Məhkəmə qərarları › İş №2(105)-1747/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1747/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1747/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(012)-2603/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1748/2021 nömrəli qətnaməsi ilə hər ay hər uşaq üçün tutulan alimentin məbləğinin 175 manatdan artırılaraq 250 manat, cəmi alimentin məbləğinin 500 manat müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1748/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsini, birgə nikahdan doğulmuş Nizami və Esma adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay onun xeyrinə aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin 2(012)- 1748/2021 nömrəli, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X3 onun yanında qalması, 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği uşaqların minimum tələbatının ödənilməsinə yetmir. Bu aliment məbləği iki il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaqlar böyümüş, inkişaf etmələri üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. O, iki azyaşlı övladı ilə birlikdə atasına məxsus evdə yaşayır. Hər iki övladının tələbatını iddiaçının atası ödəyir. Cavabdeh bir ata kimi bütün məsuliyyətdən boyun qaçırır və uşaqları ilə ümumiyyətlə maraqlanmır. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək işsiz qadın olaraq onun üçün çox çətindir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(012)-2603/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1748/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək tərəflərin birgə nikahından 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(012)-2603/2023 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı alimentin dəyişdirilməsinin əsaslarını sübut edə bilməmiş, nəyə görə sabit pul məbləğindən aldığı əmək haqqının 1/3 hissəsini tələb etdiyini, onun maddi vəziyyətinin necə pisləşdiyini, ağırlaşdığını və ya onun maddi vəziyyətinin necə yaxşılaşdığını əsaslandırmamışdır. Əgər yaşayış minimumu ölkə üzrə dəyişirsə bu təkcə uşaqlar üçün ağırlaşmır, onun üçün də ağırlaşır. Yəni ərzaq qiyməti, geyim qiyməti və s. bahalaşdığı təqdirdə tək iddiaçı üçün deyil, onun üçün də ağırlaşır. İddiaçının maddi vəziyyətinin dəyişib-dəyişməməsi ilə bağlı, ilkin aliment məbləği məhkəmə tərəfindən müəyyən olunan vaxtla sonradan alimentin artırılması ilə bağlı iddia irəli sürülən zamankı vəziyyətdə heç bir dəyişiklik olmamasına baxmayaraq bu məsələni araşdırmamış, obyektiv olmayan qətnamə qəbul etmişdir. Çünki bu zaman aralığında və hal-hazırda da iddiaçının maddi vəziyyətində heç bir mənfi, onun vəziyyətində isə müsbət dəyişiklik olmamışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının maddi vəziyyətində dəyişikliklər olmuş, o artıq müəyyən olunmuş aliment məbləği ilə uşaqları tam təmin edə bilmir. Alimentin məbləğinin artırılması maddi və ailə vəziyyətinin dəyişməsi ilə bağlı olduğu üçün, bunlardan birində dəyişikliklər sübut olunduğu təqdirdə alimentin məbləği dəyişdirilə bilər. Lakin iddiaçı maddi vəziyyətinin pisə doğru və ya cavabdehin maddi vəziyyətinin yaxşıya doğru dəyişməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından olan Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 173309 nömrəli və AZ-T seriyalı, 173308 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından 03 oktyabr 2014-cü il tarixdə X4 və 12 fevral 2016-cı il tarixdə X6 adlı uşaqları doğulmuşlar. İş materiallarından olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1748/2021 nömrəli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, tərəflər arasındakı nikahın pozulması, nikah pozulduqdan sonra 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalmaları, 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 391059 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahının pozulması xx.xx.2021-ci il tarixdə 243 sayla qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində ümumi təhsil məktəbində bədən tərbiyəsi müəllimi işləyir və aylıq əmək haqqı 1497 manat təşkil edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərindən 03 oktyabr 2014-cü il tarixdə X4 və 12 fevral 2016-cı il tarixdə X6 anadan olmuşlar. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 1748/2021 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, nikah pozulduqdan sonra 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalmaları, 03 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 12 fevral 2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onların artan tələbatlarını ödəmək üçün kifayət etmədiyindən iddiaçı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə və cavabdehin rəsmi iş yerinin olmasına əsaslanmaqla tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1748/2021 nömrəli qətnaməsi ilə onun xeyrinə cavabdehdən bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını müəyyənləşdirərkən həmin dövrün tələbatını əsas götürmüş, hazırda isə bu vəziyyət dəyişdiyindən iddiaçı daha yüksək məbləğdə aliment tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, həmçinin cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə kollegiyası, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsində ümumi təhsil məktəbində bədən tərbiyəsi müəllimi işləyir və aylıq əmək haqqı 1497 manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(012)-2603/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar