Məhkəmə qərarları › İş №2(105)-1742/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1742/2025

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1742/2025 02.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi nümayəndə2, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi Elgün İntiqam oğlu Ağamalıyevin iştirakları ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2331 manat əsas, 112,31 manat faiz borcu olmaqla, cəmi 2443,31 manat borcun və ödənilmiş 44,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh arasında ## ###### 2021-ci il tarixli ******M saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” bağlanmışdır. Restrukturizasiya müqaviləsinə əsasən illik 1 faiz olmaqla 60 ay müddətinə 2331 manat məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya Müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan 2331 manat əsas borcun və ona hesablanmış faizlərin müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsinə dair öhdəlik götürmüşdür. Belə ki, cavabdehin restrukturizasiya müqaviləsinə əsasən hazırda 2331 manat əsas, 112,31 manat faiz borcu olmaqla, cəmi 2443,31 manat məbləğində kredit borcu vardır. Cavabdehə kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə, kredit borcu barədə məlumat verilməklə onun tez bir zamanda ödənilməsinin tələb olunmasına baxmayaraq qeyd olunan öhdəlik bu günədək icra edilməmişdir.

3. İddia ərizəsinə yazılı etiraz daxil olmamışdır.

4. Ödəniş qrafikinə əsasən cavabdeh 60 ay ərzində hər ay 39,85 manat ödəniş etməlidir.

5. Maliyyə arayışına əsasən cavabdeh ## ###### 2025-ci il tarixinə iddiaçıya 2331 manat əsas, 112,31 manat faiz borcu olmaqla, cəmi 2443,31 manat borcu vardır.

6. ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə 5 günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir.

7. Mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 44,50 manat dövlət rüsumu ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Xızı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim İlqar Cabbarov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 2331 manat əsas, 112,31 manat faiz borcu olmaqla, cəmi 2443,31 (iki min dörd yüz qırx üç manat otuz bir qəpik) manat məbləğində pul və ödənilmiş 44,50 (qırx dörd manat əlli qəpiki) manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741, 421-ci maddəsinin II və III hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023cü il tarixli Qərarının 1 və 4-cü bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-580 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Xızı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

11. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, Xızı Rayon Məhkəməsi ## ####### 2025-ci il tarixdə İddiaçı QSC-nin ona qarşı kredit borcunun tutulması tələbi ilə bağlı iddiasını təmin etmişdir. Qətnaməyə əsasən ondan 2331 manat əsas, 112,31 manat faiz borcu, ümumilikdə 2443,31 manat və 44,50 manat dövlət rüsumunun tutulması qərara alınmışdır. İddiaçı məhkəməyə “##.##.2021-ci il tarixli, ******M nömrəli restrukturizasiya müqaviləsi” adlı sənəd təqdim etmiş, guya həmin müqavilə onunla bağlanmış və əvvəlki (2014-cü il) kredit borcu bu müqavilə ilə yenidən rəsmiləşdirilmişdir. Lakin bu müqavilədəki imza ona məxsus deyil, o, belə bir sənədə imza atmamış və ümumiyyətlə restrukturizasiya müqaviləsi barədə məlumatı olmayıb. İllər ərzində nə ona rəsmi tələblər göndərilmiş, nə də İddiaçı tərəfindən borcun ödənilməsi üçün hər hansı bildiriş edilmişdir. 2014-cü ildə verilmiş kredit üzrə öhdəliklər çoxdan başa çatmış, iddia müddəti bitmişdir. Buna baxmayaraq, iddiaçı 2025-ci ildə birdən-birə məhkəməyə müraciət etmiş, əsassız və saxta sənədlərlə iddia qaldırmışdır. O, birinci instansiya məhkəməsinə etiraz ərizəsi göndərərək iddia ilə razı olmadığını, imzanın ona aid olmadığını və imzanın ekspertiza vasitəsilə yoxlanılmasını xahiş etmişdir. Bu barədə poçt qəbzi də vardır. Lakin məhkəmə qətnamədə “cavabdehdən etiraz daxil olmayıb” yazmaqla etirazını nəzərə almamış, heç bir araşdırma aparmadan, sadələşdirilmiş icraatla qərar çıxarmışdır. Eyni zamanda iddiaçının ona göndərdiyi ## ###### 2025-ci il tarixli pretenziya məktubunda da restruksizasiya müqaviləsi barədə heç bir məlumat daxil olmamış, yalnız 2014-cü il tarixli borc müqaviləsi barədə tələb qeyd olunmuşdur. İddiaçı tərəfindən irəli sürülən tələb iddia müddəti bitmiş öhdəlikdən irəli gəlir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 10 ildir. Əsas kredit müqaviləsi 2014-cü ildə bağlanıb və bu müqavilə üzrə öhdəliklər çoxdan başa çatıb. İddiaçı 11 il ərzində borcun ödənilməsi üçün heç bir tədbir görməyib, bu isə iddia hüququnun itirilməsi deməkdir. Məhkəmə bu müddətin keçməsini nəzərə almadan, iddianı təmin etməklə Mülki Məcəllənin 373-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. “Restrukturizasiya müqaviləsi” adlandırılan sənəd hüquqi qüvvəyə malik deyil, saxtadır, çünki o, bu müqaviləni imzalamamışdır. Mülki Məcəllənin 330-cu maddələrinə əsasən, müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı və iradə ifadəsi ilə bağlana bilər. Onun iradəsi və imzası olmadan təqdim edilən sənəd heç bir hüquqi nəticə doğura bilməz. Məhkəmə borcun restrukturizasiyası barədə müqaviləyə istinad etməklə yeni iddia müddəti başladığını hesab etmişdir, halbuki bu, yalnız borclunun həqiqi imzası və razılığı ilə mümkün ola bilər. Onun imzası olmadığından iddia müddətinin yenilənməsi də hüquqi qüvvəyə malik deyil. Məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Onun etiraz ərizəsi poçt vasitəsilə göndərilmiş, lakin məhkəmə onu “daxil olmayıb” kimi göstərərək tamamilə nəzərə almamışdır. Bu, onun sübut təqdim etmək və müdafiə hüququnun məhdudlaşdırılmasıdır. Bundan əlavə, məhkəmə imzanın saxtalığı iddiasını araşdırmadan, heç bir məhkəmə-ekspertiza təyin etmədən, sübutlara formallıqla yanaşmışdır. Mülki Prosessual Məcəllənin 88 və 218-ci maddələrinə görə, sənədin həqiqiliyinə şübhə yarandıqda məhkəmə onu ekspertiza yolu ilə yoxlamalıdır. Bu öhdəlik yerinə yetirilmədiyi üçün işin nəticəsi qərəzli və əsassız olmuşdur. Halbuki, restruksizasiya müqaviləsindəki güya ona aid ola imza və işə əlavə olunmuş şəxsiyyət vəsiqəsindəki həqiqi imzası müqayisə olunsaydı, müqavilədəki imzanın saxta olduğu, ona aid olmadığı asanlıqla təyin edilə bilərdi. İş materialları üzrə imzanın ona aid olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-ekspertizası təyin edilməli idi.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. Cavabdehin nümayəndəsi Elgün İntiqam oğlu Ağamalıyev apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

15. İddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

20. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi müəyyən edilmişdir.

21. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında ## ###### 2021-ci il tarixli, ******M nömrəli kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə 2331 manat məbləğində güzəştli kredit vermişdir. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə cavabdeh Cavabdeh arasında kredit (Restrukturizasiya) müqaviləsi bağlanmışdır.

22. Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və iddiaçıya 2331 manat əsas, 112,31 manat faiz borcu olmaqla, cəmi 2443,31 manat borcu qalmışdır.

23. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri ## ###### 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741- ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə yaranmış borcun ondan tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur.

25. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Xızı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq şikayətin dəlillərini əsaslı hesab edir. Kollegiyanın qənaətincə birinci instansiya məhkəməsi mübahisə predmeti ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir.

27. Şikayətin dəlillərinin hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli ekspert rəyinin tədqiqatının nəticə hissəsində göstərilmişdir:

29. Ekspertizaya təqdim edilmiş, mülki işin 75-77-ci vərəqlərində olan ##.##.2021-ci il tarixli ******M nömrəli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsində “Borclu” qrafasındakı imza; 78-79-cu vərəqlərində olan ödəniş cədvəlində “Borclu” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, ##.##.2021-ci il tarixli ******M nömrəli fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiyası müqaviləsi Cavabdeh tərəfindən imzalanmadığından müqavilə tərəfi deyildir. Cavabdeh Bank qarşısında həmin müqavilə üzrə öhdəliyi yaranmamışdır. Odur ki, müqavilə üzrə hər hansı öhdəliyə görə iddiaçı qarşısında cavabdeh deyildir və mülki məsuliyyət daşıya bilməz.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.

32. Kollegiya hesab edir ki, MPM-nin 119.1-ci maddəsinin göstərişinə uyğun olaraq iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatının dəyərinin əvəzi olaraq 127 manat iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından alınaraq X3 hesabına köçürülməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdeh Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 127 manat iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından alınaraq SAP (XİİS) hesabı X3 kod 210005 VÖEN 1401555071 müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501 hesabına köçürülsün. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar