Məhkəmə qərarları › İş №2(105)-1738/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1738/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1738/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)-2282/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)-2282/2020 saylı qətnaməsilə iddia təmin edilmiş, Cavabdeh 1996,17 manat əsas borc və 355,03 manat faiz borcu olmaqla, ümumilikdə 2351,20 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. (hakim Ə.Ələkbərov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, onun borcunun ödəməməsinə səbəb pandemiya ilə əlaqədar uzun müddət işləməməsi olmuşdur. Bundan başqa, məhkəmə tərəflər arasındakı müqavilənin hələ 14 may 2023-cü ilədək qüvvədə olmasını, borcun müqavilənin müddəti başa çatmamış ondan tələb edilməsinin qanunsuz olmasını nəzərə almamışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməlidir. Apelyasiya şikayəti icraata qəbul edilmiş və mahiyyəti üzrə baxılması üçün təyin edilmişdir. Apelyasiya baxışı zamanı iş üzrə Cavabdeh 02 iyul 2021-ci il tarixdə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)-2282/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtina etdiyini bildirərək apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etdi. İş üzrə iddiaçı “xxxx” ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli, apelyasiya baxışı üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə görə işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.3-cü maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətindən imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən şikayətdən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətindən imtina qəbul edilməli və Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)-2282/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369,400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)- 2282/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətindən imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(060)-2282/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar