Məhkəmə qərarları › İş №2(105)-1725/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1725/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1725/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh, vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-8939/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-8939/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim A.İsmayılov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-8939/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1092/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8939/2019 saylı, 17 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(102)-1643/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1092/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci ildə bacısı qızı Cavabdeh 36.000 ABŞ dolları məbləğində borc verməsini, sonuncunun həmin borcun 20.000 ABŞ dolları məbləğində hissəsini qaytararaq, qalan borc məbləğini indiyə kimi qaytarmamasını əsas göstərməklə cavabdehdən onun xeyrinə 16.000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci il fevral ayının əvvəllərində Cavabdeh 36000 (otuz altı min) ABŞ dolları məbləğində borc pul vermiş və cavabdeh 2016-cı ilin dekabr ayında həmin pulun 20000 (iyirmi min) ABŞ dollarını həmin vaxtın manatla olan kursu əsasında, yəni 40000 manat olmaqla ona qaytarmış, lakin 16000 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehdən pulunu dəfələrlə tələb etsə də, o, pulu qaytarmamış və bundan sonra cavabdehin onu aldatması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Cavabdeh ondan borc pul aldığını etiraf etsə də, guya borcunun qalmaması barədə izahat vermişdir. Onun şikayəti əsasında Sumqayıt şəhər Pİnin 1-ci PB-də araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 21 sentyabr 2019-cu il tarixli qərar qəbul edilmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də izahat verən cavabdeh ondan guya 27000 manat məbləğində pul aldığını, həmin pulu guya o, cavabdehə faizə verdiyini və ona 40000 manat məbləğində pul qaytardığını bildirmişdir. Həqiqətən də, cavabdeh ondan borcu dollarla alsa da, ona 40000 manat pul qaytarmışdır. Lakin o, bacısı qızı olan cavabdehə faizə pul verməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməli, cavabdehdən onun xeyrinə 16000 ABŞ dolları pul tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. O, 2015-ci il fevral ayının əvvəllərində Cavabdeh 36000 (otuz altı min) ABŞ dolları məbləğində borc pul vermiş və yalnız o 2016-cı ilin dekabr ayında həmin pulun 20000 (iyirmi min) ABŞ dollarını həmin vaxtın manatla olan kursu əsasında, yəni 40000 manat olmaqla ona qaytarmışdır. Lakin onun 16000 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehdən pulunu dəfələrlə tələb etsə də, o, borcunu qaytarmamış və bundan sonra cavabdehin onu aldatması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Orada cavabdeh ondan borc pul aldığını etiraf etsə də, guya borcunun qalmaması barədə izahat vermiş və bundan sonra o, mülki qaydada məhkəmədə hazırki iddianı qaldırmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili Qasımlı Anar izahat verməklə cavabdehin ona olan 36000 ABŞ dolları məbləğində borcu əvəzinə, 40000 manat pul qaytardığını və bununla da ona borcunun qalmadığını bildirmişdir. Məhkəmə isə qarşı tərəfin izahatına istinad etməklə əsaslı olan iddia tələbini rədd etmişdir. O, pulu cavabdehə xarici valyutada vermiş və həmin pulu verən vaxt, yəni 2015-ci ilin aprel ayında 1 ABŞ dolları 1 manat 5 qəpik təşkil etmişdir. Lakin cavabdeh ona 40000 manat pulu qaytaran vaxt, yəni 2016-cı ilin dekabr ayında 1 ABŞ dolları 1 manat 92 qəpik təşkil etmiş və bu səbəbdən də onun verdiyi məbləğ həmin vaxtın valyutası ilə hesablandıqda, 20000 ABŞ dolları təşkil etmişdir. Beləliklə, 16000 ABŞ dolları məbləğində pul cavabdehin qalan borcunu təşkil edir və həmin pul da qaytarmalıdır. Məhkəmə bu halın araşdırmalı, pulun verildiyi vaxt, borcun qaytarıldığı zaman manatın dollara münasibətində məzənnələr arasında olan fərqi nəzərə almalı və həmin fərq əsasında iddia tələbinə qiymət verməli olduğu halda, bunu etməmiş, 2015-ci il illə 2016-cı il arasında manatın dollar qarşısında devalivasiyaya uğramasını və dəyərdən düşməsini nəzərə almamışdır. Cavabdehin nümayəndəsi 36000 ABŞ dolları məbləğində borcun olduğunu etiraf etdiyi üçün bu faktın təsdiqinə ehtiyac yoxdur, eyni zamanda o pulun 2015ci ildə verildiyini, lakin 2016-cı ildə 40000 manat şəklində qaytarıldığını da etiraf edir, yəni bu işin mübahisələndirilməyən tərəfidir. Lakin araşdırılmalı olan əsas məsələ həmin vaxtın məzənnəsi ilə qaytarılan pulun borcun hansı hissəsini təşkil etməsinə aydınlıq gətirilməsi olsa da, məhkəmə bu halı araşdırmamışdır. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Lakin borc ona cavabdeh tərəfindən qaytarılan vaxt, yəni 2016-cı ildə 1 ABŞ dolları 1 manat 92 qəpik təşkil etmiş, bu səbəbdən də onun ödədiyi məbləğ 36000 ABŞ dollarını əhatə etməmiş, cavabdehin ona borcu qalmışdır. Bu hallar məhkəmənin qəbul etdiyi qətnamənin qanunsuz olmasına dəlalət edir və buna görə də qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O, əlavə etdi ki, cavabdeh onun yaxın qohumu olduğuna görə ona faizlə borc verə bilməzdi. Borc verilən məbləğ isə onunla ərinin birgə nikahı zamanı əldə etdiyi mənzilin satışından əldə edilmiş vəsaitdəndir. Belə ki, həmin mənzil 2015-ci ilin fevral ayında, cavabdehin iştirakı ilə, 50000 manata satılmış və bu məbləğ əri ilə onun arasında tən yarı bölünmüşdür. Bu məbləği həmin dövrün məzənnəsilə məhz cavabdehin təhriki ilə 33000 ABŞ dollarına çevirmişlər. Özündə olan 3000 ABŞ dollarını da bura əlavə etmiş və həmin vaxt mənzilində qaldığı cavabdehə borc vermişdir. 40000 manatı isə cavabdeh ona 2016-cı ilin dekabr ayında qaytarmışdır ki, bu zaman qüvvədə olan məzənnə ilə bu, 20000 ABŞ dolları təşkil edirdi. Qalan 16000 ABŞ dollarını isə hazırkı iddia ilə tələb edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, həmçinin onun vəkili və nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz etdilər və bildirdilər ki, şikayət formal mülahizələrə əsaslanaraq tərtib edilmişdir. Cavabdeh əlavə etdi ki, başqa adamlara xeyli borcu olduğundan və bunları qaytarmaq lazım olduğundan, o, xalasından 2015-ci ilin fevral ayının əvvəllərində 27000 manat borc almış, xalası ona borcu ilə 5000 manat faiz qaytarmaqla vermiş, o, borcunu 2 il yarımdan sonra qaytarmışdır. Borcunun üstündə 13000 manat faiz vermiş, ümumilikdə xalasına 40000 manat qaytarmışdır. Hazırda onun cavabdehə heç bir borcu yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması barədə Sumqayıt şəhər Pİ-nin 1 saylı PB-nin 21 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı borcla bağlı Cavabdeh etdiyi şikayət əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Tərəflər borc məbləği ilə bağlı məhkəmə kollegiyasında verdikləri izahata uyğun izahatlar vermişlər. İşdə olan AN-İ ******* saylı, 06 fevral 2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov Çingiz Məmməd oğlu ünvan 1 ünvanındakı 2 otaqlı yaşayış sahəsini 50169 manata X1. Yenə işdə olan ərizədən (i.v..111) görünür ki, cavabdehin nümayəndəsi Anar Qasımlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclas protokolunda izahatının təhrif olunduğunu qeyd edərək göstərmişdir ki, güya cavabdehin iddiaçıya dollarla borclu olmasını bildirdiyini göstərərək iddianı etiraf etmişdir. Halbuki, məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirmiş, cavabdehin iddiaçıya 27000 manat borclu olmasını, həmin borcun əvəzində faizlə birlikdə 40000 manat qaytarmasını bildirmişdir. Əgər həqiqətən iddiaçının cavabdehə 36000 ABŞ dolları borc verməsini və həmin borcdan 40000 manat qaytarmasını etiraf etmiş olsaydı, iddia tələbi təmin edilərdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24.08.2020-ci il tarixli, 2(060)8939/2019 saylı qərardadından görünür ki, cavabdeh tərəfin məhkəmə protokoluna verdiyi qeyd rədd edilmişdir. Cavabdeh tərəfin iş materiallarına əlavə etmək üçün təqdim etdiyi CD dickə baxış keçirilmiş və bu çəkilişdə iddiaçının cavabdehin borcunu tam ödəməsini təsdiq etməsi faktı müəyyən edilməmişdir. Həmin diskdə 40000 manatın qaytarılması anı əks etdirilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini və mübahisə üzrə AR Ali Məhkəməsinin mövqeyini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər qohum olmaqla borc münasibətlərində olmuş, onlar arasında şifahi borc müqaviləsi bağlanmış və borcun alınması borclu tərəfindən də məhkəmə iclasında etiraf və təsdiq edilmişdir. Başqa sözlə, 2015-ci ildə tərəflər arasında borc münasibətlərinin yaranması işin mübahisəsiz hallarındandır. Hazırda əsas mübahisə borcun hansı məbləğdə və hansı valyuta ilə verilməsi, bundan asılı olaraq borcun tam ödənilib-ödənilməməsi barədədir. AR MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yenə həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçıya görə o, cavabdehə 2015-ci ilin fevral ayında 36.000 ABŞ dolları məbləğində borc vermiş və sonuncu həmin borcun 20.000 ABŞ dolları məbləğində hissəsinin əvəzi kimi ona 40.000 manat (1 ABŞ dollarının manata münasibətdə məzənnəsi 1 manat 92 qəpik olanda) qaytarmış, borcun 16.000 ABŞ dolları məbləğində hissəsi isə ona cavabdeh tərəfindən qaytarılmamışdır. Cavabdeh isə iddiaçıdan cəmi 27.000 manat məbləğində borc almasını və həmin borcun əvəzi kimi iddiaçıya faizləri ilə birlikdə 40.000 manat qaytarmasını bildirməklə iddianı qəbul etməsə də, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehin iddiaçıdan 36.000 ABŞ dolları məbləğində borc almasını etiraf etmişdir. Göründüyü kimi, iddiaçının hazırda göstərdikləri həm borcun hansı valyutada verilməsinə, həm də onun məbləğinə münasibətdə cavabdehin göstərdiklərindən fərqlidir. Cavabdeh aldığı 27.000 manat məbləğində borcun əvəzinə iddiaçıya 40.000 manat qaytarmasının səbəbini həmin borcu iddiaçıdan faizlə götürməsi ilə izah etmişdir. O, göstərmişdir ki, borc ona ildə 5000 manat faiz ödəmək şərtilə verilmiş, borc onda 2 il yarım qalmış, bu müddət üçün o, borcun üstündə 13000 manat faiz əlavə edilməklə 40000 manat məbləğində qaytarılmışdır. Lakin məhkəmə kollegiyası bu dəlilə tənqidi yanaşır və inandırıcı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, borc 2015-ci ilin fevral ayında götürülmüş, 40000 manat isə iddiaçıya 2016-cı ilin dekabr ayında qaytarılmışdır. Bu müddət aralığı isə cavabdehin qeyd etdiyi kimi, 2 il yarım deyil (30 ay), təqribən 22 ay müddət təşkil edir ki, bu müddət üçün 13000 manat deyil, təqribən 9000 manat faiz ödənilməli idi (ilə 5000 manat faiz tətbiq edilməklə). Məhkəmə iclasında iddiaçı cavabdehin onun bacısı qızı olmasını əsas göstərməklə borcu ona faizlə verməsini qəti inkar etmişdir. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında borc münasibətlərində faiz tətbiq edilməsi dəlili əsassızdır, yəni iddiaçı cavabdehə borcu faizlə verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin faiz tətbiq edilməyən 27000 manat borca görə iddiaçıya 40000 manat ödəməsi faktı borcun manatla deyil, məhz ABŞ dolları ilə verilməsinə dəlalət edir və bu xüsusda iddiaçının verdiyi izahatlar mübahisə üzrə yekun nəticəyə gəlməyə əsas verir. Cavabdeh aldığı 27.000 manat məbləğində borcun müqabilində faizlərlə birlikdə iddiaçıya 40.000 manat qaytarmasını bildirdiyi halda, birinci instansiya məhkəməsi cavabdehin irəli sürdüyü dəlilə uyğun olmayan nəticəyə gəlmiş, tərəflərin iş üzrə izahatların qiymət vermədən hesab etmişdir ki, iddiaçı iddiasını sübut edə bilməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin həmin nəticəsi tərəflərdən heç birinin göstərdiklərinə əsaslanmamaqla ziddiyyətlidir və cavabdeh tərəfindən iddiaçıya borcun qaytarılması nəticəsinə gəlmək üçün əsas vermir. İddiaçı tərəfindən cavabdehə borcun ABŞ dolları ilə verilməsi iddia olunduğundan, borcun manatla qaytarılması halında borcun məbləği həmin ərəfədə mövcud olan rəsmi məzənnəyə uyğun hesablanmaqla qaytarıla bilərdi. Belə olduqda, qaytarılan ərəfədə 40.000 manat təxminən 20.000 ABŞ dollarına bərabər olur və iddiaçının tələb etdiyi 16.000 ABŞ dolları həmin hesabdan yaranır. Beləliklə də, borclu cavabdeh iddiaçıdan aldığı pul vəsaitini geri qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) İstinad olunan maddi hüquq normalarının mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin razılaşdırılmış iradə ifadəsidir. İşdən göründüyü kimi, tərəflər borc münasibətində olmuş və öz iradə ifadələrini şifahi borc müqaviləsi formasında təsdiqləmişlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə əsasən, Cavabdeh İddiaçı kredit (borc) almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini kreditora qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edildiyi kimi borc öhdəliyi barədə müqavilə şifahi formada bağlanmışdır və hər iki tərəf bu faktı təsdiq edir. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və kreditor qarşısında borclu məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçıdan 36000 ABŞ dolları borc almış, bu borcdan 2016-cı ilin dekabr ayında 40000 manat qaytarmışdır. Həmin zamanın məzənnəsilə bu məbləğ 20000 ABŞ dolları təşkil etdiyindən hazırda cavabdehin iddiaçıya 16000 ABŞ dolları borclu qaldığı məlum olur. Həmin borc isə ödəniləcək vaxt qüvvədə olan məzənnəyə uyğun manatla ondan iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 439.1 və 439.2-ci maddələrinə görə pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə kollegiyası hesab edir ki, borc öhdəliyi ilə bağlı tərəflər arasında yazılı sübutlar olmasa belə, işin yuxarıda göstərilən halları iddianın əsaslı olmasını göstərir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını, həmçinin mübahisə üzrə Ali Məhkəmənin hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. İddiaçı apelyasiya baxışı zamanı işin faktiki halları ilə bağlı xronoloyi ardıcıllıqla dəqiq və inamlı cavab verdiyi halda, cavabdehin cavabları inamsız və ziddiyətli olmuşdur. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, tamamilə formal əsaslara görə İddiaçı qanuni tələbini təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə göstərilən halları tam araşdırmamış, tərəflər arasındakı münasibətlərə, onların izahatlarına düzgün qiymət verməmiş, borc götürülmüş və ödənilməmiş məbləğin qaytarılmaması işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı istər iddiasına, istərsə də apelyasiya şikayətinə dair dəlillərini sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün qiymət vermədiyindən qətnamə ləğv olunmalı, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-8939/2019 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin, apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 61,2 manat məbləğində dövlət rüsumu (30,4+15,4+15,4) cavabdehdən alınaraq İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 386, 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 2(060)-8939/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin olunsun. Cavabdeh 16000 ABŞ dolları pul (ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla) və iddia ərizəsinin, apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilmiş cəmi 61,2 manat məbləğində dövlət rüsumlarının əvəzi tutularaq İddiaçı qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar