Məhkəmə qərarları › İş №2(105)-1721/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1721/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1721/2022 19.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx" İKB ASC) xeyrinə 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 25832,79 manat əsas, 4566,44 manat faiz, cəmi 30399,23 (otuz min üç yüz doxsan doqquz manat iyirmi üç qəpik) manat borc və 181,20 (yüz səksən bir manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin (likvid dəyəri) 40000 (qırx min) manat müəyyən edilməsi, açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki "xxxx" İKB ASC) ümumilikdə 30399,23 (otuz min üç yüz doxsan doqquz manat iyirmi üç qəpik) manat məbləğində borc və 181,20 (yüz səksən bir manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının ödənilməsi, satışdan əldə olunmuş vəsaiti qətnamənin icrasına kifayət etmədikdə, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2019-cu tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 25%-lə 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzili 2019-cu il 27 sentyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Cavabdeh2 və Cavabdeh3 ilə 2019-cu il 27 sentyabr tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il oktyabrın 15-dək Cavabdeh1 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 25832.79 manat əsas, 4566.44 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 30399.23 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmış, müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlərdən İddiaçı ASC-in xeyrinə 2019-cu il 27 sentyabr tarixli kredit müqaviləsi üzrə 25832.79 manat əsas, 4566.44 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 30399.23 manat məbləğində borcun, 181.20 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və digərlərinin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilməmişdir. Bundan başqa məhkəmə tərəfindən evin qiymətləndirilməsi ilə bağlı heç bir ekspertiza keçirilməmişdir. Həmin mənzilin dəyəri hazırda 120.000 manat təşkil edir. 2019-cu ildə bank tərəfindən mənzilin dəyəri 50.000 manat müəyyən edilmişdir. Qiymətin yüksəldiyi bir zamanda hazırda mübahisəli mənzilin dəyərinin 40.000 manat müəyyənləşdirilməsi reallıga uygun deyildir. Buna görə də "xxxx" tərəfindən verilmiş rəyə mötəbər sübut kimi istinad edilə bilməz. Sumqayıt Şəhər Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(060)-813/2022 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi R.N.Abdullayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zaminlik və ipoteka müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin yerinə yetirməməsinin sübut olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin faiz borcu, mənzilin ilkin satış dəyəri və digər şəxslərin mənzildən çıxarılması hissəsində işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1ə 36 ay müddətinə, illik 25% hesablanmaqla 30000 manat məbləğində kredit verilmişdir. Borcalan müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi, müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 "xxxx" İKB ASC qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli ipoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğinin ipoteka predmeti ona məxsus olan Sumqayıt şəhəri, 10cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilidir və həmin əmlak 50000 manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit borcunu xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 41562.55 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 25832.79 manat əsas, 4566.44 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 30399.23 manat məbləğində kredit borcu var. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 24940,22 manat əsas, 7611,76 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 34285,21 manat məbləğində kredit borcu var. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən, 54 nömrəli evin 20 nömrəli mənzili "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialının AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi idarəsinə ünvanladığı bildirişin qeydə alınması haqqında ərizənin məzmunundan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanına tutmanın yönəldilməsi haqqında ipoteka qoyan T.T.Şıxəliyeə göndərilmiş bildirişin xx.xx.2021-ci il tarixdə ünvana çatdırılmasını nəzərə alaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. İşə əlavə olan xx.xx.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 22-MGZ2-1-0-444-19 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 borcu ödəmədiyi üçün ipoteka müqaviləsinə əsasən yüklü edilmiş ünvan 1 ünvanına tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh3 məxsus olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 50 000 manat, likvid dəyəri 40 000 manat təşkil edir. İşə əlavə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli 9/6017 saylı rəyindən görünür ki, 07 dekabr 2021-ci il tarixə olan borcu üzrə əsas borc üzrə 25.83279 manat, faiz borcu üzrə 3.420.88 manat təlkiş edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə 04 aprel 2022-ci il tarixdə 892,57 manat ödənişin aparıldıgı, həmin ödənişin də cavabdehin əsas borcundan silindiyi müəyyən edildi. Həmin ödəniş də nəzərə alınmaqla cavabdehin hazırki tarixə əsas borcunun 24.940,22 manat (25.832,79- 892,57) oldugu müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda ləğv edilə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsindən görünür ki, müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında 36 ay müddətinə kredit müqaviləsi bağlanmışdır, həmin müqavilənin müddəti 27 sentyabr 2022-ci il bitir, iddiaçı 07 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət etməsinə baxmayaraq faiz borcun müqavilənin bitdiyi vaxta kimi tutulmasını tələb etmişdir. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə cavabdehlərdən 4566.44 manat faiz borcu tutmaqda haqlı olmamışdır. Belə ki, ekspert rəyi ilə müəyyən olunur ki, 07 dekabr 2021-ci il tarixədək faiz borcu 3.420.88 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i DƏDK və Reyetsri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 28 oktyabr 2022-ci il tarixli **********7 saylı Daşınmaz əmlakın qiymətləndirilməsinə dair obyektin hüquqmüəyyənedici sənədlərə əsasən 18 oktyabr 2022-ci il tarixinə evin dəyəri 65.000 (altmış beş min) təşkil edir. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş ekspertiza rəylərini, ipoteka müqaviləsinndə mənzilin qeyd edilmiş qiymətini nəzərə alıb, hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin likvid qiyməti 50.000 manat məbləğində müəyyən edilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırmaları zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixdə 22-MGZ2-1-0-444-19 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 25% hesablanmaq şərti ilə 30000 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzili "xxxx" İKB ASC-nin xeyrinə yüklü edilmişdir. Həmin müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Cavabdehlər bağlanmış kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və lazımınca icra etməmişlər. “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununda bankın cavabdehə qarşı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi predmeti barədə iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Belə ki, həmin hüquqlar ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsi ilə müraciət edərək, digər şəxslər həmin mənzildən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir və məhkəmə iddianı bu hissədə iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, digər şəxslər dedikdə iddiaçı həmin şəxslərin kimliyini müəyyənləşdirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 13 aprel 2022-ci il tarixli 2(060)-813/2022 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki "xxxx" İKB ASC) xeyrinə 27 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 24.940,22 manat əsas, 3.420,88 manat faiz, cəmi 28.361.10 (iyirmi səkkiz min üç yüz altmış bir) manat 10 (on) qəpik borc və 181,20 (yüz səksən bir manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulsun, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 50.76 kv.m ümumi sahədən ibarət 54 nömrəli evin 20 saylı mənzilinə yönəldilsin, həmin mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 50.000 (əlli min) manat müəyyən edilsin, açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (əvvəlki "xxxx" İKB ASC) ümumilikdə 28.361,10 (iyirmi səkkiz min üç yüz altmış bir) manat 10 (on) qəpik borc və 181,20 (yüz səksən bir manat iyirmi qəpik) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı ödənilsin, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə, qətnamə qalan hissədə ümumi qaydada icra edilsin, Cavabdeh3 məxsus olan mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində Cavabdeh3 həmin mənzildən çıxarılsın, iddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh1 alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar