Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1734/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(012)-1015/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbi qismən təmin edilməsi, Cavabdeh 30.05.2008-ci il tarixli kredit müqaviləsi üzrə 2476,33 manat əsas borc, 603,64 manat faiz borcu, 90 manat cərimə borcu, 1384,82 manat gecikdiril miş vaxt üçün hesabalanan illik 5% məbləği olmaqla, cəmi 4554,79manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Bankın xeyrinə 2477 manat əsas borc, 2569 manat faiz borcu, cəmi 5046 manat kredit borcunun, 0,50 manat poçt xərcinin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Bankın xeyrinə 2476,33 manat əsas borc,603,64 manat müqavilənin müddətinin bitmə tarixinə faiz borcu, 995,34 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış cərimə, 1384,82 manat gecikdirilmiş vaxt üçün hesabalanan illik 5% məbləği olmaqla, cəmi 5460,13 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30.05.2008-ci il tarixli, kredit müqaviləsinə əsasən 12 ay müddətinə borcalana 30 faiz ödəməsi şərtilə 2500 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdehnın 30.05.2008-ci il tarixli, MXD-2011 İ-50 saylı kredit müqaviləsi üzrə 06.12.2013-cü il tarixinə 2477 manat əsas borc, 2569 manat faiz borcu, cəmi 5046 manat kredit borcu mövcuddur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron rayon məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, düzgün nəticəyə gəlməyərək qanunsuz və ədalətsiz qərar qəbul etmiş, hüquqlarını pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. İşdən göründüyü kimi cavabdeh iddiaçının tələb etdiyi pulun ona verilməsini deyil, pulun ondan tələb edilməsi üçün müddətin ötürülməsini mübahisələndirildiyindən, iddiaçı pulun cavabdehə verildiyini sübut etmək yükündən azaddır. Məhkəmə kollegiyası Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (Mülki Məcəllənin 373.2. maddəsi). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Qeyd etmək lazımdır ki, iddiaçı mövcud müqavilənin 30.05.2008-ci il tarixdən 30.05.2009-cu il tarixədək, yəni 12 ay müddətinə bağlandığını bildiyi halda, həmin müqavilə üzrə cavabdehin ödəməli olduğu pul məbləğinin ondan tutulmasından ötrü məhkəməyə 16.12.2013-cü il tarixdə, yəni üç ilik müddəti (30.05.2012-ci il tarixədək) ötürməklə müraciət etmişdir. İddiaçının ödəmələrin aparılması barədə siyahıda göstərilən (sonuncu ödəniş kimi 50 əlli manat 29.02.2012-ci il tarixə) ödənişlə bağlı təqdim etdiyi maliyyə arayışına gəldikdə məhkəmə kollegiyası hesab edir ki, bu iddiaçının subyektiv mülahizəsinə əsaslanır və işdə olan digər sübutlarla öz təsdiqini tapmır. Bununla yanaşı həmçinin qeyd olunmalıdır ki, iddia ərizəsi 03.03.2014-cü il tarixdə məhkəmə tərəfindən baxılmamış saxlanılmış və iddiaçı həmin qərardaddan 30.12.2019-cu il tarixdə, yəni 5 il 27 gün sonra şikayət vermişdir. Halbu ki, iddiaçı hüquqi şəxsdir məhkəməyə ünvanladığı ərizənin nəticəsini öyrənmək üçün (müddətin axımı baxımından hansı nəticəyə səbəb olacağını bildiyi halda) kifayət qədər vaxt və imkan malik olduğu halda, bundan istifadə etməmiş və sonda onun özü üçün neqativ nəticəyə səbəb olmuşdur. İddia müddətinin axımının kəsilməsinin əsasları Mülki Məcəllənin 380.1. maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia irəli sürülməsi dedikdə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi başa düşülür. “Qanunla müəyyən edilmiş qaydada iddia qaldırması” o deməkdir ki, iddiaçı iddia qaldırması ilə bağlı qanunvericilikdə qoyulmuş qaydalara–aidiyyət və məhkəmə aidiyyəti qaydalarına, iddianın verilməsi şərtlərinə (o sıradan iddia ərizəsinin forması və məzmununa, dövlət rüsumunun ödənilməsi), prosessual qanunvericilikdə nəzərdə tutulan başqa tələblərə əməl etməlidir. Şübhəsizdir ki, belə iddia iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Qeyd olunan normalara əməl etmədən irəli sürülmüş iddia müəyyənləşdirilmiş qaydada irəli sürülmədiyindən, iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia müddətinin axımı davam edir. Məlumdur ki, mülki iş üzrə məhkəmə baxışı işin mahiyyəti üzrə qətnamə qəbul etməklə və ya işin mahiyyəti üzrə qətnamə qəbul etmədən ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmaqla başa çatdırılır. Mülki Məcəllənin 381.1. maddəsinə əsasən iddia məhkəmə tərəfində baxılmamış saxlanılmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə mülki mübahisənin mahiyyəti üzrə həll etmədən iddia ərizəsinin baxılmamış saxlandığı halda iddia müddətinin axımı və hesablanması qaydaları tənzim edilir. Bir qayda olaraq iddia mahiyyəti üzrə baxılmamış saxlanmışsa, iddia müddəti heç bir dəyişkənliyə uğramadan ümumi qaydada davam edir. Belə ki, iddia irəli sürülənədək başlanmış iddia müddəti qüvvədə qalır və ümumi iddia müddətinə daxil edilir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin yuxarıda qeyd edilən dəlili iddia müddətinin axımının kəsilməsi üçün əsas ola bilməz. Göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron rayon məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron rayon məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1734/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1734/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver