Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1700/2022 22.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)-224/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 70.000 (yetmiş min) manat məbləğində dəymiş zərərin və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci ildə ondan iş görmək bəhanəsi ilə hissə-hissə 100.000 (yüz min) manat alımışdır. Sonradan iş görülməmiş və həmin puldan 15.000 (on beş min) manat geri ödənilimiş, qalan məbləğ qaytarılmamışdır. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmuşdur. Cavabdehin nümayəndəsi X2 etirazda göstərmişdir ki, cavabdeh onun oğludur. Tərəflər arasında işgüzar münsibətlər olmuşdur. Bu münasibətlər çərçivəsində oğlu Vüqar, iddiaçı Namiqdən faizə pul götürmüş və aldığı pulu faizi ilə bərabər geri qaytarmışdır. Geri qaytarılan məbləğlərin təxminən 10.000 manat hissəsi onun vəsaiti hesabına, Bakı şəhərində yerləşən İçəri Şəhər metrostansiyasının və Bibiheybət məscidinin qabağında ödənilmişdir. İddiaçıya ən son olaraq oğlunun 3.000 manat faiz borcu qaldığını bildirmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində oğluna 100.000 manat borc pul verdiyini və həmin məbləğin 15.000 manat hissəsinin qaytarıldığına dair heç bir sübut təqdim edilmədiyini göstərmişdir. İddia ərizəsi yalnız Binəqədi Rayon Polis İdarəsinin 6-ci PB-si tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarına istinad edilmişdir. İddiaçı 100.000 manat borc pul verdiyini göstərdiyi halda, sual doğurur ki, hansı səbəbə tələbində 60.000-70.000 manat pul tələb etməkdədir. Qeyd olunanlardan göründüyü kimi iddia tələbi əsassızdır. Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)-224/2022 nömrəli qətnaməsi ilə (hakim Vladimir Ruvinov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 3000 (üç min) manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-ci PB-si tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında Cavabdeh izahatında göstərmişdir ki, şərikli iş görmələri üçün İddiaçı hissə-hissə 60.000- 70.000 manat pul almışdır. Daha sonra həmin pulu faizi ilə birlikdə qaytarmış və hazırda iddiaçıya 3000 manat faizdən borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. 739, 740, 882-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 76, 77, 106, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)-224/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlili: Cavabdeh ondan 2018-ci ildə 100.000 (yüz min) manat pulu iş görmək bəhanəsilə hissə-hissə almışdır. Sonradan iş görülməmiş və həmin puldan 15.000 (on beş min) manat geri ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Bununla bağlı tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət verilmiş, müraciəti əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, ondan həqiqətən pul almış və hazırda ona 70.000 (yetmiş min) manat borclu olmasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin qərarına əsasən iddia ərizəsini tam təmin etməli olduğu halda qismən təmin etmişdir. Bundan başqa məhkəmə prosesi zamanı tərəflər arasında olan telefon danışıqları və smsləri sübut kimi qəbul etməkdən imtina etmişdir. Halbuki sübut növü olaraq onlar da qəbul edilməli idi. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçının müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, şərikli iş görmələri üçün İddiaçı hissə-hissə 60.000-70.000 manat pul almışdır. Həmin borcu faizi ilə birlikdə sonradan qaytarmış və hazırda iddiaçıya 3000 manat faizdən borcu qalmışdır. Cavabdehin nümayəndəsi X2 məhkəmə kollegiyası iclasında izahat verərək göstərdi ki, həqiqətən də oğlu Cavabdeh 2021-ci ildə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 67.000 manat məbləğində pul vəsaitini iş görmək üçün iddiaçı Namiq Baxşıyevdən almış və sonradan həmin pul vəsaitini qaytarıb vermişdir. Hazırda iddiaşıya borcu yoxdur. Cavabdeh 2021-ci ildə hissə-hissə iddiaçı Namiq Baxşıyevdən 67.000 manat məbləğində borc pul alması işin mübahisəsiz halıdır. Cavabdeh 67.000 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılmasını təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş və həmin halı sübuta yetirə bilməmişdir. İddiaçı tələb etdiyi 70.000 manat pul vəsaitinin 67.000 manat hissəsini sübuta yetirdiyi halda, qalan 3.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsini başqa sübutlarla təsdiq edə bilməmiş, bu barədə hər hansı mötəbər bir sübut təqdim olunmamış və iş materiallarında mövcud deyildir. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsinin - «Cavabdeh 3.000 manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin» hissəsini mübahisələndirməmişdir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən ağaışdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarının yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələdirilən hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apellyasiya şikayəti qismən qanuni və əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, qətnamə- «Cavabdeh 3.000 manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin» hissəsində dəyişdirilməsən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)-224/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 64.000 (altmış dörd min) manat məbləğində pul tutulub İddiaçı verilsin. Qətnamə- «Cavabdeh 3.000 manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin» hissəsində dəyişdirilməsən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1700/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1700/2022
22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver