Məhkəmə qərarları › İş №2(105)-1741/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1741/2023

21.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1741/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(034)-239/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021ci il tarixli kredit müqaviləsi üzrə 469.87 manat əsas borc, 67.35 manat faiz borcu, 95.27 manat cərimə borcu olmaqla, cəmi 632.49 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 39 faizlə 24 ay müddətinə 1765 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 30 mart 2021-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il martın 03-dək Cavabdeh banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 469.87 manat əsas borc, 67.35 manat faiz borcu və 95.27 manat cərimə borcu olmaqla, cəmi 632.49 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırırmışdır. Zəngilan Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(034)-239/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 469.87 manat əsas borc, 67.35 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 557.22 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(034)-239/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən illik 19.95 faiz olmaqla 12 ay müdədtinə kredit götürmüşdür. Aralarında həmin kredit müqaviləsindən başqa heç bir sənəd imzalanmamışdır. Kredit ödənişlərini vaxtında ödəmiş, sonuncu ödənişi isə xx.xx.2022-ci il tarixdə olmuşdur. Yəni götürdüyü krediti tam şəkildə ödəmişdir. Banka hardasa 2100 manata yaxın artıqlaması ilə pul ödəmişdir. Bu yaxınlarda icra şöbəsi tərəfindən çağırılarkən bilmişdir ki, barəsində borcun ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi var. Məhkəməyə müraciət edərkən məlum olumşdur ki, İddiaçı ASC ona qarşı borc tələbi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmiş və məhkəmə işə sadələşdirilmiş icraat qaydasında baxaraq, qətnamə qəbul etmişdir. Nə məhkəmənin bildirişi, nə də ki, qətnaməsi ona çatmamışdır. Sonradan bilmişdir ki, kredit təşkilatının hüquqları İddiaçı ASC-yə ötürülmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavədən onun xəbəri olmamışdır. Ona kredit 19 faizlə verildiyi halda, əlavədə bu 39 faizlə göstərilmiş və kredit müddəti 24 ay müddətinə uzadılmışdır. Həmin əlavədə onun imzası belə yoxdur. Məhkəmə tərəfindən isə bunların heç biri nəzərə alınmadan qanunsuz bir qətnamə çıxarılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 39 faizlə 24 ay müddətinə 1765 manat kredit götürmüşdür. İş materiallarında olan “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 30 mart 2021-ci il tarixli hüquqların ötürülməsi barədə sazişdən görünür ki, Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 469.87 manat əsas borc, 67.35 manat faiz borcu, 95.27 manat cərimə borcu olmaqla, cəmi 632.49 manat məbləğində borcu vardır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 469.87 manat əsas borc, 67.35 manat faiz borcu, 95.27 manat cərimə borcu olmaqla, cəmi 632.49 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “FİNtrend” Bank olmayan Kredit təşkilatından illik 39 faizlə 24 ay müddətinə 1765 manat kredit götürmüşdür. “FİNtrend” Bank olmayan Kredit təşkilatı ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №-li müqaviləyə 30 mart 2021-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb edilməsi hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Belə olan halda Bankın məhkəmə qaydasında cavabdehdən borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətin dəlillərindən biri ondan ibarətdir ki, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmış, bununla da mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Göründüyü kimi, hazırkı tələb üzrə iddianın qiyməti 632.49 manat olmaqla beş min manatdan azdır və birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarına uyğun olaraq işə sadələşdirilmiş icraat qaydasında baxmışdır. Cavabdeh apellyasiya şikayətində “borcu tam olaraq ödədiyi, Banka heç bir borcunun qalmadığını” qeyd etsə də, buna dair mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmiş, əksinə kollegiya tərəfindən iş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına və tərəflərin imzaladıqları müqaviləyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdehin banka 469.87 manat əsas borc, 67.35 manat faiz borcu, 95.27 manat cərimə borcu olmaqla, cəmi 632.49 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(034)-239/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar