Məhkəmə qərarları › İş №2(105)-1722/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1722/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1722/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Cavabdeh iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(059)- 306/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçı Bankın xeyrinə 4166,80 manat kredit borcunun və ödənilmiş 61,67 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə mərhum Həsənov Sahib Feyruz oğlu arasında 23 iyul 2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank sonuncuya 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 4400 manat məbləğində kredit vermişdir. Bundan sonra Sahib Həsənov 04 oktyabr 2020-ci il tarixdə ölmüş, nəticədə 15 aprel 2021-ci il tarixdə mərhum Həsənov Sahib Feyruz oğlundan qalmış mirasa görə Cavabdeh, X1 və Həsənov Feyruz Sahib oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan əlavə Həsənov Sahib Feyruz oğlunun vəfat etdiyi tarixə Banka 4166,80 manat əsas kredit borcu qalmışdır. Eyni zamanda 20 iyul 2008-ci il təvəllüdlü Xanım Həsənova və Feyruz Həsənov tam fəaliyyət qabiliyyətli olmadığından onların hüquqları və qanunla qorunan mənafelərini məhkəmədə valideynləri (anası iş üzrə Cavabdeh) müdafiə edir. Bununla da, miras əmlakdan onlara çatan paylara münasibətdə də cavabdeh kimi anaları Cavabdeh çıxış etməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında Bank tərəfindən dəfələrlə xəbərdar olunmuş, lakin bu günə kimi kredit borcunun ödənilməsi üçün tədbirlər görməmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir.

3. Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(059)- 306/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə miras aktivini təşkil edən 2188 manat puldan 2155,10 (iki min yüz əlli beş manat 10 qəpik) manat kredit borcu, həmçinin çəkilmiş 62,07 manat məhkəmə xərcinin 53%-i, yəni 32,90 (otuz iki manat 90 qəpik) manatı tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov).

4. Birinci instansiya məhkəməsi işin faktiki hallarına, tərəflərin izahatlarına, istinad etməklə belə nəticəyə gəlmişdir ki, mərhum Həsənov Sahib Feyruz oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 23 iyul 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 4166,80 manat borcu qalmış və onun qanuni vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilmişdir. Bununla belə Cavabdeh tərəfindən qəbul edilən miras əmlakı (miras aktivi) 2188 manat təşkil etmişdir ki, bu zaman ödənilməli borc yalnız həmin məbləğ həcmində məhdudlaşmalı və o, bu məbləğ həcmində məsuliyyət daşımalı, həmçinin bu pul əsas məbləğin ödənilməsinə yönəldilməli, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə miras aktivini təşkil edən 2188 manat puldan 2155,10 manat kredit borcu, həmçinin çəkilmiş 62,07 manat məhkəmə xərcinin 53%-i, yəni 32,90 manatı tutulmalıdır.

5. Məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 432.4, 442, 448.1, 739.2, 1151.1, 1159.1.1, 1243.2, 1306.-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına istinad etməklə iddianı qismən təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(059)- 306/2023 saylı tarixli qətnaməsinin ləğv edilərək cavabdeh Həsənov Sahib Feyruz oğlunun vərəsəsi və digər vərəsələr Cavabdeh, X3 və Həsənov Feyruz Sahib oğlunun qanuni nümayəndəsi Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 4166.80 (dörd min yüz altmış altı manat səksən qəpik) manat məbləğində kredit borcu və 61.67 manat dövlət rüsumu, habelə 0,40 (qırx qəpik) manat bank xidmət haqqı barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

Şikayətin dəlilləri:

7. İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Həsənov Sahib Feyruz oğlunun vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Notariat ofisi tərəfindən göndərilən məktuba əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almaqla qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh miras əmlakını, yəni miras qoyanının aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul edərək, miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmişdir. Nəticədə iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməldir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı daxil olmuş yazılı etirazda apellyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsi xahiş edilmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(059)- 306/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi .

10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

11. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir.

13. Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 384.0.2. Məhkəmə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübatlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(059)-306/2023 saylı qətnaməsi qismən, Cavabdeh 2155,10 manat pulun tutulmasına dair hissədə ləğv edilməli, Cavabdeh 2188 manat pul tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materiallarından müəyyən olunur ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə mərhum Həsənov Sahib Feyruz oğlu arasında 23 iyul 2020-ci il tarixdə bağlanmış BPM**********25 saylı tam kart çərçivə müqaviləsinə, habelə bu müqaviləyə əlavə edilmiş kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən Sahib Həsənova 48 ay ərzində qaytarmaq şərti ilə illik 18% faizlə 4400 manat məbləğində kredit verilmişdir.

17. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışının surətindən görünür ki, mərhum Həsənov Sahib Feyruz oğlunun 27 mart 2023-cü il tarixə Banka 4166,80 manat əsas borcu vardır.

18. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 19 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 119327 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Sahib Feyruz oğlu 04 oktyabr 2020-ci il tarixdə Siyəzən şəhərində ölmüş və bu barədə 19 oktyabr 2020-ci il tarixli, 182 nömrəli akt qeydi tərtib olunmuşdur.

19. İşdə olan Siyəzən rayon notariat ofisi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixdə reyestrdə 2V-53 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh, eləcə də övladları 20 iyul 2008-ci il təvəllüdlü X3 və Həsənov Feyruz Sahib oğlu 04 oktyabr 2020-ci il tarixdə vəfat etmiş Həsənov Sahib Feyruz oğlunun qanun üzrə vərəsələridir və onlar X2 tərəfindən verilməli olan 2188 manat vəsaitdən (miras əmlakdan) 1/3 hissədə irs almalıdırlar.

20. İşdə olan 13 fevral 2023-cü i l tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir.

21. İşdə olan 27 mart 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 61,67 manat dövlət rüsumu ödəmiş, həmçinin bank əməliyyatına görə 0,40 manat xərc çəkmişdir.

22. Məhkəmə hesab etmişdir ki, mərhum Həsənov Sahib Feyruz oğlu kredit müqaviləsini öz riski ilə bağladığından öldüyü tarixədək həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.

23. Məhkəmə müəyyən etmişdir ki, mərhum Həsənov Sahib Feyruz oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 23 iyul 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 4166,80 manat borcu qalmış və onun qanuni vərəsəsi Cavabdeh mərhumun bank qarşısında ölənədək malik olduğu vəzifələrin (miras passivi) icraçısına çevrilmişdir. Bununla belə Cavabdeh tərəfindən qəbul edilən miras əmlakı (miras aktivi) 2188 manat təşkil etmişdir ki, bu zaman ödənilməli borc yalnız həmin məbləğ həcmində məhdudlaşmalı və o, bu məbləğ həcmində məsuliyyət daşımalı, həmçinin bu pul əsas məbləğin ödənilməsinə yönəldilməlidir.

24. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə miras aktivini təşkil edən 2188 manat puldan 2155,10 manat kredit borcu, həmçinin çəkilmiş 62,07 manat məhkəmə xərcinin 53%-i, yəni 32,90 manatı tutulmalıdır.

25. Eyni zamanda, məhkəmə, mərhum borclu Sahib Həsənovun digər vərəsələri, onun yetkinlik yaşına çatmayan övladları, 20 iyul 2008-ci il təvəllüdlü X1 və Həsənov Feyruz Sahib oğluna münasibətdə qeyd edir ki, onlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli olan hesab edildiklərindən, o cümlədən bu kateqoriyadan olan şəxslər Azərbaycan Respublikasının MPM-in 49.3-cü və 72.1-ci maddələrinə əsasən cavabdeh sayıla bilməyərək valideynlərinin himayəsində olduqlarından sonuncular mərhum borclu Sahib Həsənovun vərəsələri olsalar belə, hazırkı iş üzrə cavabdeh qismində cəlb edilə bilməzlər və belə fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri müdafiə edirlər.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etiməkdə düzgün nəticəyə gəlsə də cavabdehdən tutulacaq məbləğlə razılaşmır.

27. Belə ki, iş materiallarıdan müəyyən olunur ki, mərhum Həsənov Sahib Feyruz oğlunun "xxxx" ASC ilə bağlamış olduğu 23 iyul 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə 4166,80 manat borcu qalmışdır.

28. İşdə olan Siyəzən rayon notariat ofisi tərəfindən verilmiş 15 aprel 2021-ci il tarixdə reyestrdə 2V-53 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh, eləcə də övladları 20 iyul 2008-ci il təvəllüdlü X3 və Həsənov Feyruz Sahib oğlu 04 oktyabr 2020-ci il tarixdə vəfat etmiş Həsənov Sahib Feyruz oğlunun qanun üzrə vərəsələridir və onlar X2 tərəfindən verilməli olan 2188 manat vəsaitdən (miras əmlakdan) 1/3 hissədə irs almalıdırlar.

29. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən qəbul edilən miras əmlakı (miras aktivi) 2188 manat təşkil etmişdir ki, bu zaman ödənilməli borc yalnız həmin məbləğ həcmində məhdudlaşmalı və o, bu məbləğ həcmində məsuliyyət daşımalı, həmçinin bu pul əsas məbləğin ödənilməsinə yönəldilməlidir.

30. Lakin iş materiallarından görünür ki, birinci instaqsiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 2155,10 manat pulun tutularaq ödənilməsini qət etsə də bunu əsaslandırmamışdır.

31. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən qəbul edilən miras əmlak həcmində, yəni 2188 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehdən 2188 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin dəlilləri qalan hissədə əsaslandırılmadığına görə təmin edilməiməlidir.

33. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(059)-306/2023 saylı qətnaməsi qismən, Cavabdeh 2155,10 manat pulun tutulmasına dair hissədə ləğv edilməli, Cavabdeh 2188 manat pul tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Siyəzən Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, e-2(059)-306/2023 saylı qətnaməsi qismən, Cavabdeh 2155,10 manat pulun tutulmasına dair hissədə ləğv edilsin. Cavabdeh 2188 (iki min yüz səksən səkkiz) manat pul tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar