Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-172/2025 05.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbi barədə ilk, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1550/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. “Azəriqaz” İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir qeyd olunmuşdur.
2. Dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, 30 sentyabr 2022-ci il tarixli, ******* saylı akta əsasən Cavabdeh tərəfindən 34560 m3 qaz sərfiyyatı olmuşdur.
3. Cavabdeh adına olan **********01360 saylı abonent saldosundan məlum olur ki, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə 03.2024-cü il tarixə 3819 (üç min səkkiz yüz on doqquz) manat 36 (otuz altı) qəpik debitor borcu vadır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3819 (üç min səkkiz yüz on doqquz) manat 36 (otuz altı) qəpik pulun tutularaq **********01360 saylı abonent koduna və 58 (əlli səkkiz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq “Azəriqaz” İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X3 RQİİ ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”yə əsasən Birlik abonentə məxsus Quba rayonu, Barlı kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB tərəfindən **********01360 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 7344 m3 və ya 733 manat 40 qəpik məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Həmin borc tamamilə ödənilmişdir. Başqa bir tarixdə xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 34560 m3 və ya 4147 manat 20 qəpik məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Həmin 4147 manat 20 qəpik borcdan cavabdeh 327.84 manat pul ödəmişdir və hal hazırda 3819,36 manat borcu qalmışdır
6. Cavabdeh «Azəriqaz” İB-ə qarşı qarşılıqlı iddia ərizəsilə müraciət edərək, “Azəriqaz” İB-nin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, əməkdaşları tərəfindən onun abonent hesabına əsassız hesablanmış 3819 (üç min səkkiz yüz on doqquz) manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Barlı kəndində 0,13 ha torpaq sahəsində fərdi yaşayış evi vardır, həmin evdə ailəsi ilə birlikdə yaşayır və cavabdehlə bağladığı xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə etməyə dair alqı-satqı müqaviləsi ilə təbii qazdan istifadə edir və vaxtlı-vaxtında istifadə etdiyi təbii qazın dəyərini ödəyir. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ondan 3819,36 manat pulun onların hesabına tutularaq ödənilməsini xahiş etmişdir. Cavabdeh iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2022-cü il tarixində guya o sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə etmiş və bu barədə akt tərtib edilmişdir. Azəriqaz Quba XS-nın əməkdaşlarının tərtib etdiyi 28 dekabr 2022-ci il tarixli aktdan onun xəbəri olmayıb, akt qanunsuz və əsasız olduğu üçün sübut növü kimi qəbul oluna bilməz. Əgər onlar onun evinə gəlib akt tərtib etsəydilər onu xəbərdar edib tərtib etdikləri aktla tanış etməli idilər. Onun yaşadığı ünvanda qaz borusuna rezin boru ilə sayğacdan kənar xətt çəkib təbii qazdan istifadə etməmişdir. Evin küçə hissəsində cavabdeh təşkilatın quraşdırdığı sayğac var və həmin sayğacdan gələn xətlə təbii qazdan istifadə edir. Həmin kənar xətdən kimin istifadə elədiyinidən xəbəri belə olmayıb və o təsərüfatla məşğul olur, kifayət qədər imkanı vardır, kənar xətt vasitəsilə sayğacdan kənar təbii qazdan istifadə etməyə ehtiyacı yoxdur.
8. Sonradan Cavabdeh qarşılıqlı iddianın dəqiqləşdirilməsinə dair ərizəni məhkəməyə təqdim edərək, “Azəriqaz” İB-nin ondan tələb etdiyi 4147 (dörd min yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1550/2024 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə 1746 (min yeddi yüz qırx altı) manat borc və ödənilmiş dövlət rüsumunun 37 (otuz yeddi) manat 46 (qırx altı) qəpik hissəsinin tutularaq “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, “Azəriqaz” İB-nin 30 sentyabr 2022-ci il tarixli **********01360 saylı abonent kodu ilə bağlı tələbnaməsinin ləğv edilməsi, tələbnamə əsasında hesablanmış 2073 (iki min yetmiş üç) manat məbləğində cərimə məbləği **********01360 kodlu abonent hesabından silinməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aydın Babayev).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 6.5-ci bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1550/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1550/2024 nömrəli qətnaməsi ilə razılaşmır, qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən, AR MPM-nin 14-cü maddəsinin tələblərin pozaraq işin tam, hərtərəfli və obyektiv araşdırması üçün tədbir görməmiş, nəticədə qanunsuz və ədalətsiz qətnamə qəbul edilmişdir. O ərizəsində və məhkəmədə verdiyim izahatda bildirmişdir ki, kənar xətdən istifadə etməklə təbii qazdan istifadə etməmişdir. İddiaçının özünün etiraf etdiyi kimi onun qazdan istifadə barədə xx.xx.2021-ci il tarixdə iddiaçıların nümayəndələri tərəfindən akt tərtib edilmiş və həmin akta əsasən hesablanan 733,40 manat pulu o cavabdehə ödəmişdir və cavabdeh təşkilat xx.xx.2022-ci il tarixdə yerində həmin xəttə baxış keçirib, yerindən sayğacdan kənar xətdən istifadə etməklə təbii qazdan istifadə etməsi barədə akt tərtib edərək ona cərimə hesablanmışdır, halbuki, həmin vaxt o sayğacdan gələn xətlə təbii qazdan istifadə edərək evi təbii qazla təmin etmişdir. Cavabdehin nümayəndələri xx.xx.2022-cı il tarixdə akt tərtib edərək onun iştirakını təmin etsəydilər, onun qeyd etdiyi fakt öz əksini tapacaqdı. Lakin onlar qanun tələbini pozaraq akt tərtib etmiş və heç bir araşdırma aparmadan iddiaçının iddiasını qismən təmin edərək qanunsuz və ədalətsiz qətnamə qəbul edərək AR MPM-nin 88-ci maddəsinin tələblərini pozaraq qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, qeyd etdiyi əsaslara görə qətnamə ləğv edilərək ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Bənd 8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
21. Bənd 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
22. Bənd 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”
23. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
24. Bənd 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
25. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
26. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
27. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
28. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
29. Bənd 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
30. Bənd 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
31. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
38. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1550/2024 nömrəli qətnaməsi ilə ilk iddia və qarşılıqlı iddia qismən iddia təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1550/2024 nömrəli qətnaməsi ləğv edilməli və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
44. Birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etməyən apellyasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
45. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh yaşadığı ünvana “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və abonent tərəfindən sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni qazdan istifadəsinə görə “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı tarixli akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Həmin akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4147,2 manat dəymiş zərər hesablanmışdır. Hazırda Cavabdeh apellyasiya şikayətində borcun tam silinməsini xahiş edir.
46. Apellyant şikayətin dəlillərində xx.xx.2022-ci il tarixli aktın tərtibatı zamanı onun tərəfindən sayğacdan gələn xətlə təbii qazdan istifadə etməsinə istinad etmişdir. İşin hallarından görünür ki, “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı tarixli akt Cavabdeh tərəfindən imzalanmamışdır.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinın dəlilləri ilə bağlı qeyd edir ki, “Azəriqaz” İB tərəfindən Cavabdeh yaşadığı ünvanda qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesablanmış borc qarşılıqlı iddia üzrə iddiaçıdan tələb edilsə də, lakin sayğacdan kənar xətt vasitəsi ilə qeyri-qanuni qazdan məhz Cavabdeh tərəfindən istifadəsi halı nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyasında məhkəmə araşdırılması zamanı mötəbər təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır.
48. Sadalanan xüsusatları nəzərə alaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1550/2024 nömrəli qətnaməsi ləğv edilməli və ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1550/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. “Azəriqaz” İB tərəfindən Cavabdeh məxsus Quba rayonu, Barlı kəndində yerləşən fərdi yaşayış evinə ( Abonent kodu: **********01360) hesablanmış 4147 (dörd min yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik məbləğində borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.