Məhkəmə qərarları › İş №2(105)-171/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-171/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-171/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə Şuşa Rayon Məhkəməsinin 2(077)- 203/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 488 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə illik 22% hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, 453 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək 1015 manat məbləği istifadə etmiş, həmin məbləğdən 15 manat əsas borcdan ödəmiş və hazırda 1000 manat ödənilməmiş borc, 205,95 manat faiz borcu və 381,81 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu (5%) vardır. Göstərilən vaxtadək 587,76 manat faiz borcundan və 294,24 manat cərimə borcundan ödəniş edilmişdir.

3. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh əmək haqqından xx.xx.2022-ci il tarixdə 532 manat və xx.xx.2022-ci il tarixdə 350 manat məbləğində pul tutulub kredit borcuna ödənilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 9/9343 nömrəli rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli, 488 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh İddiaçı ASC-yə 20 aprel 2022-ci il tarixə 712,66 manat əsas, 1,58 manat faiz borcu (5%-lə hesablanmaqla) borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1000 (bir min) manat əsas, 323,84 (üç yüz iyirmi üç manat səksən dörd qəpik) manat faiz borcu, 240,87 (iki yüz qırx manat səksən yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 1564,71 (bir min beş yüz altmış dörd manat yetmiş bir qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı ASC-nin nümayəndəsi “iddia tələbinin həcminin dəyişdirilməsinə” dair ərizə verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1000 (bir min) manat əsas borc, 205,95 (iki yüz beş manat doxsan beş qəpik) manat faiz borcu, gecikdirilmiş vaxt üçün (5%) 381,81 (üç yüz səksən bir manat səksən bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1587,76 (bir min beş yüz səksən yeddi manat yetmiş altı qəpik) manat borcun, məhkəmə rüsumu kimi ödənilmiş 38,93 (otuz səkkiz manat doxsan üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 488 saylı kredit müqaviləsinə cavabdehə 12 ay müddətinə illik 22% ödəmək şərtilə “Visa Classic” plastik karta görə 1000 manat məbləğində kredit limiti açılmışdır. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğu halda, Cavabdeh kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır.Cavabdehə borcunu vaxtında qaytarılması barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənilməsi təmin edilməmişdir. Hazırda Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 1000 manat əsas, 205,95 manat faiz borcu və 381,81 manat gecikdirilmiş vaxt üçün hesablanmış (5%) faiz borcu vardır.

8. Şuşa Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) 14 iyul 2022-ci il tarixli, 2(077)-203/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 564,82 (beş yüz altmış dörd manat səksən iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 488 saylı kredit müqaviləsinə əsasən bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) 12 ay müddətinə illik 22% olmaqla 1000 məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş,ona görə də, bank Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə məhkəmə əmrinə dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5402\2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh 1000 manat əsas borc,323,84 manat faiz borcu və 240,87 manat cərimə borcu olmaqla,cəmi 1564,71 manat borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi əmr edilmiş və məhkəmə əmri icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə əmrinin ləğv edilməklə iddia icraatına keçirilməsinə xahiş etmişdir.Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia icraatına keçirilməsinə dair ərizəyə baxılarkən Cavabdeh Şuşa rayonunda qeydiyyatda olduğu müəyyən edilmiş və iş baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh əmək haqqından xx.xx.2022-ci il tarixdə 532 manat və xx.xx.2022-ci il tarixdə 350 manat olmaqla,cəmi 882 manat məbləğində borc məhkəmə əmri əsasında tutulmuşdur.Məhkəmə qeyd edir ki,ilkin iddia tələbində iddiaçı cavabdehdən 1000 manat əsas borc,323,84 manat faiz borcu və 240,87 manat cərimə borcu tutulmasını tələb etsə də,cavabdehin əmək haqqından tutulmalar 587,76 manat faiz borcuna və 294,24 manat isə cərimə borcuna silinmiş,yəni iddiaçı məhkəmə əmrindən kənara çıxaraq qeyd edilən məbləğləri əsassız olaraq faiz və cərimə borcuna silmişdir.Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə əmri əsasında cavabdehin əmək haqqından tutulan 532 manat məbləğində pul onun banka olan müqavilə müddəti üçün hesablanan 205,95 manat faiz borcundan silinməli (532- 205,95=326,05),digər tutma məbləği olan 350 manat isə ilkin ərizədə qeyd edilən 240,87 manat cərimə borcundan silinməlidir (350-240,87=109,13). Qeyd edilən məbləğlərdən qalan (326,05+109,13=435,18) 435,18 manat isə cavabdehin əsas borcundan (1000- 435,18=564,82) çıxılaraq əsas borc 564,82 manat məbləğində müəyyən edilməlidir.

11. Məhkəmə gecikdirilmiş vaxt üçün 5% hesablanmış faiz borcu məbləğinin tutulması hissəsinə gəldikdə hesab etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin məhkəmə əmri 2015-ci ildə qəbul edilmiş və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Lakin iddiaçı bu müddətdə ərzində məhkəmə əmrinin icra edilməsi üçün hər hansı hərəkət etməmiş, ona görə də, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% hesablanmış faiz borcunun tutulması hissəsində iddia tələbinin rədd olunmasını məqsədəuyğun hesab edir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı ASC apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(077)-203/2022 nömrəli qətnaməsi qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmiş faiz borcunu əsas tutaraq, ödənilmiş 882 manat məbləğində puldan maliyyə arayışında qeyd edilən 205,95 manat məbləğini çıxmışdır. Bundan başqa cərimə məbləğinə gəldikdə, məhkəmə əmrində qeyd edilən 240,87 manat cərimə borcunu əsas tutaraq ödənilmiş puldan çıxmışdır. Mülki Məcəllənin müvafiq maddəsinə və müqavilənin 6.4-cü bəndinə əsasən borc alan tərəfindən ödənilən məbləğ ilk növbədə kredit üzrə hesablanan faizlərin, qalan hissəsi isə kredit məbləğinin ödənilməsinə yönəldilir. Beləliklə, müqavilənin 6.4-cü bəndi nəzərə alınmaqla, ödənilmiş borcun silinmə qaydası xüsusi biliyə malik olan ekspertlər tərəfindən müəyyən edilməli halda, bu vəzifə məhkəmə tərəfindən icra edilmişdir. Digər məsələ müqavilə bitdikdən sonra gecikdirilmiş borcun ödənilməsi üçün hesablanmış 5 faizlə hesablanan faiz məbləğinin əsassız təmin edilməməsidir. Belə ki, qətnamədə iddiaçı tərəfindən bugünki günə kimi müvafiq tədbirlərin görülmədiyi qeyd edilir. Halbuki məhkəmə qərarının icrası zamanı müvafiq sorğular verilmişdir. Sorğular nəticəsində cavabehin işlədiyi müəyyən edilmiş, icra sənədi üzrə borc məbləği cavabdehin aylıq qazancının 50 faizi həcmində tutularaq iddiaçının hesabına ödənilməsi üçün müraciət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Plenumunun qərarını və müqavilənin 8.2-ci maddəsini nəzərə almamış və yekun qərar qəbul etmişdir. Müqavilənin 8.2-ci maddəsinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə borc alan borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsinə əlavə borc verən tərəfindən müəyyən edilmiş faizlə cərimə faizləri ödəməlidir. Nəticədə, məhkəmə tərəflər arasında bağlanılmış müqavilənin müddəaları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Yuxarıda sadalanan halları nəzərə alınaraq qətnamə cavabdehdən borcun tutulması hissəsində dəyişdirilməli və məbləğin hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizaya təyin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci insatansiya məhkəməsi ekspert rəyi ilə müəyyən olunmalı olan halı özü tərəfindən icra edərək, sonda qeyrimüəyyən qərar qəbul etmişdir. Ona görə də ekspertizanın rəyi də nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 099 838 10 20 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

18. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 421.2-ci maddəsinə görə tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

21. Mülki Prosessual Məcəllənin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0 və 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsinə münasibətdə mübahisələndirmişdir.

23. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Apellyasiya şikayəti qətnamənin iddianın təmin olunmayan hissəsinə münasibətdə ləğvinə və tam təmininə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, əsas borc və illik 5% məbləğinə münasibətdə dəyişdirilməlidir.

26. Hazırki iddia tələbindən görünür ki, iddiaçının tələbi xx.xx.2013-cü il tarixli, 488 saylı kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas və illik 5%) cavabdehdən alınması barədədir.

27. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 488 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 12 ay müddətinə illik 22% ödəmək şərtilə “Visa Classic” plastik karta görə 1000 manat məbləğində kredit limiti açılmışdır. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməyi öhdəsinə götürmüşdür.

28. Kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyinə görə Bank tərəfindən cavabehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.

29. İşin müəyyən edilmiş hallarından göründüyü iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitlərini cavabdehə vermişdir. Lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.

30. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

31. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır.

32. Göründüyü kimi cavabdeh iddiaçı ilə qeyd olunan müqaviləni könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil edir, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də qaytarmaq hüququ vardır.

33. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya mövcud borcun düzgün hesablanıb-hesablanmaması barədə məhkəmə-mühasibastlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2023-cü il tarixli, 9/9343 nömrəli rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli, 488 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh İddiaçı ASC-yə 20 aprel 2022-ci il tarixə 712,66 manat əsas, 1,58 manat faiz borcu (5%-lə hesablanmaqla) borcu vardır.

34. Kollegiya təqdim olunmuş sübutları məcmu halda qiymətləndirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olduğundan kredit müqaviləsi üzrə əsas borc və illik 5% məbləği hissəsində qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, ekspert rəyindən müəyyən edilir ki, cavabdehin müqavilə müddətinin sonuna əsas borc üzrə 712,66 manat, 1,58 manat faiz borcu (5%-lə hesablanmaqla) qalmışdır.

35. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi qeyd olunan hissələrdə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

36. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 2(077)-203/2022 nömrəli, 14 iyul 2022-ci il tarixli qətnaməsi əsas borc və illik 5% məbləği hissəsində dəyişdirilməlidir.

37. Hazırki iddia məbləği 5000 manat məbləğindən azdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(077)- 203/2022 nömrəli qətnaməsi 564,82 manat əsas borca və illik 5% məbləği hissəsinə münasibətdə dəyişdirilsin. Cavabdeh 712,66 manat əsas borc və 1,58 manat faiz borcu (5%-lə hesablanmaqla) İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar