Məhkəmə qərarları › İş №2(105)-1749/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1749/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1749/2021 14.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, “FİNCA Azerbaican” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-231/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 2(029)-231/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN məbləğində borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı-nın xeyrinə tutulması qət edilmişdir (hakim R.V.Kazımov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-231/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək tələb olunan cəmi 6075,38 manat puldan hesablanmış faiz və cərimə borcu çıxılmaqla qalan 3882,16 manat borcun ondan və digər cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, qətnamədə göstərilmişdir ki, o, iddianı qəbul etmişdir. Halbuki prosesdə bildirmişdir ki, iddianı tam yox, qismən qəbul edir. İddiaçı ödənilmiş əsas borc üzrə faizləri çox hesablamış, bunu heç nə ilə əsaslandırmamışdır. Bununla da cəmi hesablanmış borc məbləği şişirdilmişdir. Məhkəmə işə baxarkən bunları nəzərə almamış, ona 2177,41 manat faiz borcu hesablamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Qusar Rayon Məhkəməsinin 2(029)-231/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək tələb olunan cəmi 6075,38 manat puldan hesablanmış faiz və cərimə borcu çıxılmaqla qalan 3882,16 manat borcun ondan və digər cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı “FİNCA Azerbaican” MM QBKT-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, cavabdehin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 2(029)-231/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 29 yanvar 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı-dən illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6.000 (altı min) AZN məbləğində kredit götürmüşdür. İş materiallarında olan **********1340-749493 saylı zaminlik müqaviləsindən görünür ki, 29 yanvar 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh2 İddiaçı qarşısında zamin durmuşdur. İşdə olan **********1340-940724 nömrəli zaminlik müqaviləsindən görünür ki, 29 yanvar 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı olaraq Cavabdeh3 İddiaçı qarşısında zamin durmuşdur. İşdə olan 13 noyabr 2015-ci il tarixli, **********1340 saylı Kredit Müqaviləsinin Retsrukturizasiyasına dair 18 may 2016-cı il tarixli Sazişdən görünür ki, Cavabdeh1 öhdəliyinin icra olunmamış hissəsi, əsas borc 3920.16 (üç min doqquz yüz iyirmi manat on altı qəpik) AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. İşdə olan İddiaçı tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 29 yanvar 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsi üzrə İddiaçı-yə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN borcu vardır. Müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015ci il tarixli, **********3392 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. Həmçinin 29 yanvar 2015-ci il tarixli, **********3392 saylı kredit müqaviləsi 18 may 2016-cı il tarixli **********1340 yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3920.16 (üç min doqquz yüz iyirmi manat on altı qəpik) AZN, faiz 0.00 AZN, cərimə 0.00 AZN müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə 12 noyabr 2020-ci il tarixinə olan Maliyyə Arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli,işi görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3882.16 (üç min səkkiz yüz səksən iki manat on altı qəpik) AZN əsas, faiz borcu üzrə 2177.41 (iki min bir yüz yetmiş yeddi manat qırx bir qəpik) AZN, cərimə borcu üzrə 15.81 (on beş manat səksən bir qəpik) AZN olmaqla, cəmi 6075.38 (altı min yetmiş beş manat otuz səkkiz qəpik) AZN məbləğində borc İddiaçı-nın xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini qəbul etmir. Cavabdeh apellyasiya şikayətində borcun şişirdildiyini, düzgün hesablanmadığını qeyd etmişdir. Lakin onun bu dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə keçirilmiş 29.06.2021-ci il tarimxli, 9/3840 saylı eksper rəyindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 FİNCA Azerbaijan” MM QBKT-yə əsas borcu 3882,16 manat, faiz borcu 2.177,41 manat təşkil edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Qusar Rayon Məhkəməsinin 2(029)-231/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qusar Rayon Məhkəməsinin 2(029)-231/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar