Məhkəmə qərarları › İş №2(105)-1726/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1726/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1726/2021 14.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı X1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(027)-639/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın təmin edilməsi, Cavabdeh 9.500 (doqquz min beş yüz) manat məbləğində pulun iddiaçı X2 və 20.000 (iyirmi min) manat məbləğində pulun alınaraq İddiaçı2 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Gülnarə Tağızadə sədrlik edən və məruzəçi, Lətifə Məmmədova və Telman Quliyev) 2(105)-2416/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Quba rayon məhkəməsinin iş üzrə 25 fevral 2020-ci il tarixli 2(027)- 639/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2416/2020 nömrəli iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, İddiaçı2 Cavabdeh qarşı 20.000 (iyirmi min) manat məbləğində borcun tutulması tələbi hissəsində işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar X3 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh alınaraq 9.500 manat məbləğində borcun X2 və 20.000 manat borcun İddiaçı2 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Quba rayon məhkəməsinin 1(027)-95/2019 saylı, 07 avqust 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Cavabdeh barəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh məhkum edilməsinə səbəb onların aldatma yolu ilə pullarını ələ keçirməsi olmuşdur. Belə ki, Cavabdeh zərərçəkmiş şəxs C.Talıbovun İddiaçı2 vasitəsilə 6.000 manat məbləğində pulunu, zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 14.000 manat məbləğində pulunu, zərərçəkmiş şəxslər İddiaçı1, Q.Qasımova və H.Vahidlinin ümumilikdə 9.500 manat məbləğində pullarını ələ keçirməklə dələduzluq etməsi sübuta yetirilmişdir. Cavabdeh onlara ümumilikdə 29.500 manat məbləğində borcunun olması məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Cavabdeh onlara torpaq sahələri satmağı öhdəsinə götürsə də, onların pulunu mənimsəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba rayon məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsinin İddiaçı2 aid hissədə dəyişdirilməsini və həmin hissədə iddia tələbinin iddianın 14000 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçı2 14.000 manat pulu mənimsəmişdir, məhkəmə qətnaməsində isə onun İddiaçı2 20.000 manat pulunu mənimsəyərək ona həmin məbləğdə ziyan vurduğu qeyd edilib. İddiaçı2 iddia edərək tələb etdiyi 20.000 manatın 6000 manatı Ceyhun Talıbovun puludur, məhkəmədə o, iddianı etiraf edərkən İddiaçı2 14.000 manat nəzərdə tutub iddianı etiraf etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini zərərin mövcud olması, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdehin təqsirli olması öz təsdiqini tapması ilə əsaslandırmış, gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 386.1, 443.4, 1096.1, 1097.1, 1115, 1091.1-1091.2, 1092.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 254.1.4-cü maddələrinə istinad etmişdir. Bu nəticəni apellyasiya instansiya məhkəməsi qüvvədə saxlamış, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, apellyasiya məhkəməsi iş üçün əhəmiyyətli olmasına baxmayaraq, iddiçı İddiaçı2 tələb etdiyi 20.000 manat pulun 6000 manatını Ceyhun Talıbovun pulu olması və həmin pulun Ceyhun Talıbova qaytarıldığı, İddiaçı2 14.000 manat tələbini etiraf etməsi barədə dəlillərini ətraflı araşdırmamış, İddiaçı2 xeyrinə cavabdehdən vurulmuş ziyana görə 20.000 manat pulun tutulması hissəsində qətnaməni dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi istinad etdiyi hökmlə müəyyən edilmiş halları düzgün müəyyən etməmiş, X4 vurulmuş ziyanın İddiaçı2 tərəfindən tələb edilməsinə, onun belə bir hüququnun olub-olmamasına hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Cavabdeh apellyasiya şikayətindən görünür ki, o qətnaməni İddiaçı2 xeyrinə 20000 manat məbləğində borcun tutulması hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, Quba rayon məhkəməsinin 07.08.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməsi və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən onun 09.03.2019-cu il tarixdən 11.03.2019-cu il tarixədək tutulduğu 2 (iki) gün müddət, bir günə iki gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə hesablanmaqla, 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Məhkəmənin hökmü ilə (hökmün 13-cü səhifəsinin 3-cü abzasında) müəyyən edilmişdir ki, Cavabdeh zərərçəkmiş şəxs X6 Hacıyev vasitəsilə 6000 (altı min) manat məbləğində pulunu, zərərçəkmiş şəxs Etibar Hacıyevin ümumilikdə 14000 (on dörd min) manat məbləğində pulunu, zərərçəkmiş şəxslər X5 Qasımovanın və Hicran Vahidinin Nemət Heydərovun vasitəsilə ümumilikdə 9500 manat məbləğində pullarını ələ keçirməklə, zərərçəkmiş şəxslərə xeyli ziyan vurmaqla dələduzluq etməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Həmin hökmdə Ceyhun Talıbov da zərərçəkmiş şəxs kimi göstərilmiş, həmçinin İddiaçı2 6000 manat pul müqabilində Cavabdeh 1997-ci il butraxılışlı “Mersedes Bens C230” markalı avtomobil verməsi ilə bağlı hissə ittihamdan xaric edilmişdir (hökmün 12-ci səhifəsində sonuncu, 13-cü səhifəsində birinci abzas). Göründüyü kimi İddiaçı2 Cavabdeh tələb etdiyi 20000 manat məbləğində pulun 6000 manatı, Ceyhun Talıbova məxsus olması qanuni qüvvədə olan hökmlə də müəyyən edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4. maddəsi). Həmçinin Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 maddələri). “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 tələb etdiyi 20000 manat məbləğində pulun 6000 manatı C.Talıbova məxsus olduğundan, iddiaçının Ceyhun Talıbova vurulmuş ziyanı tələb etmək hüququ olmamışdır. Lakin iddianı bu hissədə təmin edən məhkəmə istinad etdiyi hökmlə müəyyən edilmiş halları düzgün müəyyən etməmiş, C.Talıbova vurulmuş ziyanın İddiaçı2 tərəfindən tələb edilməsinə, onun belə bir hüququnun olub-olmamasına hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan apellyasiya şikayəti təmin edilməli, Quba rayon məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba rayon məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 Cavabdeh qarşı iddia tələbi qismən təmin edilsin. Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul alınaraq İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar