Məhkəmə qərarları › İş №2(105)-1730/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1730/2024

28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1730/2024 28.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əmirhüseyn oğlunun Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Əmirhüseyn oğlunun Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)- 5169/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 22300 (iyirmi iki min üç yüz) manat maddi zərərin əvəzinin və ödənilmiş 157 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui-istifadə edərək sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında nəzarətçi işləyən oğlu X2 və Azərbaycan Respublikası FHN-nin Binəqədi rayonu 1 saylı Yanğından Mühafızə İdarəsində yanğınsöndürən işləyən digər oğlu X3 zabit rütbəsinin veriləsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayının ortalarında İddiaçı ünvan 1 ünvanında 11000 (on bir min) manat, 15 gündən sonra Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Simurq» şadlıq sarayının qarşısında 4500 (dörd min beş yüz) manat, 15 gündən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 1000 (bir min) manat, 2017-ci ilin iyul ayının əvvəllərində İddiaçı tanışı Tamara adlı qadından onun yaşadığı Sumqayıt şəhəri, 16-cı məhəllə, 1 saylı bağçanın inzibati binasında 3500 (üç min beş yüz) manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 2300 (iki min üç yüz) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 22300 (iyiımi iki min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla əlaqdar olaraq Cavabdeh, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli və 1(060)-260/2020 saylı hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Cavabdeh, hazırda azadlıqda olmasına baxmayaraq İddiaçı vurmuş olduğu 22300 (iyirmi iki min üç yüz) manat miqdarında maddi zərəri ödəməkdən yayınır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)-260/2020 saylı hökmünün surətindən görünür ki, həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilininmiş və ona, 3 (üç) il müddətinə azadlıqdan məhrum cəzası təyin edilmiş, Cavabdeh həbsdə saxlanıldığı iki günün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılması və onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum cəzasının təyin edilməsi hökm edilmişdir. Zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

5. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)- 5169/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddianın təmin edilməsi, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 22300 (iyirmi iki min üç yüz) manat məbləğində pul və 157 (bir yüz əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2, 180.2, 181 və 179.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1 və 1097.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 119.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)-5169/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, 2017-ci ilin avqust ayından İddiaçıla münasibətləri olmayıb, yəni həmin tarixdən sonra onunla görüşməmiş və ona zəng etməmişdir, bir sözlə 2019-cu ilin mart ayında iddiaçının ona 11.000 (on bir min) manat pul verməsi öz tədiqini tapmır. Bundan başqa iddiaçının sübut kimi iddia ərizəsinə əlavə etdiyi hökmlə bağlı bildirir ki, həmin hökmün hazırkı mülki məsələyə heç bir aidıyyatı yoxdur. Çünki o, cəzasını çəkmiş və 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. İstər həmin müddətdə, istərsə də, o, həbsdən çıxanda onun kiməsə borcu olması barədə ona bir söz deyilməyib. Həmçinin ona cəza verilməsi ilə bağlı işə baxılan zaman da İddiaçı ona borcunun olması barədə nə şifahi, nədə ki, yazılı qaydada tələbi və ya xahişi olmayıb, yəni İddiaçı 15 oktyabr 2020-ci il tarixdə onun barəsində hökm çıxan müddətə kimi ona borcu ilə bağlı iddiası olmayıb, yalnız 2024-cü ildə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan pul tələb etmişdir. Belə olan təqdirdə hesab edir ki, iddiaçı tərəfindən iddia ərisəsinə verilməsinə görə nəzərdə tutulan iddia müddəti ötürülmüş, məhkəmə isə bütün bu halları nəzərə almamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, onun barəsində hökm çıxarılanadək iddiaçı hazırkı tələblə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin barəsində olan cinayət işinə baxılarkən özünü təqsirli hesab etməmişdir. Məhkəmə iddiaçı tərəfindən iddia müddətin ötürülməsi ilə iddianın verilməsini nəzərə almamışdır. Həmçinin iddia tələbində göstərilən pulun yalan olmasını təsdiq edən digər hal iddiaçı ilə 2017-ci ilin avqust ayından münasibətinin kəsilməsidir. Lakin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya 2019-cu ilin mart ayında 11.000 (on bir min) manat ona pul vermişdir. Məhkəmə isə bu halları araşdırmadan, məhkəmə hökmünü sübut kimi qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

11. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri

12. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.2. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

16. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 22300 (iyirmi iki min üç yüz) manat maddi zərərin əvəzinin və ödənilmiş 157 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)- 5169/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi qət edilmişdir.

19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)-260/2020 saylı hökmündən görünür ki, Cavabdeh özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı etibarından sui istifadə edərək sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq Təcridxanasında nəzarətçi işləyən oğlu X2 və Azərbaycan Respublikası FHN-nin Binəqədi rayonu 1 saylı Yanğından Mühafizə idarəsində yanğınsöndürən işləyən digər oğlu X3 zabit rütbəsinin verilməsinə köməklik edəcəyinə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin mart ayının ortalarında İddiaçı ünvan 1 ünvanında 11000 (on bir min) manat, 15 gündən sonra Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən «Simurq» şadlıq sarayının qarşısında 4500 (dörd min beş yüz) manat, 15 gündən sonra Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 1000 (bir min) manat, 2017ci ilin iyul ayının əvvəllərində İddiaçı tanışı Tamara adlı qadından onun yaşadığı Sumqayıt şəhəri, 16-cı binasında 3500 (üç min beş yüz) manat, xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən iş yerində 2300 (iki min üç yüz) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 22300 (iyirmi iki min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

20. Məhkəmə Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 1(060)- 260/2020 saylı hökmünün preyudisiallığını nəzərə alaraq hesab etmişdir ki, hazırkı iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh cinayət nəticəsində vurulmuş zərərin əvəzi olan 22300 manat məbləğində pul tutulub İddiaçı ödənilməlidir.

21. Məhkəmə həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

22. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

23. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)-5169/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlilinə gəlincə isə həmin dəlili əsassız hesab edir.

26. Belə ki, kollegiya qeyd edir ki, araşdırılan mübahisə delikt öhdəliyi institutuna aid olumaqla, bu növ öhdəliklərdən irəli gələn tələblərə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, zərərin vurulması ilə xarakterizə olunan hərəkətlər cavabdeh tərəfindən 2019-cü ildə törədilmişdir. Odur ki, kollegiya araşdırılan mübahisə üzrə iddia müddətinin tətbiq edilməsi üçün əsas olmadığını hesab edir.

27. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış, formal mülahizələrdən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(060)-5169/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar