Məhkəmə qərarları › İş №2(105)-1750/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1750/2023

31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1750/2023 31.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Abşeron Rayon Məhkəməsinin e-2(012)-3800/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(012)-3800/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(012)-3800/2023 nömrəli qərardadında yol verilmiş yanlışlıq aradan qaldırılması, Abşeron Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli, 2(012)-3800/2023 nömrəli qərardadında şikayət verilmiş qərardadın tarixi “07 iyun 2023-cü il” tarixi əvəzinə, “10 iyul 2023-cü il” tarixi yazılmaqla, qərardadın tarixi “10 iyul 2023-cü il” kimi oxunması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, hazırki iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2009-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab etmişdir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan isə iddiaçı Cəfərova X2 rayonu, Boladi ərazi dairəsi, Boladi kəndində, Cavabdeh isə Füzuli rayonu, Horadiz ərazi dairəsi, Horadiz kəndində qeydiyyatdadır. Lakin məhkəmə işə əlavə edilmiş və iddiaçının daimi yaşayış yeri barədə məlumat hesab edilməli olan arayışı araşdırmadan iş üzrə səhv qənaətə gəlmişdir. Cəfərova tərəfindən təqdim olunan müqavilə göstərir ki, iddiaçının daimi yaşayış yeri Abşeron rayonu ərazisidir. Ölkədə mövcud olan vəziyyətlə əlaqədar hər kəsə məlumdur ki, yüzlərlə inşa edilmiş yeni yaşayış komplekslərində məskunlaşma olsa da həmin mənzillərə çıxarışlar verilmədiyinə görə vətəndaşlar daim yaşadıqları mənzillərinə qeydiyyata düşə bilmirlər. Hazırki halda iddiaçı daimi olaraq Abşeron ərazisində yaşasa da, qeyd etdiyi mövcud problemlər səbəbindən həmin ünvana rəsmi qeydiyyata düşə bilmir. Lakin, həmin ünvanda yaşamasına dair arayış təqdim edilməsi onun yaşadığı ünvan barədə ətraflı məlumatı əks etdirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını iş aidiyyəti üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmaması ilə əsaslandırmışdır. Belə ki, iddiaçı Cəfərova X2 rayonu, Boladi ərazi dairəsi, Boladi kəndində, Cavabdeh isə Füzuli rayonu, Horadiz ərazi dairəsi, Horadiz kəndində qeydiyyatdadır. MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmçinin onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında alimentin məbləğinin dəyişdirilməsinə görə iddiaçının ərizəsinə Nizami Rayon Məhkəməsində baxılmışdır. Göründüyü kimi iddiaçı rəsmi qeydiyyatda Lənkəran şəhərində olsa da, yaşayış yerini teztez dəyişir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli və onunla bağlı 24 iyul 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli və onunla bağlı 24 iyul 2023cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar