Məhkəmə qərarları › İş №2(105)-170/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-170/2023

15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-170/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(060)-3805/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddianın qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3563/2019 nömrəli 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, 30 yanvar 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 160 (yüz altmış) manat məbləğində sabit pul şəkilində aliment tutularaq, İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi, Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya prosesində iştirak üçün ödənilmiş pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 39,20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3563/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi, mediasiya üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Məcidova (Bayramova) Gülnar Seyidağa qızı xx.xx.2016-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları xx.xx.2018-ci il təvəllüdlü X6 var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3250/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X3 iddiaçının yanında qalmasının müəyyən olunması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5399/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5399/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3563/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-5399/2019 nömrəli qətnaməsi ilə mübahisələndirilən hissədə - aliment məbləğinin 100 manat müəyyən edilməsi hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə 120 manat aliment tutulması qərara alınmışdır. İddiaçı 120 manat məbləğində aliment ilə qızını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. İddiaçı hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2022-ci il respublikamızda uşaqlar üçün yaşayış minumunun 193 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə iddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3563/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya verilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Lakin məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmişdir. Məhkəmə qətnaməsi qanunvericiliyi səhv tətbiq edilməklə və lazımi əsaslandırılmadan qəbul edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 120 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ikinci dəfə ailə həyatı qurmuşdur. O, azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X4 uzun müddətdir ki, görmür. Həmçinin, anası və atası da onun himayəsindədirlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi, onun apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni uşaqların mənafelərini, onların əvvəlki təminat səviyyəsini, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişikliyin olmamasını, cavabdehin digər nikahdan da bir azyaşlı uşağının olmasını, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan tərəflər qətnamədən apellyasiya şikayəti verərək, iddiaçı iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin hər iki tərəfin mübahisələndirdiklərini nəzərə alaraq hesab edir ki, qətnaməyə bütövlükdə baxılaraq hüquqi qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşaqların marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübutetmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladının saxlanılması üçün müəyyən edilən alimentin məbləği Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin maddi və ailə vəziyyəti nəzərə alınaraq, alimentin məbləği 160 manata qədər artırılmış, lakin iddiaçı bu nəticədən narazı qalaraq qətnaməni mübahisələndirmişdir. Həmin qətnamənin çıxarıldığı vaxtdan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il müddətə ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasına, yəni bu alimentin miqdarının tələb olunan məbləğdə artırılması üçün Cavabdeh maddi vəziyyətində əsaslı dəyişiklik olmamış, yəni onun gəlirləri artmamışdır. İddiaçı cavabdehin maddi vəziyyətindəki dəyişiklə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin Cavabdeh apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. Cavabdeh övladının saxlanılması üçün müəyyən edilmiş hər ay 160 manat məbləğində alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin azaldılması uşağın mənafeyinə uyğun olmamaqla onun təminatlarının azaldılmasını qaçılmaz edəcəkdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizədən ibarət olduğundan, əsaslı sayıla bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hər ay 160 (yüz iyirmi) manat miqdarda alimentin məbləğinin artırılaraq 193 (yüz doxsan üç) manat tutulması təşkil edir (193-160)=33 manat. Həmin artımın bir il ərzində məcmusu isə (33 x 12 ay = 396 manat) 396 manat edir. Cavabdeh isə müəyyən edilmiş 160 (yüz altmış) manat məbləğində alimentin əvvəlki məbləğdə, yəni 120 manat məbləğində tutulmasını xahiş edir (160-120)=40 manat. Həmin fərqin bir il ərzində məcmusu isə (40 x 12 ay = 480 manat) 480 manat edir. Hər iki tərəfin tələb etdiyi məbləğ 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar