Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1729/2022 19.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı, onun nümayəndəsi vəkil X1, qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli, 2(060)-4997/2021 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)-3768/2011 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyev sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadə və L.M Məmmədovadan ibarət tərkibdə) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 31 may 2022-ci il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)- 3768/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 41a, 4a saylı evin, 8 saylı mənzilinə istifadə hüququnun tanınmaqla həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2009-cu ilin dekabr ayında faktiki, xx.xx.2014-cü il tarixdə isə nikah münasibətlərini rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Fatimə və xx.xx.2019-cu il təvəllüdlü Mədinə adlı iki nəfər uşaqları doğulmuşdur. O, 2009-cu ildən sözügedən mübahisəli mənzilə yəni, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə gəlin köçmüşdür. Ailə qurduqları gündən o, cavabdehlə birlikdə həmin ünvanda yaşamış və birgə təsərrüfat aparmışlar. Nikahlarının ilk illərində münasibətləri normal olsa da, son vaxtlar cavabdehin təqsiri üzündən ailədəki münasibətlər gərginləşmiş və dözülməz həddə çatmışdır. Bir müddət öncə aralarında mübahisə olduğu üçün o, məcbur olub, uşaqları ilə birlikdə mənzili tərk etmişdir. Bir müddət sonra uşağının paltarlarını götürmək üçün mənzilə qayıtdıqda, mənzilin çöl qapısının açarının dəyişdirildiyinin şahidi olmuş və dərhal cavabdehə mənzilə qayıtmaq istədiyini bildirsə də cavabeh, onu mənzilə buraxmamışdır. Hazırda, uşaqlar onun himayəsindədir və onlar ayrı yaşayırlar. Cavabdeh onu və uşaqları evə buraxmır. Hal-hazırda evsiz qalmışdır, yaşamağa yeri yoxdur və müvəqqəti olaraq valideynlərinin yanında yaşayır. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Sumqayıt şəhəri, məhəllə 41a., 4a saylı evin, 8 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə 08 iyul 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahdan Mədinə və Şəbinə adlı iki nəfər uşaqları doğulmuşdur. Ailə qurarkən özünə məxsus mənzili olmamış və İddiaçı onun qardaşına məxsus olan ünvan 2 ünvana gəlin köçmüşdür. Həmin vaxt mənzilin mülkiyyətçisi qardaşı X5 olmuşdur. Onlar ailə qurduqdan xeyli müddət sonra qardaşı Vaqif Nəsibov qeyd olunan mənzili bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Qardaşı həmin mənzili 18 avqust 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 almış, mənzil onun xüsusi mülkiyyəti olmuşdur. Ailə quran zaman yaşamağa yeri olmadığı üçün qardaşına məxsus mənzildə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçı heç bir əsas olmadan, onunla birlikdə bir ailədə yaşamaq istəmədiyini bildirərək, özü öz təşəbbüsü ilə məhkəməyə müraciət edərək, nikahın pozulmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulmuşdur. İddiaçı artıq onun ailə üzvü deyil, onların arasında olan ailə münasibətlərinə xitam verilmiş, məhkəmə qətnaməsindən 4-5 ay öncə isə ümumiyyətlə o, azyaşlı uşaqlarını da götürüb qeyd olunan mənzildən öz istəyi ilə getmiş və hal-hazırda öz valideynlərinə məxsus mənzildə yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 18 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcələsinin 228.5-ci maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin və Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməməsini ilk iddia tələbinin hüquqi əsasının olmaması, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzilə istifadə hüququnun olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan ilkin iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan ilkin iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi iddiaçının tələbinə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi baxımından hüquqi qiymət verməməsi, iddiaçının müəyyən müddətə mənzildən istifadə hüququnun saxlanılması üçün onun başqa yaşayış sahəsinin olub-olmaması, iddiaçının maddi vəziyyətinin və diqqətə layiq digər hallarının (öhdəsində iki azyaşlı uşağının olması) özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-verməməsi istiqamətində heç bir araşdırma aparmamasını, halbuki apellyasiya şikayətinin əsas dəlillərindən də birinin bu olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İlkin iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, ilkin iddiaçı qətnaməni ilkin iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsində göstərilənləri və eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ilkin İddiaçı ilə Cavabdeh 2009-cu ildə faktiki, xx.xx.2014-cü il tarixdə isə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Fatimə və xx.xx.2019-cu il təvəllüdlü Mədinə adlı iki uşaqları doğulmuş, ilkin iddiaçı 2009-cu ildən ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçmüşdür. Həmçinin işin mübahisə olunmayan digər halı odur ki, mübahisəli mənzil Sumqayıt şəhər 1 saylı dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4Ə-2-54 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının qardaşı X4 adına qeydiyyata alınmış, Sumqayıt “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2014-cü il tarixli, 4Ə- 5260 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən isə sözügedən mənzil cavabdehə bağışlanmış və ona ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda mənzilin mülkiyyətçisi Cavabdehdur. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(060)4326/2021 nömrəli qətnamə ilə Cavabdeh və İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Sumqayıt nikah evində bağlanmış 186 nömrəli akt qeydli nikah pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2009-cu ilin dekabr ayından tərəflərin faktiki nikahda olmalarına və iddiaçının həmin vaxt mübahisəli mənzilə köçərkən mənzilin qaynının mülkiyyətində olmasına istinad edərək, onunla mülkiyyətçi arasında razılaşma olmadığından, iddiaçının mənzildə istifadə hüququnun yaranmadığı barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır (Ailə Məcəlləsinin 1.4-cü maddəsi) İşdən görünür ki, tərəflər arasında rəsmi nikah xx.xx.2014-cü il tarixdə bağlanmış, mübahisəli mənzil də iddiaçının ərinin mülkiyyətinə xx.xx.2014-cü il tarixdə bağışlama müqaviləsinə əsasən keçmişdir. Göründüyü kimi, mübahisəli mənzil Cavabdeh qardaşı X5 tərəfindən bağışlanılmış və o həmin mənzilə çıxarış almışdır. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin mülkiyyətçisi dəyişdiyi və mənzil iddiaçının ərinin mülkiyyətinə keçdiyi gündən iddiaçının Mənzil Məcəlləsinin 30.1. və 30.2. maddələrinə əsasən ailə üzvü kimi mənzildən istifadə hüququ yaranmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (Mənzil Məcəlləsinin 30.1-30.2-ci maddələri). Mənzil Məcəlləsinin 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İlkin iddiaçı ərizəsində, həm apellyasiya şikayətində, eləcə də təkrar apellyasiya baxışında da iki azyaşlı uşaqlarının da onun himayəsində olmaqla, başqa yaşayış sahəsinin olmadığını və özünü başqa yaşayış sahəsi ilə təmin etməkdə maddi cəhətdən çətinlik çəkdiyini, mübahisəli mənzili isə məcburiyyət qarşısında tərk etdiyini bildirmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçı mübahisəli mənzilə köçdükdən sonra həmin mənzilə cavabdeh bağışlama qaydasında mülkiyyət hüququ əldə etdiyindən, iddiaçı ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notarial qaydada təsdiqlənmiş yazılı razılaşma bağlanmasına zərurət olmadığından, onunla birgə yaşayan ailə üzvü (arvadı) kimi iddiaçınında həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququ yaranmışdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçı mənzilə cavabdehin ailə üzvü kimi həmin mənzildə istifadə hüququ yarandığından, ilkin iddia tələbi təmin edilməli, iddiaçı azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 41a, 4a saylı evin, 8 saylı mənzilinə istifadə hüququnun tanınmaqla, həmin mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadında qeyd edilmişdir ki, mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında nikah münasibətlərinə xitam verilsə də, ilkin iddiaçının cavabdehə məxsus olan mübahisəli mənzildə istifadə hüququ Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbi baxımından müəyyən müddətə, yəni 4 il müddətinə saxlanılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə ilkin iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlkin İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qətnaməsi ilkin iddia tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. İlkin İddiaçı azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 41a, 4a saylı evin, 8 saylı mənzilinə istifadə hüququ tanınmaqla, həmin mənzilə köçürülsün və bu mənzildə istifadə hüquqları 4 il müddətinə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1729/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1729/2022
19.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver