Məhkəmə qərarları › İş №2(105)-1717/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1717/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1717/2024 06.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5765/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********13 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 3433.37 manat əsas və 20.14 manat faiz borcunun və ödənilmiş 54.54 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış BPM**********13 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 42 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla, 4200 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X3 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh xx.xx.2022-ci il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Miras əmlak İcbari Tibbi Sığorta X9 Tibii Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X11 xx.xx.2022-ci il tarixli, 882 saylı məktubuna əsasən, X3 adına 1450 manat pul vəsaitindən ibarətdir. Maliyyə arayışına əsasən xx.xx.2021-ci tarixli kredit müqaviləsi üzrə 3433.37 manat əsas və 20.14 manat faiz borcu qalmışdır. Cavabdeh X3 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də vəsait Banka geri qaytarılmamışdır. Yuxarıda qeyd etdiklərinə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5765/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə BPM**********13 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1450 (bir min dörd yüz əlli) manat əsas borc və ödənilmiş dövlət rüsumunun 22 (iyirmi iki) manat hissəsinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edlmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, mərhum X5 ilə iddiaçı bank arasında BPM**********13 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də borclu xx.xx.2021-ci il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır. Cavabdeh X2 miras qalmış 1450 manat pul məbləğini miras əmlak kimi qəbul etdiyindən və miras əmlakın məbləği hal-hazırda tələb edilən borc məbləğindən az olduğundan iddiaçı "xxxx" ASC ilə X5 arasında BPM**********13 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi üzrə miras qalan əmlak həcmində (1450 manat) borc borclunun hüquqi varisi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 558, 739.1, 743, 746.1,1151-ci, Mülki Prosessual Məcəllənin 77.1,119.1-ci maddələrinə istinad edərək iddianı təmin etmiş və işə MPM-nin 284-1, 284-6.1-ci maddələrinə əsasən sadələşdirilmiş icraat qaydasında baxmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

7. İddiaçı"xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5765/2024 nömrəli qətnaməsinin ləğv edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********13 nömrəli kredit müqaviləsi üzrə 3433.37 manat əsas borc, 20.14 manat ödənilməmiş faiz borcu olmaqla, cəmi 3453.51 manat borcun və ödənilmiş 54.54 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, V-518/2022 reyestr nömrəli vərəsəlik işinə əsasən vərəsə Cavabdeh “miras payın qəbul edilməsi” ərizə ilə notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Cavabdeh miras əmlakını, yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. X3 vərəsəsi Cavabdeh olduğu müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1 saylı Sumqayıt Regional ”Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən, vərəsə Cavabdeh “miras payın qəbul edilməsi” barədə ərizə ilə müraciət etmişdir. Ərizədə ondan başqa vərəsə olmadığını bildirmiş, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməldir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

İşdə olan sübutlar

10. BPM**********13 nömrəli, xx.xx.2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, X4 "xxxx" ASC tərəfindən illik 22 faiz ödənilməsi şərti ilə 42 ay müddətinə 4200 manat məbləğində kredit verilmişdir.

11. Maliyyə arayışından görünür ki, X3 "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə 3453.51 manat əsas borcu mövcuddur.

12. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdeh X3 vərəsəsi Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

13. AZ-İİ 227262 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 496 nömrə ilə qeyd edilmişdir.

14. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X3 vərəsəsi Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıt Tibb Mərkzi X11 17 may 2022-ci il tarixli 8882 nömrəli məktubuna əsasən X3 1450 manat pul məbləğindən ibarətdir

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

Apellyasiya baxışının hədləri

18. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5765/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddiaçının apellyasiya şikayəti üzrə cavabdehdən tutulan borc məbləğinə dair hissədə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iş materiallarından görünür ki, mərhum X5 ilə iddiaçı bank arasında BPM**********13 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, iddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu xx.xx.2021-ci il tarixdə ölmüş, nəticədə müqavilə üzrə öhdəliklər icra edilməmiş qalmışdır. Vərəsə Cavabdeh X2 miras qalmış 1450 manat məbləği miras əmlak kimi qəbul etmişdir.

21. Göründüyü kimi mərhum X2 cavabdehə 1450 manat miras qalmışdır ki, belə olan halda vərəsə qismində cavabdeh kredtor olan iddiaçı qarşısında ona çatan miras payı həcmində məsuliyyət daşımışdır. Buna görə də birinci instansiya məhkəməsi iddianı cavabdehə münasibətdə miras əmlakdan ona çatan pay həcmində təmin etməklə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5765/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ƏT E T D İ : İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5765/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar