Məhkəmə qərarları › İş №2(105)-1723/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1723/2025

27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1723/2025 27.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, e-2(027)-1237/2025 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. QSC “Bank Standard” KB ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/51579/13 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh4 48 ay müddətinə, illik 26 faiz olmaqla, 3000 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2024-cü tarixli bildirişdən görünür ki, QSC “Bank Standard” KB tərəfindən borclulara banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.

3. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh4 xx.xx.2013-cü il tarixli müqavilə üzrə 1007,12 manat məbləğində əsas, 526,22 manat məbləğində faiz borcu və 886,59 manat məbləğində cərimə borcu yaranmışdır.

4. DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh4 ölüm səbəbi ilə xx.xx.2018-ci il tarixdə Quba rayon Alekseyevka kəndindən qeydiyyatdan çıxmışdır.

5. Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 07 sentyabr 2025-ci il tarixli, 4613 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh4 adına Quba regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisində vərəsəlik işinin açılmasına dair məlumat aşkar edilməmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin sorğuya cavab məktubundan görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.66 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 adına (X2, X6, X4, X5, X1 ilə birlikdə ümumi birgə payda) ləğv edilmiş DTXK tərəfindən JN-74 nömrəli xx.xx.1999-cu il tarixli Dövlət Aktı tərtib edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "xxxx" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/51579/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh4 hüquqi varisləri olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 1007,12 (bir min yeddi manat, 12 qəpik) manat məbləğində əsas borc, 526,22 (beş yüz iyirmi altı manat, 22 qəpik) manat məbləğində faiz borcu, 886,59 (səkkiz yüz səksən altı manat, 59 qəpik) manat məbləğində cərimə borcu, 144,76 (bir yüz qırx dörd manat, 76 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2546,69 (iki min beş yüz qırx altı manat, 69 qəpik) manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 45,47 (qırx beş manat, 47 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” ilə Cavabdeh4 arasında xx.xx.2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/51579/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh4 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun xx.xx.2020-cü il tarixinə Banka 1007,12 (bir min yeddi manat, 12 qəpik) manat məbləğində əsas borc, 526,22 (beş yüz iyirmi altı manat, 22 qəpik) manat məbləğində faiz borcu, 886,59 (səkkiz yüz səksən altı manat, 59 qəpik) manat məbləğində cərimə borcu, 144,76 (bir yüz qırx dörd manat, 76 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2546,69 (iki min beş yüz qırx altı manat, 69 qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı LPO QSC “Bank Standard” KB yaranmış borc tələbinin ödənilməsinə dair Cavabdeh4 qarşı xx.xx.2020-ci il tarixdə Quba Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə prosesi zamanı məlum olmuşdur ki, Cavabdeh4 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(027)- 2060/2020 saylı qərardadı ilə mülki işin icraatı Cavabdeh4 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Müvafiq orqanlardan əldə edilən məlumata əsasən hüquqi varis müəyyən edilməmişdir. Sonradan isə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(027)-296/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən əldə edilmiş xx.xx.2022-ci il tarixli 05/8505-14 saylı cavab məktubuna əsasən məlum olmuşdur ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Respublikanın notariat ofislərində mərhum Cavabdeh4 adına vərəsəlik işinin açılması aşkar edilməmişdir. Həmçinin, sorğula cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi Dairəsi xx.xx.2024-cü il tarixli məktub ilə bildirmişdir ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 3.66 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (6 nəfər) mərhum Cavabdeh4 adı ilə bağlı JN-74 nömrəli xx.xx.1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Həmçinin ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (6 nəfər) mərhum Cavabdeh4 adı ilə bağlı JN-49Anömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Quba rayon İcra Hakimiyyəti başçısının Alekseyevka kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 5-61/2- 89/2024 saylı cavaba əsasən mərhum Cavabdeh4 adları qeyd edilən ailə üzvləri vardır: Həyat yoldaşı – Cavabdeh1, övladı – Cavabdeh2, övladı –Cavabdeh3. Beləliklə faktiki vərəsə qismində mərhumun ailə üzvləri müəyyən edilmişdir.

9. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, e-2(027)-1237/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Nigar Xəlilova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh4 adına Quba regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisində vərəsəlik işinin açılmasına dair məlumat aşkar edilməmiş, iş üzrə cavabdehlər tərəfindən miras qəbul edilməmiş, beləliklə də, mirasın aktivi və passivi tərəflərə keçməmişdir. Qanunvericiliyin tələbləri baxımdan vərəsə miras qoyanın aktivi həddində məsuliyyət daşıyır. Bu halda isə ümumiyyətlə cavabdehlər mirası qəbul etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən də hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, iddiaçının ərizədə istinad etdiyi və Cavabdeh4 adına olan torpaq sahəsi ilə bağlı məhkəmənin sualına cavab olaraq cavabdehlər həmin torpaq sahəsinin Cavabdeh2la digər qohumlarının paylı mülkiyyətində olduğunu, onların payı olmadığını, vərəsəliyi qəbul etmədiyi üçün həmin torpaqdan da istifadə etmədiklərini, faktiki qəbul etmədiklərini qeyd etmişdirlər. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 427.3, 739.1, 739.2, 1133.1, 1133.2, 1151.1, 1306.1-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Plenum Qərarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, e- 2(027)-1237/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında mərhumun həyat yoldaşı Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Cavabdeh4 Ləğv prosesində olan QSC “Bank Standard” KB-dən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 3000 manat məbləğində kredit almışdır. Lakin Cavabdeh4 vəfatından sonra ondan qalan miras əmlaklarını rəsmi qaydada qəbul etməmişlər. Hazırda da qəbul etmək istəmirlər. Bu səbəbdən də iddanın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qətnamədə qeyd etmşdir ki, “Cavabdeh4 adına Quba regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisində vərəsəlik işinin açılmasına dair məlumat aşkar edilmədiyindən, cavabdehlər tərəfindən miras qəbul edilməmiş, beləliklə də mirasın aktivi və passivi tərəflərə keçməmişdir. Qanunvericiliyin tələbləri baxımdan vərəsə miras qoyanın aktivi həddində məsuliyyət daşıyır. Bu halda isə ümumiyyətlə cavabdehlər mirası qəbul etməmişdir. Bununla bağlı iddiaçı tərəfindən də hər hansı sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə istinad edərək qətnamədə qeyd etmişdir ki, “borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Həmçinin məhkəmə qətnamədə Cavabdeh4 adına Quba regional “Asan xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisində vərəsəlik işinin açılmasına dair məlumat aşkar edilmədiyini, iş üzrə cavabdehlər tərəfindən miras qəbul edilmədiyini, beləliklədə mirasın aktivi və passivi tərəflərə keçmədiyini qeyd etmişdir. Məhkəmə həmçinin qətnamədə qanunvericiliyin tələbləri baxımdan vərəsə miras qoyanın aktivi həddində məsuliyyət daşıdığını və bu halda isə ümumiyyətlə cavabdehlər mirası qəbul etmədiyini, bununla bağlı iddiaçı tərəfindən də hər hansı sübut təqdim edilmədiyini bildirmişdir. Məhkəmə iddianın rədd olunmasını əsaslarındırarkən qətnamədə qeyd etmişdir ki, “iddiaçının ərizədə istinad etdiyi və Cavabdeh4 adına olan torpaq sahəsi ilə bağlı məhkəmənin sualına cavab olaraq cavabdehlər həmin torpaq sahəsinin Cavabdeh2la digər qohumlarının paylı mülkiyyətində olduğunu, onların payı olmadığını, vərəsəliyi qəbul etmədiyi üçün həmin torpaqdan da istifadə etmədiklərini, faktiki qəbul etmədiklərini qeyd etmişdirlər”. Sonda məhkəmə qeyd edilən bu kimi əsaslarla Bankın iddiasını rədd etmişdir. Hesab edir ki, hakimin istinad etdiyi bu kimi hallar iddianın rədd olunmasına əsas gətirmir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Plenum Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə istinad edərək qeyd etmişdir ki, “borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdehlər mirası qəbul etmədikləri üçün Bank onları mirası qəbul etmiş vərəsə kimi tanıyaraq borcun onlardan tələb etməsini qanuna zidd olduğunu bildirmişdir. Lakin xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanlımasına dair Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301-cı maddəsi də əsaslandırılaraq şərh edilmişdir ki,“yerində olmayan vərəsənin payının ayrılmasını nəzərdə tutmaqla mirasdan imtina etməyən vərəsənin sanki mirası qəbul etmiş hesab edildiyini ehtiva edir”. Həmçinin xx.xx.2023-cü il tarixli Plenumun Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsi də əsaslandırılaraq şərh edilmişdir ki, “vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notarial orqanında rəsmiləşdirilməlidir”. Həmçinin xx.xx.2023-cü il tarixli Plenumun Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsi də əsaslandırılaraq şərh edilmişdir ki, “İmtina müddəti kreditorların mirasdan imtina edilibedilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdid altında qalmalarının qarşısını almaq baxımından olduqca mümkündür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur”.

Apellyasiya şikayətinə etiraz

14. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişlər ki, Cavabdeh4 2018-ci il tarixdə vəfat etmiş, vəfatından sonra onlar vərəsə kimi Cavabdeh4 qalmış miras əmlakı qəbul etməmişlər və etmək də istəməmişlər. İddiaçı tərəfin iddia ərizəsində istinad etdiyi Şair Bimyatovun adına olan torpaq sahələri Şair Biyatovun digər qohumlarının paylı mülkiyyətində olmaqla onların mülkiyyətində deyildir və vərəsəliyi qəbul etmədiklərindən həmin torpaqlardan da istifadə etmirlər. Ümumiyyətlə həmin torpağın harada yerləşdiyini belə bilmirlər. Cavabdeh4 sağlığından Quba rayonu Alekseyevka kəndində yaşayırlar. Həmin torpaq sahələri işdə olan sənəddən görünür ki, İsmayıllı rayonu ilə həmsərhəd ucqar Xaltan kəndindədir. Həmin torpaq sahələrini də miras kimi qəbul etməmişlər. Ona görə də, istifadə etmirlər və etməmişlər.İşə əlavə olunmuş X13 xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinin cavab məktubu ilə də təsdiq olunur ki, onların Cavabdeh4 vərəsələri kimi vərəsəliyi qəbul etməkləri barədə heç bir vərəsəlik işi açılmamışdır. Qanunvericiliyin tələbinə əsasən onlar borclunun vərəsəlik üzrə heç bir miras əmlakını qəbul etmədiklərindən həmin borcun ödənilməsində cavabdehlik daşımırlar.İddiaçı tərəfin həmin qətnamədən verildiyi apellyasiya şikayəti qanunsuz və əsassızdır.

İşdə iştirak edən şəxslərin izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Lakin apellyasiya şikayətinə etirazda maddi imkanları az olduğundan Sumqayıt Apellyasiya məhkəməsinə gəlibgetməkləri çətinlik yaradır. Ona görə də, həmin işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidi. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmeti cavabdehlərin mərhumun borclarına görə vərəsə kimi məsuliyyət daşıyıb-daşımaması ilə bağlıdır. 21.Qərarın 17-ci bəndində qeyd edilmiş mülki qanunvericiliyin tələblərinə görə, miras qoyanın hüquq və vəzifələri vərəsələrə yalnız mirasın qəbul edilməsi ilə keçir və vərəsələr miras qoyanın borclarına görə yalnız onlara çatan miras payı həddində məsuliyyət daşıyırlar.

22. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh4 2018-ci ildə vəfat etmiş, lakin onun adına notariat orqanlarında vərəsəlik işinin açılması faktı qeydə alınmamışdır. Cavabdehlər tərəfindən mirasın nə rəsmi, nə də faktiki qaydada qəbul edilməsi sübuta yetirilməmişdir. Onlar miras əmlakdan istifadə etmədiklərini bildirmiş, iddiaçı isə bunun əksini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.Həmçinin iş materiallarından görünür ki, mübahisənin predmeti olan torpaq sahələri ümumi paylı mülkiyyət hüququ ilə cavabdehlərə deyil, Cavabdeh4 ata, anası və qardaşlarına məxsus olmuşdur.

23. Apellyasiya şikayətində göstərilən, vərəsələrin mirasdan imtina etməmələrinin onların mirası qəbul etməsi kimi qiymətləndirilməsi barədə dəlillərə dair kollegiya qeyd edir ki, xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Qərarı mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından həmin Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və həmin vaxt məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edilmiş, vərəsəlik münasibətləri isə Cavabdeh4 vəfat etdiyi vaxt, yəni xx.xx.2018-ci ildə yaranmışdır.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 16 sentyabr 2025-ci il tarixli, e-2(027)-1237/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar