Məhkəmə qərarları › İş №2(105)-1740/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1740/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1740/2025 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-2138/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CL-EE003665972 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) Kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərədə tutulmuş sənədlərin ABB-yə təqdim edilməsindən 10 (on) iş günü ərzində borc alanın ABB-də açlmış müvafiq cari hesaba köçürülməklə, cavabdehə 26.9 faizlə 59 ay müddətinə 18800 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2025-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir.

3. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh xx.xx.2025-ci il tarixə banka 02 iyul 2024cü il tarixli, CLEE003665972 saylı kredit xətti üzrə əsas məbləğ üzrə 18154 manat, faiz üzrə 2590.31 manat, cərimə üzrə 0.01 manat olmaqla, cəmi 20744.32 manat məbləğində borcu vardır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə CLEE003665972 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 18154 manat əsas, 2590.31 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla, cəmi 20744.32 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin veriləsi üçün ödənilmiş 152.23 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış CL-EE003665972 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh elektron təsdiq vasitəsilə (OTP kod) kredit müqaviləsinin 10.1-ci bəndinə əsasən borc alana kredit onun tərəfindən normativ xarakterli aktlarda və ABB-nin daxili qaydalarında nəzərədə tutulmuş sənədlərin ABB-yə təqdim edilməsindən 10 (on) iş günü ərzində borc alanın ABB-də açlmış müvafiq cari hesaba köçürülməklə, cavabdehə 26.9 faizlə 59 ay müddətinə 18800 manat məbləğində kredit verilmişdir. Borc alan kredit xəttindən istifadə etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş qaydada öhdəliklərini vaxtında yerinə yetirilmədiyindən, müqavilənin şərtləri pozulmuş və xətt üzrə kredit borcunu Banka tam olaraq qaytarmamışdır. Cavabdehə kreditin qaytarılması haqqında tərəflərindən xx.xx.2025-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2025-ci il tarixə cavabdehin banka 18154 manat əsas, 2590.31 manat faiz borcu, 0.01 manat cərimə borcu olmaqla, cəmi 20744.32 manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Həmçinin hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 20744.32 manat olduğundan, tərəflərindən 152.23 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, hal-hazırda kredit borcunu tam ödəməyə maddi imkanı çatmır. Kredit borcunu hissə-hissə ödəyə bilər.

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-2138/2025 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia təmin edilmiş, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2024-cü il tarixli, CL-EE003665972 saylı müqaviləyə əsasən nəğd kredit üzrə əsas məbləğ üzrə 18154 manat, faiz üzrə 2590.31 manat, cərimə üzrə 0.01 manat olmaqla, cəmi 20744.32 manat məbləğində bоrc pul, habelə ödənilmiş 152.33 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının Cavabdeh alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 02 iyul 2024-cü il tarixli, CL-EE003665972 saylı krеdit müqaviləsi üzrə krediti və ona hesablanmış faizləri ödəməməklə kreditor qarşısında borcun ödənilməsi ilə bağlı vəzifəsini icra etməmiş və bununla da Mülki Məcəllənin 743.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 389, 390.1, 397.1, 398.1, 399.1, 399.3, 399.4, 405.1, 406, 442, 445.7, 448.1, 449.1, 449.2, 739.1, 743.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88, 107, 119.1, 217.4cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin 2590,31 manat faiz borcu hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona bu qədər çox şişirdilmiş faiz borcunun yazılması ədalətsizlikdir. Bank onu faizlərlə çıxılmaz vəziyyətə salmış, məhkəmə isə bankın şişirdilmiş faizlərlə olan iddia ərizəsini təmin etmişdir. Məhkəmə ədalətli olmayan qərar qəbul etmiş, hüquqlarını pozmuşdur. Məhkəmə qeyri-obyektiv və ziddiyətli qətnamə çıxarmışdır. Hesablanan və yazılan faiz borcu həddindən artıq çoxdur və onun həmin məbləği ödəməsi imkansızdır. Hesab edir ki, ona əsassız yazılan 2590,31 manat faiz borcu tam olaraq silinməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

18. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

19. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

20. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

21. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində mübahisələndirilir.

31. İşin mübahisəsiz halına görə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2024-cü il tarixli, CL-EE003665972 saylı kredit müqaviləsinə əsasən cavabdehə 26.9 faizlə 59 ay müddətinə 18800 manat məbləğində kredit verilmişdir.

32. Birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdeh iddia tələbini qismən qəbul etmiş, lakin hal-hazırda kredit borcunu tam ödəməyə maddi imkanı çatmadığını bildirmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh versə də, o, müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

34. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

35. Beləliklə, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır.

36. İş materiallarında olan cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, Cavabdeh hesablanmış 18154 manat məbləğində əsas kredit borcu və bu borca müvafiq olaraq hesablanmış faiz borcu ödənilməmiş, bununla da müqavilə şərtləri və AR Mülki Məcəlləsinin bir sıra müddəaları pozulmuşdur. Kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir.

37. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh xx.xx.2025-ci il tarixə banka xx.xx.2024-cü il tarixli, CLEE003665972 saylı müqavilə üzrə əsas məbləğ 18154 manat, faiz 2590.31 manat, cərimə 0.01 manat olmaqla, cəmi 20744.32 manat məbləğində borcu vardır.

38. Cavabdeh kredit müqaviləsi üzrə faizin hesablanmalı olmaması, bu məbləğin əsassız hesablanması və ya düzgün hesablanmaması barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmiş, o cümlədən göstərdiyi bu dəlili əsaslandırmamışdır.

39. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, həmin dəlillər müqavilə öhdəliyinin yerinə yetirilməməsi üçün əsas deyildir. Cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməməsi, müqavilə şərtlərini pozması və hazırkı öhdəlik hüquq münasibətlərinin məhz cavabdeh tərəfindən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən, habelə apellyasiya şikayətinin dəlilləri müqavilə öhdəliyinin icrasından imtina üçün əsas olmadığından, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.

41. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(067)-2138/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar