Məhkəmə qərarları › İş №2(105)-1748/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1748/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1748/2023 24.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2019/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə borclu olduğu 16331 manat pulun, həmçinin 141 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan müxtəlif vaxtlarda həm nağd pul, həm də müxtəlif əşyalar götürərək, yaranmış borcunu qısa müddətdə geri qaytarmağa söz versə də, bu günə kimi 16331 manat məbləğində pulu ona qaytarmamışdır. Hər dəfə bununla əlaqədar Nəzakətə zəng etdikdə o, qısa müddət ərzində borcunu qaytaracağına söz versə də, hər dəfə onu aldatmışdır. Ona görə də məcbur olub, şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinə müraciət etmişdir. Ərizənin araşdırılması zamanı Cavabdeh ona olan borcunu etiraf etmiş, lakin maddi vəziyyəti çətin olduğu üçün borcunu qaytara bilmədiyini demişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədiyi üçün ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Artıq o, cavabdehin sözlərinə inanmadığı üçün hal-hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etirazda İddiaçı cəmi 3000 manat borcu qaldığını göstərmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2019/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 15980 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 141 manat pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (X4).

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında malların satışı ilə bağlı münasibətlər yaranmış, bununla bağlı onlar arasında şifahi razılaşma olmuş, iddiaçı satış üçün cavabdehə mallar vermiş, bunun müqabilində 16000 manat borc yaranmışdır. Cavabdeh iddiaçıya 16000 manat borclu olduğunu etiraf etmişdir. Bu borcun 13000 manat hissəsinin faiz tətbiq edilməsilə yaranması barədə cavabdehin dəlili iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu məbləğ 16000 manat təşkil edir. Bununla belə, iddiaçı tərəf məhkəmə iclasında borcdan cəmi 20 manat qaytarılmasını etiraf etdiyindən məhkəmə hesab edir ki, həmin məbləğ ümumi borcdan çıxılmalı, iddia qismən təmin edilməli, 15980 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2, 1091, 1092.1 maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2019/2023 saylı qətnaməsininin ləgv edilməsi, iddia tələbinin qismən, iddiaçıya olan borcu hissəsində (3000 üç min manat) təmin edib iş üzrə yeni və qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edən məhkəmə sübutların qiymətləndirilməsində prosessual normanın pozuntusuna yol vermiş və iş üzrə əsassız qətnamə qəbul etmişdir.Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi qiymətləndirmə aparılarkən ilk addım kimi iddiaçının tələbinə uygun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasını dispozisiya şərtlərinə uygun olmasının yoxlanılmasından ibarətdir. İddiaçının iddia ərizəsində əlavə etdiyi qəbzlər acıq və mübahisəsiz qaydada müəyyən edir ki, əslində tələb etdiyi məbləğlər ona aid deyildir və o, həmin borca görə öhdəlik daşımır. İddiaçı ilə onun arasında hər hansı bir qaydada borc müqaviləsi movcud olmamış tələb olunan və etiraf edilən məbləğ yenə də mübahisə olaraq qalmaqdadır. Məhkəmənin isə bu məbləğin təmin ilə baglı qəbul etdiyi qətnaməsi qanunsuzdur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, o, cavabdeh barəsində polisə də müraciət etmiş, cavabdeh polisdə izahat verib və bildirib ki, həqiqətən ona 16000 manat pul borcludur. O, cavabdehə mal, qızıl satıb, pul verib. Cavabdehlə rəfiqə olublar, o, cavabdehə faizə pul verməyib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2019/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasın iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2019/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

14. Mülki Prosessual Məcəllə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

17. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətindən görünür ki, məhkəmənin qətnaməsini iddia tələbinin təmin edilməsinə dair hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni iddia tələbinin təmin edilən hissədə müzakirə edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2019/2023 saylı qətnaməsi qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. İş materallarından görünür ki, iddiaya etiraz ərizəsində Cavabdeh İddiaçı cəmi 3000 manat borcu qaldığını göstərmişdir.

20. Birinci instansiya məhkəmə iclasında şahid kimi dindirilən X1 ifadəsində bildirdi ki, hər iki tərəfi tanıyır, cavabdehin iddiaçıya 16000 manat borclu olmasını bilmişdir. Cavabdeh bu məbləğdə borclu olduğunu ona söyləmişdir. O, borcundan yalnız 20 manat pul ödəmiş, qalan borcunu isə ödəməmişdir.

21. Mülki işin materiallarından olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29cu Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, mübahisə üzrə hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, 2-3 il bundan öncə tanışı İddiaçı satmaq üçün 3000 manat dəyərində müxtəlif mallar götürmüşdür. Qalan 13000 manat pulu hissə-hissə ona faizlə vermişdir. Ümumi borc 16000 manat olmuşdur. Borcu işlədikcə qaytarmağa çalışacaqdır.

22. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında malların satışı ilə bağlı münasibətlər yaranmış, bununla bağlı onlar arasında şifahi razılaşma olmuş, iddiaçı satış üçün cavabdehə mallar vermiş, bunun müqabilində 16000 manat borc yaranmışdır. Bundan sonra isə cavabdeh yaranmış borcu qaytarmadığından iddiaçı onun barəsində Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayət ərizəsi yazmış, polis bölməsində hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, 2-3 il bundan öncə tanışı İddiaçı satmaq üçün 3000 manat dəyərində müxtəlif mallar götürmüşdür. Qalan 13000 manat pul hissə-hissə ona faizlə verilmişdir və ümumi borc 16000 manat olmuşdur. Borcu işlədikcə qaytarmağa çalışacaqdır.

23. Göründüyü kimi, Cavabdeh İddiaçı 16000 manat borclu olduğunu etiraf etmişdir. Bu borcun 13000 manat hissəsinin faiz tətbiq edilməsilə yaranması barədə cavabdehin dəlili iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya qaytarmalı olduğu məbləğ 16000 manat təşkil edir. Bununla belə, iddiaçı tərəf məhkəmə iclasında borcdan cəmi 20 manat qaytarılmasını etiraf etdiyindən məhkəmə hesab etmişdir ki, həmin məbləğ ümumi borcdan çıxılmalıdır.

24. Beləliklə məlum olur ki, Cavabdeh İddiaçı hesabına 15980 manat məbləğində əsassız varlanmışdır. Buna görə də iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, 15980 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

26. Belə ki, iş materiallarında olan cavabdehin yazılı izahatından görünür ki, onun iddiaçıya 16000 manat ümumi borcu olmuş, 3000 manatı iddiaçıdan götürdüyü mallara görə yaranmış, 13000 manatı isə faiz borcudur. Lakin cavabdeh iddiaçıya 16000 borcundan 3000 manatını qaytarmasına, qalan 13000 manatın isə faizə görə yarandığına dair heç bir sübut təqdim edə bilməmişdir.

27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apellyant apellyasiya şikayətində iddiaçıya hər hansı bir borcu olmadığını bildirsə də bu dəlilini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmiişdir.

28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

30. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Abşeron Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(012)-2019/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar