Məhkəmə qərarları › İş №2(105)-1732/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1732/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1732/2024 06.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)- 642/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq, 09 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsi ilə hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-642/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia qismən təmin edilmiş, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan etibarən 09 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Siyəzən Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(059)-351/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı azad edildiyi 48,20 manat dövlət rüsumunun 85%-i, yəni 40,97 (qırx manat 97 qəpik) manatı Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə bruaxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinə aşağıda göstərilənlərə əsasən apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənn 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Hazırki işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərəkən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməmiş, buna dair qəbzi şikayətə əlavə etməmişdir. Şikayətin sonunda dövlət rüsumundan azad edilməsi qeyd edilmişdir. Halbuki, qanunvericilikdə alimentə dair iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Hazırkı iddia üzrə isə şikayət verən şəxs cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyünün yoxlanılması dedikdə, işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması, yəni apellyasiya şikayətinin aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə düzgün verilib-verilməməsi, apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilib edilməməsi, apellyasiya şikayətinin müəyyən edilmiş müddət ərzində verilib-verilməməsi daxildir. Məhkəmə kollegiyası həmçinin qedir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən yuxarıda qeyd olunan nöqsanlara diqqət yetirmədən, Mülki Prosessual Məcəlləsinin 361-363-cü maddəsinin tələbinə əməl etməyərək, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 361-363-cü maddələrinin tələblərinə uyğun olmadığından, bununla da işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-642/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayəti üzrə Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Siyəzən Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar