Məhkəmə qərarları › İş №2(105)-1715/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1715/2025

14.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1715/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X14 qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1233/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şamaxı Rayon Məhkəməsinin 1(074)-52/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 1(074)-31/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2(iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 5 (beş) ay 8 (səkkiz) gün hissəsi hazırki hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına qismən birləşdirilməklə, ona 3 (üç) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Cavabdeh 09 fevral 2024-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 21 fevral 2024-cü il tarixdən 15 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 2 (iki) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 5 (beş) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 8 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, cəzanın icrasının Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, cəzasının əvvəllinin hökmün elan olunduğu andan, yəni 23 oktyabr 2024-cü il tarixdən hesablanması, Cavabdeh üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, iş üzrə maddi sübut beş litr su tutumlu 01 (bir) ədəd samovar, üç litr su tutumlu 01 (bir) ədəd samovar, iki litr su tutumlu 01 (bir) ədəd samovar, 50 (əlli) ədəd kabab şişləri və 01 (bir) ədəd “Super power-SP12500 dx” markalı Gasoline generatorunun zərərçəkmiş şəxs X9 qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pulun X8 və Cavabdeh müştərək qaydada tutulub X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməsi, fərdi qaydada fəaliyyət göstərən vəkillər X6 təqsirləndirlən şəxs X4 dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pulun, X2 təqsirləndirlən şəxs Cavabdeh dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin böyük icra məmuru Nümayəndə xx.xx.2025-ci il tarixli “azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması” barədə protokola əsasən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edilmiş Cavabdeh elektron qurğularını yoxlayan zaman elektron qolbağını açdığını və sonradan yapışqan ilə bağladığı tərəfindən müəyyən edilib.

3. "xxxx" QSC-nin arayışından görünür ki, “ATTENTİ” markalı mobil nəzarət qurğusu, xüsusi proqram təminatı ilə birlikdə qiyməti 2277,40 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat vəsaitin Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin X5ndəki müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)- 52/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. Hökmün icrası barədə göstəriş xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə “Attenti” markalı 35639754 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq ona işlək vəziyyətdə təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddət ərzində həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə icra məmuru tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş “Attenti” markalı 35639754 nömrəli mobil nəzarət qurğusunu nasaz vəziyyətə saldığından qurğusu təhvil alınmışdır və izahatında mobil nəzarət vasitəsini biləbilə nasaz vəziyyətə saldığını, elektron qolbağın qoruyucu kəməri (klipsi) bilə-bilə açdığını, sonradan yapışkan (super kley) ilə bağladığını etiraf etmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Məhkum Cavabdeh izahatı alınarkən elektron nəzarət vasitəsinin dəyərinin 2277,40 manat məbləğində pulun (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) müvafiq bank hesabına ödənilməsi təklif olunsa da, hazıradək vurulmuş zərərin imkanı olmadığından ödəyə bilməyəcəyini bildirmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş (və ya itirilmiş) və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir.

6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatına bildirmişdir ki, elektron nəzarət vasitəsi ondan asılı olmayan səbəbdən yarasız vəziyyətə düşüb. Belə ki, o, yaşadığı kənddən Şamaxı şəhərinə gəlmək üçün çaydan keçəməlidir. Həmin vaxt çayda su çox olmuş və qurğu çaydan keçərkən yararsız vəziyyətə düşmüş və bunu icra məmuruna bildirib.

7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1233/2025 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia təmin edilmiş, Cavabdeh 2277,40 manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X5ndə müvafiq hesabına (X5 Kod:210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ50CTRE********************, VÖEN **********, Büdcə təsnifat kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) köçürülməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 1(074)-31/2022 nömrəli, 02 mart 2022-ci il tarixli hökmünün icrası ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata götürülərək böyük icra məmuru Nümayəndə və məhkumun özünün iştirakı ilə məhkuma 1 ədəd “ATTENTİ” markalı elektron nəzarət komplekti: 1 ədəd sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektrik adapteri, proqram lisenziyası təhvil verilib və istifadə qaydaları izah olunmuşdur. Cavabdeh təhvil verilmiş ENV-ni yararsız vəziyyətə salması müəyyən edilmişdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1096, 1097.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin arayışına əsaslanıb qətnamə çıxarmışdır. Halbuki dəfələrlə həmin arayışla razı olmadığını bildirmişdir. Həmin arayışda “ATTENTİ” markalı mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə birlikdə qiyməti 2277,40 manat təşkil etdiyi göstərilmişdir. Ədliyyə Nazirliyi isə bildirir ki, o həmin qurğuya ziyan yetirmişdir. Belə olan halda həmin mobil qurğuya yetirdiyi ziyanın aradan qaldırılıb, saz vəziyyətə gətirilməsi üçün usta xərci ilə birlikdə nə qədər xərc lazım olduğu ekspert rəyi ilə müəyyən olunmalı idi. Belə olan halda bütün qurğunun proqramı ilə yenidən alınması vətəndaşı sadəcə yükləməkdən başqa bir şey deyildir. Nəzarət qurğusunun ayağa taxılan kauçuk hissəsi sınıb və ya zədələnibsə niyə görə qurğunun təzəsini və onun program təminatını almalıdır. Odur ki, mübahisəyə bu aspektdən baxıb, mobil nəzarət qurğusuna dəymiş ziyanı və ziyanın aradan qaldırılması üçün nə qədər xərc tələb olunması ilə bağlı suallar qoyub yenidən ekspertiza keçirilməsi xahiş edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)

15. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (...)

17. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur;

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi:

18. Maddə 15-2. Elektron nəzarət vasitələrinin tətbiqi xüsusiyyətləri 15-2.1. İctimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları * * müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

19. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli 144 saylı Qərarına əsasən, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı təsdiq edilmişdir.

1. Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə aşağıdakı elektron nəzarət vasitələri tətbiq edilə bilər: 1.1. elektron qolbaq – məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin ayağına bağlanılan, onun coğrafi yerdəyişməsini izləyən və məlumatı monitorinq mərkəzinə ötürən elektron cihazdır. Elektron qolbaq müstəqil və ya nəzarət qurğuları ilə kompleksdə işləyə bilər. 1.2. mobil nəzarət qurğusu – elektron qolbaqla birgə istifadə olunan, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxsin daim yanında saxlanmalı olan və qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək monitorinq mərkəzinə ötürən elektron cihazdır. 2.1. Elektron nəzarət vasitələri məhkəmənin müvafiq olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın, habelə şərti məhkum etmənin və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin təyin edilməsi barədə qanuni qüvvəyə minmiş yekun qərarı əsasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq icra məmuru (probasiya üzrə) tərəfindən tətbiq olunur. 5.1. Elektron nəzarət vasitəsi nəzarət subyektinin üzərinə bağlanılmamışdan əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalı, sanitariya normalarına uyğun işlənilməlidir. 5.2. Nasaz, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər müşahidə olunan elektron nəzarət vasitələri nəzarət subyektinin üzərinə bağlanıla bilməz. 7.5. Tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

21. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. İşin faktiki hallarından müəyyən edilmişdir ki, məhkum Cavabdeh (hazırkı iş üzrə cavabdeh) Şamaxı rayon İcra və probasiya şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatında mobil nəzarət vasitəsini bilə-bilə nasaz vəziyyətə saldığını, elektron qolbağın qoruyucu kəməri (klipsi) bilə-bilə açdığını, sonradan yapışqan (super kley) ilə bağladığını etiraf etmişdir.

30. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, işdən göründüyü kimi “ATTENTİ” markalı mobil nəzarət qurğusunun dəyəri "xxxx" QSC tərəfindən müəyyən edilmişdir. Həmin qiymətin düzgün olmaması və ya əsassızlığına dair hər hansı sübut növü təqdim edilməmişdir. Odur ki, təkrar qiymətləndirmə keçirilməsinə zərurət yoxdur.

31. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1233/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-1233/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar