Məhkəmə qərarları › İş №2(105)-1734/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1734/2023

19.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1734/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X14 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(060)-2347/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən məhkəmə qətnaməsinə əsasən tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün hər uşağa 220 manat olmaqla, ümumilikdə 660 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2010-cu il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəlldlü X4 və xx.xx.2009-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 adlı üç övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında normal olsa da, sonradan münasibətləri pisləşmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, birgə nikahlarından olan uşaqların iddiaçının yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə cəmi 360 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdehin ödədiyi aliment bugünkü iqtisadi münasibətlərlə uyğun gəlmir. Uşaqlar günü gündən böyüyür və böyüdükcə xərcləri də artmaqdadır.

3. İddia ərizəsinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(060)-2347/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9277/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2009-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəlldlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulmasının hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlanması qət edilmişdir (hakim Emin Abdullayev).

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı cavabdehdən hər bir uşağa 220 manat olmaqla, ümumilikdə 660 manat məbləğində aliment tələb etsə də cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 78.1, 112.1ci maddələrinə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(060)-2347/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Şikayətin dəlilləri:

8. İddiaçı ilə xx.xx.2010-cu il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəlldlü Zərifə, xx.xx.2009-ci il təvəllüdlü Zəhra, xx.xx.2014-cü il təvəllüdlü Murad adlı üç övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların iddiaçının yanında qalmaları və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə cəmi 360 manat alimentin ondan tutularaq iddiaçıya verilməsi qət edilmişdir Belə ki, məhkəmə iclasında iş yerindən arayışı məhkəməyə təqdim etsə də aylıq gəlirini nəzərə alaraq qətnamə çıxartsa da, öhdəlikləri, maddi tələbatlarını nəzərə almamışdır. Məhkəmə bu və digər halları düzgün araşdırmamış, onun fikrini doğru düzgün öyrənməmişdir. Məhkəmədə iş üzrə qətnamə qəbul edərkən iddia ərizəsində göstərilənlərə və artırılmış yaşayış minimumuna əsaslanmışdır. Məkəmənin diqqətinə çatdırmaq istəyir ki, uşaqların mənafeyi ilə aliment ödəyən valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Həmçinin uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından , bütün xərclərin də bir nəfərə həvalə edilməsi məqsədə müvafiq hesab edilə bilməz. Bundan əlavə məhkəmədə aylıq kredit öhdəlikləri ilə bağlı məlumat verərək lazımi sənədləri də təqdim edib. Həmçinin həmin kredit birgə nikah dövründə götürülmüş və ailənin ehtiyac və tələbatlarını ödənilməsi üçün xərclənmişdir. Hal-hazırda da həmin kredit öhdəliyi ondadır, ödəyir. İddiaçı iddiasını 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırılmışdır. İddianın mövqeyinə görə yaşayış minimumunun məbləğinin miqdarının alimentin artırılmasına aid edilməsini əsas götürür. Lakin bu qeyri-müəyyənliklər yaradır. Həmçinin onun hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, alimentin miqdarının müəyyən edilməsi zamanı “Yaşayış minimumu haqqında” Qanunun normaları deyil, onun maddi və ailə vəziyyəti əsas götürülməlidir. Belə ki, "Azertexnolayn “ MMC-də X8 Metal əritmə sahəsi Tökmə və avtomatik qəlibləmə bölməsində metaltökücüsü vəzifəsində işləyir, aylıq əmək haqqı 889 manat təşkil edir. Hesab edir ki, məhkəmə alimentin artırılmasına dair işlərə baxarkən üzərində olan digər öhdəlikləri və ya onun maraqlarına toxunan hallar nəzərə alınmalıdır. Alimenti yeni artımla ödənməli olduğu halda əmək haqqından 349 manatı qalır. Bu da maaşın 50% -dən çoxunu təşkil edir. Halbuki qazancı sabit olunduğuna görə əmək haqqının 50% dan çoxu olmamalıdır. Ona görə də hesab edir məhkəmə bu kimi halları nəzərə almalı idi.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(060)-2347/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(060)-2347/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

13. İşə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehin nümayəndəsi, bacısı X7 məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Cavabdeh yeni faktiki nikaha daxil olub. Qısa müddət sonra nikahını rəsmiləşdirəcək. Aldığı aylıq maaşdan müəyyən məbləğdə tutulmalar olur. Cavabdehin heç bir əlavə gəliri yoxdur. Cavabdeh ümumilikdə 400 manat məbləğində aliment ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maadə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

17. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir.

17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3. Aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahalartını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından Zərifə xx.xx.2008ci ildə, Zəhra xx.xx.2009-cu ildə, Murad xx.xx.2014-cü ildə doğulmuşlar.

22. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları və onların yetinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 360 manat manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya verilməsi qət edilmişdir.

23. "Azertexnolayn “ MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən cavabdeh xx.xx.2021-ci il tarixində "Azertexnolayn “ MMC-yə işə qəbul olunub. Hal-hazırda X8 Metal əritmə sahəsi Tökmə və avtomatik qəlibləmə bölməsində metaltökücüsü vəzifəsində işləyir. Aylıq əmək haqqı 889 manat təşkil edir.

24. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən cavabdeh "Azertexnolayn “ MMC-də maşın operatoru vəzifəsində çalışır. Onun aylıq əmək haqqı 1020 manat təşkil edir.

25. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15781/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehdən 4154,63 ABŞ dolları məbləğində borc "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

26. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı cavabdehdən hər bir uşağa 220 manat olmaqla, ümumilikdə 660 manat məbləğində aliment tələb etsə də cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir.

28. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

29. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 120 manat məbləğindəki aliment 2019-cu ildə, yəni uşaqların 11, 10, 5 yaşları olanda tutulmuş, hazırda isə uşaqlar müvafiq olaraq 15, 14 və 9 yaşları var.

30. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna 4 dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.

31. eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, 2023-cü il üçün ölkə ərazisində uşaqların yaşayış minimum 220 manat müəyyən edilsə də məhkəmə iddiaçı ilə yanaşı cavabdehin də maraqlarını və maddi vəziyyətini nəzərə alaraq tələbi qismən təmin edərək hər uşaq üçün 180 manat aliment müəyyən etmişdir.

32. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış alimentin tutulma vaxtının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı olması barədə gəldiyi nəticədə haqlı olmuşdur.

33. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz.

34. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. 35..Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək hər uşaq üçün 180 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, maddi vəziyyətinin aşağı olması, ikinci dəfə nikaha girməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən dəlillər cavabdehin uşağını saxlamaq öhdəliyindən azad etmir.

37. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, e- 2(060)-2347/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, e-2(060)-2347/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar