Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1709/2022 17.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daimi istifadədə olan boruya mülkiyyət hüqunun tanınması, həmin boruya digər şəxslər tərəfindən müdaxilələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(027)-983/2020 nömrəli qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 sahibliyində olan Quba rayonu, İİ Nügədi Savxozu AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı ilə İİ Nügədi kəndinin “palasa” adlanan sahəsindəki özəl torpaqlarının əkinçilik və bağçılıqla məşğul olmaqları ilə əlaqədar olaraq Qaraçayın “maday” adlanan bəndindən təsərrüfatlarına qədər təxminən 8.0 km uzunluğunda olan 500.00 mm boruya cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Quba Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(027)-983/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 həmin qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(027)-983/2020 saylı qərardadından iş üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməsi, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İİ Nügədi Savxozu AİK-nın xx.xx.1998-ci il tarixli, 69 saylı qərarı ilə İİ Nügədi kəndinin “palasa” adlanan sahəsindəki özəl torpaqlarının əkinçilik və bağçılıqla məşğul olmaqları ilə əlaqədar olaraq Qaraçayın “maday” adlanan bəndindən təsərrüfatlarına qədər təxminən 8.0 km uzunluğunda olan 500.00 mm boruya mülkiyyət hüquqlarının tanınması və boruya kənar müdaxilələrin aradan qaldırılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Quba Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Apellyasiya şikayətinin qaytarılmasının əsası kimi həmin qətnamənin Cavabdeh1 alması və bu barədə 12 sentyabr 2020-ci il tarixli məktubunun olması qeyd edilmişdir. Həmin halla bağlı qeyd etmişdir ki, qətnamədən şikayət qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra bir ay müddətində verilə bilər. Qətnamənin rəsmi qaydada verilməsi dedikdə isə həmin qətnamə rəsmi qaydada sifarişli poçt məktubu ilə göndərilməsi nəzərdə tutulur ki, cavabdeh həmin poçt göndərişini rəsmi qaydada imza edib almalıdır. Belə bir hal isə baş verməmiş, cavabdeh qətnaməni 2020-ci ildə almamışdır. O, yalnız qətnamənin mövcudluğundan bu il məlumat aldıqdan sonra məhkəməyə 25 aprel 2022-ci il tarixli ərizə ilə müraciət etmiş, 26 aprel 2022-ci il tarixdə rəsmi qaydada almış və həmin qətnamədən də müddət keçmədən apelıyasiya şikayətini vermişdir. Əgər o, qətnaməni rəsmi qaydada 2020-ci il alsaydı onda ona həmin qətnaməni verilməzdi, Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanuna əsasən qətnamənin təkrar olaraq verilməsi üçün dövlət rüsumunu ödəməyi bildirilmiş olardı. Göründüyü kimi həmin qətnamə ona 2020-ci il tarixdə verilməmiş, həmin qətnamənin onun rəsmi qaydada alması ilə bağlı xəbərnamə yoxdur. O, qətnamənin 2022ci ilin aprel ayının 26 almış və bir ay ötmədən apelyasiya şikayəti vermişdir. Ötürmədiyi halda müddətin bərpası barədə ərizə verməyi onun hüquqlarının kobud surətdə pozulmasıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxması və apellyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, mübahisələndirilən məhkəmə qətnaməsi xx.xx.2020-ci ildə cavabdehin yaşayış yeri üzrə ünvana göndərilmiş, təkrarən isə 28 mart 2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Qanunun tələbinə görə cavabdeh tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti həmin vaxtdan hesablanmaqla bir ay müddətində verilə bilər. Lakin cavabdeh bu hüquqi imkandan istifadə etməyərək qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti verilmə müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (Mülki Prosessual Məcəllənin 129.1., 129.3. maddələri). Mülki Prosessual Məcəllənin 133.1. maddəsi maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2008-ci il tarixli qərarı). “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir ("xxxx" ASC-nin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2006-cı il tarixli qərarı). Bu mənada məhkəmə kollegiyası Cavabdeh1 prosessual müddətin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh1 tərəfindən 22 iyul 2020-ci il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual müddəti üzrlü səbəb olmadan buraxdığından, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh1 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli və onunla bağlı 21 iyun 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1709/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1709/2022
17.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver