Məhkəmə qərarları › İş №2(105)-1723/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1723/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1723/2022 08.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Abasov və Telman Qədir oğlu Məmmədovdan ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğvi, kreditin və kreditə görə faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şuşa Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 5130,55 (beş min yüz otuz manat əlli beş qəpik) manat məbləğində əsas borc, 23,52 (iyirmi üç manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5154,07 (beş min yüz əlli dörd manat yeddi qəpik) manat borc və ödənilmiş 71,55 (yetmiş bir manat əlli beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia qaldıraraq, bankla Cavabdeh2 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 5130,55 (beş min yüz otuz manat əlli beş qəpik) manat məbləğində əsas borc,23,52 (iyirmi üç manat əlli iki qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 5154,07 (beş min yüz əlli dörd manat yeddi qəpik) manat borc və ödənilmiş 71,55 (yetmiş bir manat əlli beş qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 13 iyun 2019-cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh qalıq borcu olan 5929,06 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla Cavabdeh3 arasında 13 iyun 2019-cu il tarixli 028FİZAM02775253 saylı və Cavabdeh1 arasında 13 iyun 2019-cu il tarixli 028FİZAM00919503 saylı zaminlik müqavilələri imzalanmışdır. Cavabdeh2 onunla bağlanmış Güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh1 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq,onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə 5130,55 manat məbləğində əsas kredit borcu, 23,52 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5154,07 manat məbləğində borcu qalmaqdadır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İşə onun iştirakı olmadan baxılmışdır. O, "xxxx" ASC-ə kredit borcu 4560 manatdan çox deyildir, müqavilə öhdəliyini də əməl etmişdir. Məhkəmə qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsini 4560 manat məbləğində qəbul edir, qalan hissəsi və dövlət rüsumuna aid olan hissəsi ilə razı deyil. Qanunla məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azaddır. Lakin məhkəmə bunu nəzərə almamışdır. Məhkəmənin gəldiyi nəticəyə görə 15 may 2022-ci il tarixə olan vəziyyətdə onun iddiaçıya borcu 5130 manat 55 qəpikdir. Bu düzgün deyil, çünki onun tərəfindən «Milli Ön» ödəniş sistemi vasitəsi ilə 2020-2021-ci ildə Banka daha 500 manat ödənilmişdir. Şuşa Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli e-2(077)- 129/2022 saylı qətnaməsi ləğv edib, yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi T.İ.İsmayılov məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, tərəflər arasında olan kredit, zaminlik müqaviləsinə və cavabdehlər tərəfindən həmin müqavilələrin şərtlərinin yerinə yetirilməməsinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 13 iyun 2019cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdeh qalıq borcu olan 5929,06 manat məbləğində pulu 60 ay müdətinə, 12 ay güzəşt müddəti tətbiq olunmaqla, illik 1% ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028FİZAM00919503 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşə əlavə olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 028FİZAM02775253 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2021ci il tarixli 257 saylı və xx.xx.2021-ci il tarixli 384 saylı bildirişlərdən görünür ki, cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. İşdə olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 13 iyun 2019-cu il tarixli 028CASA191640003 saylı güzəştli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 5130,55 manat əsas borc və 23,52 manat faiz borcu olmaqla, ümumilikdə 5154,07 manat təşkil edir. - X4 Ödənilmiş xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 71,55 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə, 13 iyun 2019-cu il tarixli 028FİZAM00919503 və 13 iyun 2019-cu il tarixli 028FİZAM02775253 saylı zaminlik müqavilələrinə əsasən, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 bank qarşısında, digər cavabdeh olan Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa,borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 işə onun iştirakı olmadan baxılması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq olunmuşdur (i.v.70). Azərbaycan Respublikası 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası Cavabdeh2 məcburi köçkün oldugu üçün dövlət rüsumundan azad olunması barədə dəlilə qiymət verərək hesab edir ki, o, məhkəməyə iddia ərizəsi verdikdə bu statusdan istifadə edə bilər, lakin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməsindən azad deyildir. Cavabdeh2 bildirir ki, hazırda onun Banka 5130,55 manat deyil, 4560 manat borcu vardır. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilən məbləğ əsas borc 570 manat 55 qəpik, faiz borcu 23 manat 52 qəpik və ödənilmiş 71 manat 55 qəpik təşkil edir. Belə olan halda, Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 19 may 2022-ci il tarixli 2(060)-4263/2019 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar