-1-0-553-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı X3 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25% ödəmək şərti ilə, 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı X3 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı X3 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli, 4-G1-1-0-553-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin ümumi sahəsi 71.2 kv.metr olan 6 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş və ipoteka predmeti 60000 manat qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 6 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 14 sentyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 274 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 6 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsi 19 sentyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 274 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 17 sentyabr 2015-ci il tarixli, 4-G1-1-0-553-15 saylı kredit müqaviləsinə 27 dekabr 2016-cı il tarixli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği 8742,17 ABŞ dolları Mərkəzi Bankın 27.12.2016-cı il tarixə olan məzənnəsi ilə (və ya bankın müəyyən etdiyi məzənnə ilə) konvertasiya edilməklə 15405,45 manat təşkil etmiş, kreditin müddəti 69 ay, illik faiz dərəcəsi 24 faiz müəyyən edilmişdir. İş materiallarından görünür ki, 17 sentyabr 2015-ci il tarixli, 4-G1-1-0-553-15 saylı kredit müqaviləsinə 27 dekabr 2016-cı il tarixli əlavə sazişlə əlaqədar olaraq İddiaçı X3 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında 17 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə 27 dekabr 2016-cı il tarixli əlavə saziş bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 6 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinin əlavə qeydiyyatı 30 dekabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 274 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı X3 açıq səhmdar cəmiyyətinin 19.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, 27 dekabr 2016-cı il tarixli əlavə saziş üzrə Cavabdeh1 oğlunun 19 iyul 2019-cu il tarixə əsas borcu 11316,29 manat, faiz borcu 1101,92 manat, cərimə borcu 105,32 manat, cəmi borcu 12523,53 manat təşkil edir. İş materiallarında olan İddiaçı X3 açıq səhmdar cəmiyyətinin 20 iyun 2019-cu il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmət portalından çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 6 nömrəli mənzilinə tutmanın yönəldilməsinə dair bildiriş 05.07.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan “FAME-PRO” məhdud məsuliyyətli cəmiyyətinin 01/666 saylı, 30 oktyabr 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 6 nömrəli mənzilinin bazar dəyəri 62.000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 29906 saylı, 05 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, hesabdan çıxarışlardan və 27.12.2016-cı il tarixli kredit müqaviləsinə əlavə sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh1 16.08.2019-cu il tarixə banka olan əsas borcu 11316,29 manat, faiz borcu 1482,45 manat müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29.09.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 6 nömrəli mənzilinin 29.09.2021-ci il tarixə bazar dəyəri 65000 manat, likvid dəyəri 60000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, 17 sentyabr 2015-ci il tarixli, 4-G1-1-0- 553-15 saylı kredit müqaviləsinə əsasən İddiaçı X3 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 25% ödəmək şərti ilə, 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış 27 dekabr 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 27 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 11316,29 manat əsas borc, 1101,92 manat faiz borcu və 105,32 manat cərimə borcu olmaqla, cəmi 12523,53 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Sumqayıt şəhər, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 71,2 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzilinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 71,2 kv.m ümumi sahədən ibarət 6 nömrəli mənzilinin açıq hərracdan satılması və borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsi imperativ xarakter daşıyır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 29.09.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilir ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 6 nömrəli mənzilinin 29.09.2021-ci il tarixə bazar dəyəri 65000 manat, likvid dəyəri 60000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 6 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiyməti 60000 manat müəyyən edilməlidir. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə qətnaməsindən apellyasiya şikayətləri verməmiş, qətnaməni mübahisələndirməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməli, qətnamə cavabdehin apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(060)-178/2020 saylı qətnaməsinə dəyişiklik edilsin. İpoteka predmeti olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 1 nömrəli evin 6 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilsin. Qətnamə Cavabdeh1 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-170/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-170/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver