Məhkəmə qərarları › İş №2(105)-1753/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1753/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1753/2021 29.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatın iddiaçıya aid edilməsi, 25 manatının isə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 4500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, 2019-cu ildə iddiaçıdan faizə 3000 manat pul almışdır. Bir müddət sonra maşınını satıb borcunu iddiaçıya qaytarmış, iddiaçı onun yazdığı qəbzin əslini cıraraq atmış və ona borcunun silindiyini bildirmişdir. Həmin qəbzin əslini də iddiaçı məhkəməyə təqdim etməmişdir. Sonradan iddiaçı ondan əlavə faizlər tələb etməyə başlamış, faizin üstünə faiz gələrək pul tələb etmişdir. Məhkəmə iddiaçıdan qəbzin əslini tələb etməmiş, nə də borcunu qaytardığını nəzərə almamışdır. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, cavabdeh 2019-cu ilin aprel ayında ona müraciət edərək pul ehtiyacı olduğunu bildirmiş və borc pul istəmişdir. X2 iştirakı ilə 24.04.2019-cu il tarixdə cavabdeh 3000 manat borc pul vermişdir. Bundan 2 həftə sonra İmran yenidən ondan anasının əməliyyatı üçün 1500 manat pul istəmişdir. Aldığı pulları bir aya qaytaracağına söz vermişdir. Cavabdehə 08.05.2019-cu ildə qəbz yazdıraraq ona 1500 manat borc pul vermişdir. Cavabdeh 4500 manat pulu müxtəlif bəhanələrlə qaytarmaqdan yayınır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edir. Apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətitəmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan qəbzlərin kserosurətlərindən görünür ki, Əliyev X1 Qəhrəman Namaz oğlundan 24.04.2019-cu il tarixdə 3000 manat və 08.05.2019-cu il tarixdə 1500 manat borc pul almışdır. İş materiallarında olan 07.07.2019-cu il tarixli cinayət işinin bağlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, Qəhrəmandan əvvəllər 2500 manat, sonra 1500 manat borc almış, hazırda onun Qəhrəmana 3300 manat borcu vardır. İş materiallarından görünür ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıdan 3000 manat borc almasını, borcunu qaytarmasını bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin etiraf ərizəsinə istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, 2019-cu ilin aprel ayında İddiaçı 3000 manat borc pul almasını, sonra isə maşınını sataraq borcunu qaytarmasını göstərmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıdan 3000 manat borc pul alması iş materiallarında olan qəbzlər, cavabdehin izahatı və ərizəsi ilə müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan qəbzlərdə və cavabdehin izahatı ilə sübuta yetirmişdir. Həmçinin cavabdeh də qeyd edilən məbləğdə pulu iddiaçıdan borc almasını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh maşınını sataraq iddiaçıya borcunu ödəməsini bildirsə də, bu xüsusatı sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, iddiaçı dəymiş zərəri sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun 25 manatını cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar