Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1719/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət zamanı maneələrin aradan qaldırılması və ünsiyyət müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət zamanı maneələrin aradan qaldırılması və ünsiyyət müddətinin uzadılması tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. (hakim R.T.Həsənov) Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1874/2020 saylı iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı uşaqla ünsiyyət zamanı maneələrin aradan qaldırılması və ünsiyyət müddətinin uzaldılması tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı uşaqları - 30 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 və 23.12.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi, İddiaçı uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsinin Cavabdeh həvalə edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli, 2(102)-958/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1874/2020 saylı iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 30.10.2014-cü il tarixdə anadan olmuş X1 və 23.12.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə günü səhər 10:00-dan bazar günü saat 16:00-dək maneəsiz və sərbəst şəkildə (cavabdehin iştirakı olmadan) ünsiyyətdə olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasinın iclasında İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə iddia tələbini rədd edən zaman iş materiallarında olan fotoşəkilə istinad etmişdir. Həmin fotoşəkillə onun uşaqları ilə sərbəst və maneəsiz görüşməyini müəyyən etmək mümkün deyildir. Həmçinin görüş bir dəfə deyil, hər həftə altı və bazar günləri müəyyən edilmişdir ki, il ərzində ayları, həftələri və şənbə-bazarı nəzərə alınsa uşaqları ilə görüşəndə şəkil çəkdirə bilər və bu, uşaqları ilə maneəsiz ünsiyyətdə olmaq anlamına gələ bilməz. Məhkəmə iddia tələbini rədd edərkən Quba RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 07 yanvar 2020-ci il tarixli rəyini nəzərə almamış və ona sübut kimi istinad etməməsini əsaslandırmamışdır. Belə ki, uşaqla ünsiyyətdə olmanın, ünsiyyətdə olma vaxtının uzadılmasını və bunun mümkün olub-olmamasını, ailə şəraitlərini bu orqan müayinə edir və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrinə əsasən məhkəmə hər hansı bir sübutu əsas tutmadığı, qiymətləndirmədiyi halda, bunu əsaslandırmalıdır. Məhkəmə iddia tələbini rədd edərkən onun uşaqlarla görüşməyinin psixi cəhətdən uşaqların inkişafına mənfi təsir göstərməsi, uşaqların mənafelərinə ziddi olmasını qeyd etmiş, həmçinin cavabdehin uşaqlarla görüşməyi zamanı ona maneə yaratmasının sübut edilmədiyini qeyd etmişdir. O, uşaqların atasıdır, uşaqlarla maneəsiz görüşmək də hüququdur. Cavabdehin uşaqlarla onun görüşünə mane olması valideynlik hüququnun məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. İş materiallarına əlavə etdiyi Quba Rayon Məhkəməsinin 2(027)-2648/2019 saylı, 29.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh uşaqlarla görüş zamanı ona maneə yaratmış, avtomobilinə ziyan vurmuş, bununla bağlı iddiasına əsasən Cavabdeh “VAZ 2109” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 270 manat, qiymətləndirilməyə görə “xxxx” MMC-nin hesabına ödənilmiş 50 manat pul, 70 manat hüquqi yardım xərci və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı, 17 may 2019-cu il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(027)-1417/2017 saylı qətnaməsinə əsasən onun uşaqları 30 oktyabr 2014-cü il təvəllüdlü X1 və 23 dekabr 2015-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olmağı üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan saat 16:00-a kimi iş üzrə borclu Cavabdeh iştirakı olmadan görüşməyinin mümkün olması qərara alınmışdır. Quba rayon Polis şöbəsinın Təhqiqat qrupunun təhqiqatçısı tərəfindən qəbul edilmiş 02 fevral 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda uşaqla görüş zamanı Cavabdeh onun avtomobilinə ziyan vurması, uşaqla görüşə maneə yaratması öz əksini tapmış, Quba rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 30 aprel 2019-cu il tarixli, 16 may 2019-cu il tarixli, 07 avqust 2019-cu il tarixli aktlarda və şikayətləri nəticəsində müxtəlif orqanlara ünvanladığı cavablarda da Cavabdeh uşaqlarla görüşə maneə yaratması öz əksini tapmışdır. Əvvəlki məhkəmə vaxtı uşaqların 2 və 3 yaşı olmuş, hazırda isə 6-7 yaşlıdırlar. O, 4 ildən artıqdır uşaqlarla zülmlə görüşür. Hazırki vəziyyətdə bu cür ünsiyyət qaydası qanunla müəyyən olunmuş valideynlik hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnsmə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddiaçının uşaqlarla yalnız onun iştirakı ilə görüşməsinə razıdır. Odur ki, məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı 30 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 və 23.12.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməli, İddiaçı uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsinin Cavabdeh həvalə edilməli, iddia tələbinin qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah 29 iyun 2012-ci il tarixdə bağlanmış, tərəflərin bigrə nikahından 30 oktyabr 2014-cü il tarixdə Cavad və 23 dekabr 2015-ci il tarixdə Elmir adlı uşaqlar doğulmuşdur.. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı, 23 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşaqla görüş tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı uşaqları - 30 oktyabr 2014cü il tarixdə doğulmuş X1 və 23 dekabr 2015-ci il tarixdə doğulmuş X2 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 07 yanvar 2020-ci il tarixli, 17 saylı rəyindən görünür ki, komissiya iddiaçının öz uşaqları-30.10.2014-cü il təvəllüdlü X1 və 23.12.2015-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 16:00dək görüş vaxtı təyin edilməsini, görüş yerinin uşaqların istəyinə görə müəyyən edilməsini, həmçinin uşaqların ataları ilə təklikdə görüşmələrinə də şərait yaradılmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunun təhqiqatçısının 02 fevral 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon İcra və probasiya şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 16 may və 07 avqust 2019-cu il tarixli aktların surətlərindən görünür ki, Quba Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(027)- 1417/2017 saylı icra sənədinin icrası ilə bağlı borclu Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq Quba rayon İcra və probasiya şöbəsinin inzibati binasına gəlməmiş, uşaqların gətirilməsini təmin etməmişdir. İş materiallarına əlavə olunmuş Quba rayon İcra Hakimiyyəti başçısının Alekseyevka İƏD üzrə nümayəndəliyinin 25 iyun 2020-ci il tarixli, 578 saylı xasiyyətnaməsindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Quba rayonu Alekseyevka kəndində anadan olub, hazırda ailəvi olaraq Alekseyevka kəndində yaşayır. Nümayəndəliyin təsərrüfatbaşına kitabına əsasən İddiaçı ali təhsillidir. İddiaçı özünün səmimiliyi, nümunəvi hərəkətləri və müsbət xarakteri ilə yaşadığı Alekseyevka kəndində məsuliyyətli kənd sakini kimi tanınır. İddiaçı barədə nümayəndəliyə istər rəsmi, istərsə də şifahi şikayət doğuran heç bir məlumat daxil olmamışdır. Birinci instansiya məhkəməsi uşaqlarla uzunmüddətli görüş vaxtının müəyyən edilməsinin uşaqların saxlanma rejiminin pozulmasına gətirib çıxarması, uşaqların fiziki və psixi sağlamlığına mənfi təsir göstərəcəyini, uşaqların azyaşlı olmasını, mənafeyini, ana qayğısına daha çox ehtiyacının olduğunu, fiziki və psixi cəhətdən sağlamlığının təmin edilməsi zərurətini nəzərə alaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə görə uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsində göstərilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Göründüyü kimi, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni onlar uşağın sağlam böyüməsi, tərbiyələnməsi, inkişaf etməsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi ilə bağlı eyni vəzifələr daşıyır, həmçinin uşaqla ünsiyyətdə olmaq və onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. Uşaqla ünsiyyətdə olma hüququnun məhdudlaşdırılmasına isə müstəsna hallarda, yəni ünsiyyətin uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirdiyi hallarda yol verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi barədə razılıq olmadığından iddiaçı uşaqları ilə ünsiyyət müddətinin uzadılması barədə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iddiaçının tələb etdiyi qaydada görüş vaxtının müəyyən edilməsinin uşaqların fiziki və psixi cəhətdən inkişafına mənfi təsir göstərməklə, uşaqların mənafelərinə ziddi olmasına, uşaqların azyaşlı olmasına, ana qayğısına daha çox ehtiyaclarının olduğuna, fiziki və psixi cəhətdən sağlamlıqlarının təmin edilməsinin zərurətinə cavabdehin uşaqları ilə ünsiyyət zamanı iddiaçının hər hansı maneələr yaratmasının sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı deyildir, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.4-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. İşdə olan Quba rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 07 yanvar 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, komissiya iddiaçının öz uşaqları-30.10.2014-cü il təvəllüdlü X1 və 23.12.2015-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək görüş vaxtı təyin edilməsini, görüş yerinin uşaqların istəyinə görə müəyyən edilməsini, həmçinin uşaqların ataları ilə təklikdə görüşmələrinə də şərait yaradılmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli, 6 saylı qərarının 10-cu bəndinə görə valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Həmin qərarın 3-cü bəndinə əsasən uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Göründüyü kimi, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıyır və qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. İş materiallarından görünür ki,Quba Rayon Məhkəməsinin 2(027)-1417/2017 saylı, 23 may 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı uşaqla görüş tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı uşaqları - 30 oktyabr 2014-cü il tarixdə doğulmuş X1 və 23 dekabr 2015-ci il tarixdə doğulmuş X2 ilə ünsiyyətdə olması üçün hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 16:00-a kimi görüş vaxtının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə ilə müəyyən edilmiş görüş vaxtının artırılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıya uşaqları ilə həftənin şənbə və bazar günü saat 14:00dan 16:00-a kimi görüş vaxtının müəyyən edilmişdir və iddiaçı həmin vaxtın arıtırılmasını xahiş edir, bu səbəbdən də görüş vaxtı artırılaraq həftənin şənbə və bazar günləri saat 10:00-dan 16:00-a kimi görüş vaxtı müəyyən edilməli, İddiaçı uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsi Cavabdeh həvalə edilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında Cavabdeh iddiaçının uşaqlarla yalnız onun iştirakı ilə görüşməsinə razı olduğunu, iddiaçının ünsiyyət zamanı uşaqlara psixi təsir göstərdiyini bildirmiş, ünsiyyətin onun iştirakı ilə keçirilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlə yanaşı, iddiaçı da uşaqlara münasibətdə bərabər hüquqa malikdir. İddiaçının öz övladları ilə təklikdə ünsiyyətdə olmaq hüququ uşaqlarla ünsiyyətinin hansı forma və qaydada həyata keçirilməsində iddiaçıya sərbəstlik verir. Həmçinin iddiaçıya uşaqla görüşün ananın iştirakı ilə verilməsi məhkəmə qətnaməsinin icrasını cavabdehin iradəsindən asılı vəziyyətə salır və iddiaçıya uşaqlarla ünsiyyətini sərbəst qurmağa imkan vermir. Bundan başqa, iddiaçının uşaqlarla təklikdə ünsiyyətinə mane ola biləcək onun şəxsiyəti, davranışı, mənzil şəraiti və s. ilə bağlı hər hansı hal məhkəmə araşdırılması zamanı müyyən edilməmişdir, iddiaçının valideynlik hüququ da məhdudlaşdırılmamışdır. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ünsiyyət zamanı iddiaçının uşaqlara hər hansı formada təsir göstərməsi də məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin qismən ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edlməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı 30 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 və 23.12.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 16:00-a kimi (cavabdehin iştirakı olmadan) görüş vaxtı müəyyən edilməli, İddiaçı uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsinin Cavabdeh həvalə edilməli, iddia tələbinin qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-322/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı uşaqları - 30 oktyabr 2014-cü il tarixdə anadan olmuş X1 və 23.12.2015-ci il tarixdə anadan olmuş X2 ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 16:00-a kimi (cavabdehin iştirakı olmadan) görüş vaxtı müəyyən edilsin. İddiaçı uşaqları ilə görüşüb ünsiyyətdə olmasına maneçilik törətməməsi Cavabdeh həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1719/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1719/2021
29.06.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver