Məhkəmə qərarları › İş №2(105)-1737/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1737/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1737/2024 05.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment miqdarının dəyişdirilməsi) X9 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu MƏmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(060)-4013/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh onun himayəsində olan xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəlüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılıb sabit pul məbləğində hər ay hər uşağa görə 235 manat olmaqla, üç uşağa görə 705 manat müəyyən edilərək alınıb ona verilməsi, habelə mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənib rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəlüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri tutmadığından rəsmi ayrılmış və İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən himayəsində olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 50 manat olmaqla, üç uşağa görə ümumilikdə ayda 150 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi müəyyən edilmişdir. Cavabdeh işləyir, pul qazanır, lakin himayəsində olan uşaqlar maddi cəhətdən ehtiyac içində yaşayırlar. Alimentin müəyyən edildiyi vaxtdan bəri ölkədə uşağın yaşayış minimumu artırılaraq bu il ayda 235 manat müəyyən edilmişdir. Cavabdeh uşaqların dolanışığı ilə maraqlanmır. Hazırda müəyyən olunmuş alimentlə uşaqların saxlanması mümkün deyil. İstehlak malları xeyli bahalaşmışdır. Uşaqlar məktəbli olduğuna görə məktəbli paltarları, dərs ləvazimatı alınmasına xeyli vəsait tələb olunur. Ona görə də hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 235 manata çatdırılmalıdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. AZ-İİ 548294, AZ-İİİ 371985 və AZ-İİİ 371986 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X10 xx.xx.2006-cı ildə, X6 xx.xx.2008-ci ildə, X7 xx.xx.2009-cu ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır.

5. AZ-İ 169886 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmiş, bu barədə İmişli rayon qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 18 nömrə ilə qeyd edilmişdir.

6. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci, 10 manat kargüzarlıq xərci ödəmişdir.

7. İmişli Rayon Məhkəməsinin 2(036)-881/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən bağlanmış 15 dekabr 2006-cı il tarixli, 2016 saylı nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahdan 27 sentyabr 2006-cı il tarixdə doğulmuş X10, 20 fevral 2008-ci il tarixdə doğulmuş X6 və 20 mart 2009-cu il tarixdə doğulmuş X7 adlı 3 nəfər uşağın anaları İddiaçı yanında qalması, 27 sentyabr 2006-cı il tarixdə doğulmuş X10, 20 fevral 2008-ci il tarixdə doğulmuş X6 və 20 mart 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin 30 noyabr 2012-ci il tarixdən başlayaraq tutulub İddiaçı xeyrinə verilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(060)-4013/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 2(036)-881/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəlüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2, 100.2, 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, “Uşaq hüquqları haqqında” Konvensiyanın 5 və 27-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 119.2, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(060)-4013/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsasında xx.xx.2012-ci il tarixli 2(036)-881/2012 saylı İmişli Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmasıının müəyyən olunması və həmin uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 50 manat ümumilikdə 150 (yüz əlli) manat miqdarında alimentin tutulub Arzuya verilməsi qət edilmişdir. Maddi imkanı olmadğından tərəfindən borc yaranmış və həmin borcu hissəhissə ödəyir. Bildirir ki, İddiaçı 2014-cü il tarixdə ikinci dəfə X8 ilə ailə həyatı qurmuş və hazırda həmin ailəsi ilə Bakı şəhərində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.5-ci maddəsinə görə əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda Aliment öhdəliklərinə xitam verilir. Əlavə olaraq bildirir ki, o, rəngsaz işləyir. İşi, gəliri sifarişdən asılıdır. Gəliri sabit olmadığı üçün ödəyə bilmədiyi aylar borc yığılacaq. Bu da ona çətinlik yaradacaq. Hesab edir ki, məhkəmə qərar çıxaranda bu halları nəzərə almalıdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İş üzrə Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

17. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

19. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

20. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

21. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

24. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İmişli Rayon Məhkəməsinin 2(036)-881/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsi ilə 27 sentyabr 2006-cı il tarixdə doğulmuş X10, 20 fevral 2008-ci il tarixdə doğulmuş X6 və 20 mart 2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin 30 noyabr 2012-ci il tarixdən başlayaraq tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda, İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh onun himayəsində olan xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəlüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılıb sabit pul məbləğində hər ay hər uşağa görə 235 manat olmaqla, üç uşağa görə 705 manat müəyyən edilərək alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir.

26. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 2(036)-881/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəlüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

27. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Hansı ki, İmişli Rayon Məhkəməsinin 2(036)-881/2012 saylı, 30 noyabr 2012-ci il tarixli qətnaməsi ilə uşaqlara görə tutulan alimentin məbləği müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə uşaqların saxlanılması üçün tutulan aliment məbləğinin artırılmasına dair iddiasını qanuni və əsaslı hesab etmişdir.

28. Alimentin miqdarına gəlincə isə məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar da nəzərə alınmalıdır. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.

29. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

31. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

32. Göründüyü kimi apellyator şikayətin dəlillərini İddiaçı 2014-cü il tarixdə ikinci dəfə X8 ilə ailə həyatı qurması, hazırda rəngsaz işləməsi, gəlirinin sifarişdən asılı olması, gəliri sabit olmadığı üçün ödəyə bilmədiyi aylarda borcun yığılacağı və bunun da ona çətinlik yaradacağı ilə əsaslandırmışdır.

33. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.

34. Kollegiyanın qənaətincə şikayətin qeyd olunan dəlilləri cavabdehin hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

36. Qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

37. Məhkəmə uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir.

38. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz. Təyin edilmiş aliment miqdarını məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(060)-4013/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar