Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-174/2024 25.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e- 2(077)-109/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 406/Eİ saylı kredit müqaviləsi üzrə 4131,07 manat əsas borcun və 61,32 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli 2/**********-USD nömrəli kassa-məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə "xxxx" ASC tərəfindən Cavabdeh 10.200 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə orderə imza atmaqla pulun götürülməsini təsdiq etmişdir. Kassa-məxaric orderində ödənişin təyinatı kimi xx.xx.2015-ci il tarixli 406/Eİ saylı kredit müqaviləsindən irəli gələn münasibətlər göstərilmişdir. Lakin cavabdeh kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kreditin ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Hazırda bank tərəfindən xx.xx.2015-ci il tarixli 406/Eİ saylı kredit müqaviləsinin və ona əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi bankın lisenziyası ləğv edildikdən sonra filialların bağlanması və filallarda olan sənədlərin məhv edilməsi, itirliməsi və korlanması olmuşdur. Qeyd edilən sənədlərin məlum səbəblərdən məhkəməyə təqdim edilməsi mümkün olmasa da, 10.200 ABŞ dolları məbləğində pulun bankın kassasından alınmasını təsdiq edən kassa-məxaric orderi mötəbər sübut hesab olunaraq cavabdehin bütün hallarda bank qarşısında öhdəliyinin yarandığını əks etdirir. Kassa-məxaric orderi-nağd vəsaitin kassadan məxaricini sübut edən sənəddir. Göründüyü kimi, Cavabdeh bankın ümumilikdə 10200 ABŞ dolları məbləğində pulunu əldə edərək əsassız varlanmışdır. xx.xx.2022-ci il tarixə Cavabdeh əsas borcu 4131.07 manat təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********333 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Şuşa Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(077)-109/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 4131,07 (dörd min bir yüz otuz bir manat 07 qəpik) manat məbləğində əsas borc və 61,32 (altmış bir manat 32 qəpik) dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev). Şuşa Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(077)-109/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan kredit müqaviləsi üzrə borc tam olaraq ödənilmişdir, borc tam olaraq bağlandığı üçün eyni zamanda iş materiallarına və iddia ərizəsinə nəzər saldıqda məlum olur ki, hazırkı iddia tələbi üzrə iddia müddəti də iddiaçı tərəfindən buraxılmışdır. Cavabdeh borcunu tam olaraq ödəmişdir və ona dollar kreditlərinə tətbiq olunan fərman əsasında artıq ödədiyi 2751 manat geri qaytarılaraq bank qarşısında heç bir öhdəliyinin, borcunun qalmaması bildirilmişdir. Kompensasiya 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə tam yoxlanılaraq, hesablanaraq ödəniş verilmişdir və 2014-cü ildən sonrakı sazişlərdə nəzərə alınaraq cavabdehin Banka borcu olmadığı üçün ödəniş onun özünə olmuşdur. Bildirilmişdir ki, əgər borcları olsa idi, kompensasiya məbləği onlara ödənilməyəcək, borca yönəldiləcəkdir, lakin onun heç bir borcu qalmadığından həmin hesablanmış məbləğ ona ödənilmişdir. Ekspertiza tədqiqat apararkən düzgün yanaşma etməmiş, iddiaçının marağına və mənafeyinə uyğun olaraq onun təqdim etdiyi sənədlər əsasında qanunsuz və əsassız rəy vermişdir. Halbuki, ekspert kompensasiya verilməsi barədə Sərəncamın təsir dairəsini öyrənməli, iddiaçıdan və müvafiq orqanlardan kompensasiyanın ödənilməsi zamanı hesablamanın aparılma qaydasını, sənədləri götürməli və bunları qarşılıqlı formada yoxlamalı idi, lakin ekspert bu hallara toxunmadan, yoxlamadan və ümumiyyətlə tədqiqat aparmadan rəy vermişdir. Belə olan halda yuxarıda qeyd olunan halları araşdırmaqla, tədqiqat aparmaqla rəy verə bilən ekspertə rəy verilməsi tapşırılmalı və iş üzrə yenidən mühasibatlıq ekspertizası keçirilməlidir. Ekspertə sual verilməlidir ki, necə olur ki, cavabdehin borcu olduğu halda, ona dollar krediti kimi sərəncamın təsir dairəsinə düşdüyü bildirilir, ödənişləri hesablanır və qalıq borcu olmadığı üçün ona kompensasiya ödənilir. İddiaçı isə sonuncu sazişdən üç il müddət keçdikdən sonra məhkəməyə müraciət edərək cavabdehdən pul tələb edir, Məhkəmə və ekspert də iddiaçıya köməklik göstərərək cavabdehin ziyanına qanunsuz və əsassız qətnamə çıxarır. Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən dəfələrlə məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin tələbləri kobudcasına pozulmuş, lakin hakim təkidlə qanunun tələbini pozmaqla iddiaçının mənafeyinə uyğun hərəkətlər etməklə işdə tərəf tutaraq cavabdehin hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının nümayəndəsi dəfələrlə məhkəmə iclaslarına gəlməmiş, məhkəmə isə buna əhəmiyyət vermədən məhkəmə iclaslarını keçirmişdir. 3-cü dəfə iddiaçı məhkəmə iclasına gəlməmişdir və iclasın vaxtından yarım saat keçdikdən sonra onlar elektron sistem vasitəsi ilə məhkəməyə ərizə təqdim etmişlər ki, iddiaçı tərəf iddia ərizəsi veriləndən 3 məhkəmə iclasıdır ki, məhkəməyə gəlmir, buna görə də iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etmələrini onlardan xahiş etmişlər. Lakin hakim həmin ərizəni alandan sonra onları məhkəmə iclas zalında 3 saat saxlayaraq iddiaçının nümayəndəsini məhkəməyə gətirərək işə baxmışdır. Onlardan sonrakı proseslərin hamısına baxmış, iddiaçının nümayəndəsi məhkəməyə gələrək 3 saat gecikmə ilə hakim ona heç bir irad bildirmədən elə bil ki, prosesin vaxtından 3 saat keçməyibmiş kimi iclas keçirmişdir. Onların işin baxılmamış saxlanılması barədə ərizələrinə məhəl qoymamışdır. Hakim əgər həmin vaxt iddia ərizəsini baxılmamış saxlasa idi, iddiaçı heç ümumiyyətlə bu işin baxılmasında maraqlı deyildi, lakin hakim prosesdən 3 saat sonra iddiaçının nümayəndəsini hansısa vasitə ilə məhkəməyə gətirərək onun ziyanına məhkəmə iclası keçirtmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 406/Eİ saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 18 ay müddətinə, illik 29.85% olmaqla 10200 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 2/**********-USD nömrəli kassa-məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh orderə imza atmaqla 10.200 ABŞ dolları məbləğində pulun götürülməsini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 406/Eİ saylı kredit müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli, 1 saylı əlavə sazişin surətindən görünür ki, müqaviləyə edilmiş dəyişikliklərə əsasən borcalanın kredit öhdəliyinin qalığı konvertasiya edilmiş və 11104,22 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 406/Eİ saylı kredit müqaviləsi üzrə banka əsas borcu 4131,07 manat təşkil edir. Birinci instansiya məhkəməsi iclasında araşdırılan sübutlarla Cavabdeh xx.xx.2015-ci il tarixli 406/Eİ saylı kredit müqaviləsi üzrə banka 4131,07 manat əsas borcunun qalması müəyyən olunmuşdur. Buna görə də, birinci instansiya məhkəməsi həmin borcun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM-nin 385.1-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (MM-nin 442-ci maddəsi). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (MM-nin 445.2.1-ci maddəsi). Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli , 2(105)-2036/2023 nömrəli qərardadı ilə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin başqa ekspertinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2024-cü il tarixli 9/10072 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 13 fevral 2017-ci il tarixli 1 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitmə tarixi, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzə 4.143,19 manat, faiz borcu üzrə 1866,92 manat; maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2022-ci il tarixə illik 5% hesablamaqla əsas borc üzə 4.143,19 manat, faiz borcu üzrə 1866,92 manat, faiz borcu 5% ilə 570,26 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan xx.xx.2016-xx.xx.2019-cu il tarix aralığı üzrə xx.xx.2017-ci il hesab açılış tarixi üzrə hesablamağa əsasən cavabdehin 3.072,79 manat, xx.xx.2017-ci il hesab açılış tarixi üzrə hesablamağa əsasən cavabdehin 1058,28 manat, yəni cavabdehin ümumilikdə 4131,07 manat borcu qalmışdır (i/v 13-17). Bundan əlavə, iddia müddətinin ötürülməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2017-ci il tarixli 01 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya olunaraq kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Hazırkı iş üzrə iddia isə xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Yəni, iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan müqavilə tələbləri üzrə üç illik iddia müddəti ötürülməmişdir. Belə ki, müqavilənin qüvvədə olma müddəti ilə həmin müqavilədən irəli gələn öhdəliklərin tam icrası müddəti eyni anlayışlar deyil. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur ki, iddia müddətinin axımı da məhz müqavilə ilə bütün öhdəliklərin yerinə yetirilmə müddətinin nəzərdə tutulduğu son tarixdən hesablanır. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, tərəflərin bağladıqları müqavilə problemli kreditlərin kompensasiyasına aid edilmiş, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 2618,21 manat, borcların ödənilməsinə yönəldilən hissə 0,00 manat, vətəndaşa kompensasiya kimi çatan hissə 1895,31 manat, restrukturizasiya məbləği isə 0,00 manatdır. Qeyd olunanlardan göründüyü kimi cavabdehə 1895,31 manat kompensasiya ödənilsə də, ümumi borc məbləği azaldılmamış, bununla əlaqədar borc məbləği yenidən restrukturizasiya olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2(077)-109/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ**********0**********; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-174/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-174/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver