Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1755/2025 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4739/2025 nömrəli, 16 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70000 manat məbləğində pulun və 300 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh ondan 50000 ABŞ dolları (85000 manat) borc pul almışdır. Lakin cavabdeh həmin məbləğdən bu günə qədər, sonuncu dəfə 2025-ci ilin yanvar ayında 5000 manat olmala, cəmi 15000 manat vəsait qaytarmışdır. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Onu da qeyd edim ki, cavabdehdən borcunu qaytarmasını dəfələrlə tələb etmişdir. Eyni zamanda, xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmi pretenziya göndərmiş və həmin pretenziya xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, Cavabdeh bu günə qədər qalan 70000 manat borcunu qaytarmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
3. Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 70000 manat borc və 300 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə əsaslandırmış, məhkəmənin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1, 739.2, 442, 448.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli qətnamədən apellyasiya şikayəti verərək, xx.xx.2025-ci il tarixli, e-2(060)-4739/2025 nömrəli qətnamənin ləğv edilərək, mülki iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli notarial qaydada kredit müqaviləsi bağlansa da, sözügedən notariusda İddiaçı tərəfindən Cavabdeh hər hansı bir pul məbləği verilməmiş, sadəcə iddiaçı və cavabdeh arasında formal kredit müqaviləsi bağlanmışdır. Həmçinin İddiaçı sələmçiliklə məşğul olduğundan, Cavabdeh İddiaçıdən yalnız sələm şərtləri əsasında pullar almış və həmin pulları çoxdan qaytarmışdır. Eyni zamanda sələm şərtləri əsasında aldığı pullardan sonuncu dəfə Cavabdeh öz mülkiyyətində olan “Mercedes Benz S350” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixdə İddiaçı adına rəsmiləşdirmişdir. Bununla da aralarında olan borc münasibətləri bitmiş, lakin İddiaçı faizə verdiyi pulun faizini tələb etməkdədir. Lakin bu halları məhkəmədə bildirsə də, məhkəmə yalnız iddiaçının mülahizələrinə uyğun qətnamə qəbul etmişdir. Məhkəmə qətnamə qəbul edərkən sübutları tədqiq etmiş, lakin obyektiv qətnamə qəbul etməmişdir. Bu da cavabdehin hazırda maddi imkanlarından əsassız olaraq məhrum olunmasına və konstitusion hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluğa gətirib çıxarması olmuşdur. Bu səbəbdən cavabdeh hesab etmişdir ki, məhkəmə əsassız olaraq belə bir qətnamə qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prossesual hüquq normalarına zidd olduğu üçün həmin qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə həmin mülki işə baxarkən yalnışlığa yol verərək əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi ilə İddiaçı iddia tələbinin təmin edilməsindən narazıdır. Hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaçının ərizəsində qeyd etdiyi xüsusatlar tam hərtərəfli olaraq araşdırılmamışdır. Nəticədə isə cavabdehi maddi cəhətdən daha da ağır duruma salmışdır. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi təmin edilməklə onun ədalətə və məhkəmə hakimiyyətinə olan etimadı azalmışdır. Bu cür qətnamənin qəbul edilməsi isə iddiaçı tərəfindən ona qarşı yol verilmiş haqsızlıq kimi qəbul edilmişdir. Ona görə də Cavabdeh hesab edir ki, onun maddi vəziyyətinin və səhhəti ilə əlaqədar yaranmış problemlərin ağır olduğu bir vaxtda birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə onun həm maddi həm də mənəvi cəhətdən daha da ağır psixoloji duruma salmışdır. Ona görə də həmin qətnamədən apellyasiya şikayəti verir. Məhkəmənin qətnaməsini cavabdeh rəsmi olaraq hələ də almamış, lakin qətnamə vəkilin Məhkəmə Elektron Sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. MPM-nin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi tərəfindən işə birtərəfli qaydada baxılmış və cavabdehin izahatı dinlənilmədən təkcə iddiaçının mülahizəsi əsasında qərar qəbul edilmişdir. Belə ki, məhkəmə prosesində vəkil tərəfindən iki vəsatət qaldırılmış, lakin məhkəmə hər iki vəsatəti təmin etməmiş, təmin etməməyinin səbəblərini izah edə bilməmişdir. Həmçinin iddia müddətinin tədbiqi ilə bağlı məhkəmə iclasında vəkil tərəfindən ərizə verilsə də, həmin ərizəyə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Beləliklə məhkəmə tərəfindən ədalətlilik prinsipinin şərtləri pozulmuş hesab edilir. Qeyd edilən prosessual hüquq normasının tələbi pozulmuşdur, işin bütün halları nəzərə alınmamışdır. Göründüyü kimi cavabdehin tərəf olaraq məhkəmələr vasitəsilə hüquları qorunmalı olduğu halda məhkəmə müdafiəsindən səmərəli istifadə etmək imkanı pozulmuşdur. Birinci instansiyası məhkəməsinin qərarı ilə qeyd olunan göstərişin tələbi pozulmuş, ədalətli qərar çıxarılmamış, mübahisəli hüquq münasibəti üzrə tələbin təmin edilməməsi cavabdehin üzərinə psixoloji ağırlıq qoyulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
13. Mülki Məcəllə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
14. Mülki Prosessual Məcəllə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
15. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2025ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir
17. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə əsaslandırmış, məhkəmənin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Baxılan iş üzrə iddia tələbi borcun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir.
20. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə iddiaçının öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir.
21. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü iddiaçının üzərindədir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin.
22. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
23. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
24. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
25. İşdən görünür ki, tərəflər arasında bağlanmış 09 avqust 2016-cı il tarixli kredit müqaviləsinə əsasən 50.000 (əlli min) ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmiş, sonuncu da öz növbəsində xx.xx.2017-ci il tarixədək həmin vəsaiti iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür.
26. Göründüyü kimi cavabdeh borc müqaviləsinə əsasən pulu iddiaçıdan aldığını inkar etmədiyindən, iddiaçı Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtinə əsasən pulun verilməsini sübut etmə öhdəliyindən azad edilir, sübut etmə yükü bu halda, məhz cavabdehin üzərinə düşür.
27. Cavabdeh isə 06 yanvar və 10 fevral 2026-cı il tarixli məhkəmə iclaslarında iddiaçıdan müqavilədə göstərilən pul məbləğini aldığını və həmin məbləğdən sonuncuya 38.000 (otuz səkkiz min) ABŞ dolları borcu qaldığını etiraf etmişdir.
28. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər.
29. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1. maddəsi).
30. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair apellyasiya şikayətinin dəlilinə gəldikdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq tərəflər arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi birinci instansiya məhkəməsində yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarı).
31. B.Mürsəlovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahiş əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiya məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir (Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli və L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli qərarları).
32. Qanunvericilin tələbindən göründüyü kimi iddia müddətinin tətbiqi barədə ərizə yazılı formada yalnız birinci instansiya məhkəməsində təqdim olunmalıdır, bundan istisnaya o halda yol verilir ki, həmin şəxsin məhkəmənin təqsiri üzündən (iştirakının təmin edilməməsi, ərizənin verilməsinə şəraitin yaradılmaması və s.) baş vermiş olsun. Qeyd olunan məsələ ilə bağlı aşağı instansiya məhkəməsində icraat zamanı aparılmış audiovideo yazıya məhkəmə kollegiyası tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 müddətin tətbiqi barədə ərizənin təqdim edilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etdiyi halda, iclasa sədrlik edən bunu şifahi formada qəbul etdiyini bildirərək, faktiki olaraq cavabdehə iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanı yaratmamış, bununla da sonuncunu işin həllində xüsusi əhəmiyyət kəsb edən müddətinin tətbiqi barədə yazılı ərizə vermək imkanından məhrum etmişdir.
33. Nəzərə alınmalıdır ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
34. Göründüyü kimi cavabdehin məhz məhkəmənin təqsiri nəticəsində iddianın rədd edilməsi barədə xahişini əks etdirən yazılı ərizəni təqdim edə bilməmişdir.
35. Bu baxımdan məhkəmə kollegiyası cavabdeh tərəfin müddətin tətbiqi barədə ərizəsinə apellyasiya baxışı zamanı baxılaraq qiymət verilməsini zəruri hesab edir.
36. Məlum olduğu kimi iddia müddətinin axımının kəsilməsinin əsasları Mülki Məcəllənin 380.1. maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
37. Qeyd olunmalıdır ki, iddia müddətinin kəsilməsi əsasları imperativ xarakter daşıyır və genişləndirici qaydada təfsir edilə bilməz. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkətləri ilə bağlı olur. Odur ki, qanunverici iddia müddətinin axımının kəsilməsini ikinci əsas kimi yalnız borclunun borcun etiraf edilməsini göstərən hərəkətlərini əsas sayır. Borc təkcə formal qaydada deyil, müəyyən hərəkətlər (qismən ödəmə, möhlət istəməsi və s.) vasitəsilə də etiraf oluna bilər.
38. İddiaçı ərizəsində, istərsə də apellyasiya baxışında cavabdeh tərəfindən ona umumi məbləğin 15000 manatın ödədiyi, həmin məbləğin 5000 manatını 2025-ci ilin yanvar ayında, qalan 10000 manatını əvvəlki illər üzrə hissə-hissə müxtəlif məbləğlərdə iddiaçıya ödəniş etdiyini, cavabdeh isə tələb olunan kredit müqaviləsi üzrə iddiaçıya 12000 ABŞ dolları ödəməklə ümumilikdə sonuncuya 38000 ABŞ dolları borclu qaldığını bildirmişdir. Qeyd olunan hallar tərəflərin məhkəmə islasında verdiyi izahatları ilə də bir daha öz təsdiqini tapmışdır.
39. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlar, ekpertlərin rəyləri, yerində müayinə keçirməklə, səs və video yazıları, şahidlərin ifadələri o cümlədən, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPMnin 76.1, 76.2-ci maddələri)
40. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.
41. Qeyd olunan mülki prosessual normaların tələbləri baxımından mülki məhkəmə icraatının prinsipinə əsasən sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
42. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh borclu qaldığı məbləğin bir qismini müxtəlif vaxtlarda hissə-hissə ödədiyindən, Mülki Məcəllənin 380-cı maddəsinə əsasən iddia müddətinin axımı kəsildiyindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilə bilməz.
43. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında mübahisəli pulun aid olduğu xx.xx.2016-cı il tarixli müqavilədən başqa, iddiaçı özünə məxsus bağ evinin satışından əldə etdiyi 99.000 manat pul vəsaitini cavabdehə biznes fəaliyyətini genişləndirməsi üçün vermiş, sonuncu da əldə etdiyi gəlirdən iddiaçıya müəyyən məbləğlərdə qazanc vermişdir. Odur ki, cavabdehin iddia tələbinə etirazında qeyd etdiyi, eləcə də apellyasiya baxışı zamanı bildirdiyi 30000 manat dəyərində olan “Mercedes Benz S 350” markalı, ** FA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini iddiaçının adına sənədləşdirməsi, o cümlədən iddiaçıya müxtəlif vaxtlarda ödədiyi digər ödənişlərin hazırki borc münasibətlərinə heç bir aidiyyəti olmamış, həmin pul məhz iddiaçının bağ evinin satışından əldə etdiyi 99000 manat pul məbləğinin ödənişi ilə bağlı olmuşdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının tələb etdiyi məbləğdən 38.000 ABŞ dolları borcu qaldığını etiraf etdiyindən, lakin həmin məbləğdən hər hansı bir ödəniş etmədiyindən, hazırda iddiaçının da tələbi ABŞ dolları ilə deyil, manatla olduğundan, 38.000 ABŞ dollarının hazırkı günə manat ilə məzənnəsi 65.000 manat təşkil etdiyindən, Cavabdeh 65000 (altmış beş min) manat tutularaq İddiaçı verilməlidir
45. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 65000 (altmış beş min) manat və ödənilmiş 300 manat dövlət rüsumu alınıb İddiaçı verilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
46. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).
48. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 65000 (altmış beş min) manat və ödənilmiş 300 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.