Məhkəmə qərarları › İş №2(105)-1702/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1702/2022

07.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1702/2022 07.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(074)-367/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(074)-760/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və Cavabdeh qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq 15 iyun 2009-cu il təvəllüdlü X5, 10 oktyabr 2010-cu il təvəllüdlü X2 və 02 fevral 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 330 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 sentyabr 2013-cü il tarixdən başlayaraq 15 iyun 2009-cu il tarixdə doğulmuş X9, 10 oktyabr 2010-cu il tarixdə doğulmuş X6 və 02 fevral 2012-ci il tarixdə doğulmuş X7 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 93 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi barədə Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, hər ay cavabdehdən bir uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul şəklində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsinə əsasən Cavabdeh 30 sentyabr 2013cü il tarixdən başlayaraq 15 iyun 2009-cu il tarixdə doğulmuş X9, 10 oktyabr 2010-cu il tarixdə doğulmuş X8 və 02 fevral 2012-ci il tarixdə doğulmuş X7 adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa 93 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)- 760/2013 saylı qətnaməsi qanuni qüvvəsini almış, həmin qətnamə üzrə icra vərəqəsi 19 dekabr 2013-cü tarixdə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icraatna daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında mövcud olmuş nikah pozulmuşdur. Cavabdehlə ayrıldıqdan sonra o, uşaqları ilə maraqlanmamış, uşaqlarının saxlanılması üçün heç bir maddi kömək etməmişdir. Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixli 2(074)-760/2013 saylı qətnaməsinə əsasən təyin olunmuş alimenti ödəməmişdir. Cavabdeh Rusiya Federasiyası ərazisində kommersiya fəaliyyəti ilə məşğuldur. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Onun yeganə gəliri dövlət tərəfindən ona ayrılmış sosial yardımdır. Digər gəliri yoxdur. Azyaşlı uşaqların üçü də məktəbdə təhsil alır, ona görə də məsrəflər (geyim, yemək, dərs ləvazimatları, müalicə xərcləri və s.) həddindən artıq artmışdır. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmamış hissəsi ləğv edilərək Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ay Cavabdeh 15 iyun 2009-cu il təvəllüdlü X5, 10 oktyabr 2010-cu il təvəllüdlü X2 və 02 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul şəklində aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə hazırkı qətnaməni çıxararkən işin bütün faktiki hallarını araşdırmamış, üç azyaşlı qız uşağın istər ərzaq təminatı, istərsə geyim, dərs ləvazimatları ilə təmin olunmama səbəbini araşdırmamış, uşaqların eyni vaxtda, eyni yemək yemələrinə baxmayaraq birinin doymadığı halda digər bacılarına daha çox yemək verildiyi düşüncəsi ilə hər gün psixoloji sarsıntı keçirmələrinə qiymət verməmiş, öz qətnaməsi ilə bu təminatsızlığa rəvac vermişdir. Uşaqlardan birinin nitq və qavrama sahəsində qüsurlu olduğu üçün əvvəllər mütamadi olaraq (birgə yaşadığı dövrdə) müalicə almışdır. Hazırkı vəziyyətdə hər hansı bir müalicəyə aparmaq, davadərman almaq kimi imkanı olmadığı üçün uşağı müalicə etdirə bilməməyinə, uşağın xəstəliyinin daha da inkişaf etməsinə əhəmiyyət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaşı artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 15 iyun 2009-cu il təvəllüdlü X9, 10 oktyabr 2010-cu il təvəllüdlü X8 və 02 fevral 2012-ci il təvəllüdlü X1 üçün Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixdə müəyyən edilmiş alimentin miqdarı hər ay hər uşağa 93 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan doqquz ilə yaxın müddətin keçməsi nəzərə alınarsa, iddia tələbi alimentin artırılmasını qaçılmaz edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, alimentin artırılması ilə bağlı aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, lakin artırılmış aliment məbləği uşaqların mənafeyinə və onların saxlanılmaları üçün yetərli hesab oluna bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 15 iyun 2009-cu il təvəllüdlü X9, 10 oktyabr 2010-cu il təvəllüdlü X8 və 02 fevral 2012-ci il təvəllüdlü X1 üçün Şamaxı Rayon Məhkəməsinin 30 oktyabr 2013-cü il tarixdə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək sabit pul məbləğində hər ay hər uşağa 130 (yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat məbləğində müəyyən edilməli və həmin məbləğ Cavabdeh tutulmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli ailə hüquq münasibətinə tətbiq edib, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat olmaqla, 579 (beş yüz yetmiş doqquz) manat məbləğində alimentin tutulması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləği hər ay hər uşaq üçün 110 (yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat məbləğində aliment müəyyən edilmişdir. Həmin məbləğin bir il ərzində məcmusu isə (579-330=249 x 12 ay = 2988 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 15 iyun 2009-cu il təvəllüdlü X9, 10 oktyabr 2010-cu il təvəllüdlü X8 və 02 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 390 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar