Məhkəmə qərarları › İş №2(105)-1756/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1756/2021

16.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1756/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-205/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-205/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş ziyana görə 6456,50 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-205/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul eilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xanlar oğlunun tərətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomaşına dəyən zərərin əvəzi olan 14623 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 23 aprel 2020-ci ildə, təxminən saat 17 radələrində Quba rayonu, İkinci Nügədi kəndi ərazisində Cavabdeh Xanlar oğlu istifadəsində olan “Mersedes Benz C180” markalı, **-GM-*** dövlət nömrə nişanlı avtomaşınla 80-90 km/saat sürətlə hərəkət edərkən həmin kəndin mərkəzində yolun döngəli hissəsində idarəetməni itirmiş və avtomaşın sürüşərək yolun sol hissəsində dayanan ona məxsus “Mersedes Benz E280” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi zamanı cavadehin idarə etdiyi avtomaşının ön hissəsi ona məxsus avtomaşının arxa hissəsinə dəymişdir. Cavabdeh “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 və 2-ci maddələrinin tələblərinə pozduğuna görə Quba RPŞ-nin TQ-da araşdırma aparılmış, Cavabdeh Xanlar oğlunun əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibinin olduğu üçün onun barəsində cinayət işinin başlanması rədd edilərək, inzibati tədbir görülməsindən ötrü Quba DYPB-nə göndərilmişdir. Cavabdeh barəsində tərtib edilmiş ******* saylı X1 protokola əsasən, 12 may 2010-ci il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Qeyd olunanlardan göründüyü kimi, göstərilən yol-nəqliyyat hadisəsi “Mersedes Benz C180” markalı, **-GM-*** dövlət nömrə nişanlı avtomaşının sahibi Cavabdeh Xanlar oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yolnəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına Cavabdeh Xanlar oğlunun təqsiri üzündən ümumilkidə 14.623 manat ziyan dəymişdir. Həmin zərərə aşağıdakılar daxildir: 1. Dəyişməyə aid olan təmir üçün ehtiyat hissələrinin və detalların dəyəri - 8933 manat. 2. Dəmirçi işinə aid avtomaşının təmir olunması və alınmış ehtiyyat hissələrinin avtomaşının üzərinə quraşdırılmasına görə zəhmət haqqı - 1700 manat; 3.Rəngsaz işi, avtomaşının təmir olunmuş hissələrinin rənglənməsinə görə malmaterialı ilə birlikdə xidmət haqqı 800 manat; 4.Avtoçilingər işinə aid avtomaşının təmirə sökülməsi və təmirdən sonra yenidən üzərinə quraşdırılmasma görə xidmət haqqı - 150 manat; 5. Avtorazval xidmət haqqı - 40 manat 6. Avtomaşınının qiymətinin əmtəəlik görünüşünün itirilməsinin dəyəri - 3001 manat. Beləliklə əmlakına vurulmuş ziyanın ümumi miqdarı 14.623 manat təşkil edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən cavabdeh bu ziyanın əvəzini tam şəkildə ödəməyə borcludur. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə etdiyi müraciətlər bu günədək cavabsız qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hətərəfli araşdırmamış, iddiaçıya 5000 manat sığorta ödənişinin edilməsinə düzgün qiymət verilməmişdir. O, bu məbləğin ekspert rəyindəki ümumi məbləğdən çıxılmasını məhkəmə iclasında bildirsə də, buna əhəmiyyət verilməmişdir. Əslində dəymiş ziyanın məbləği 1456,50 manatdır. Beləliklə də, qətnamə qəbul edilərkən maddi və prosessual normalar pozulduğundan qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, etiraf etdi ki, ziyanla bağlı həqiqətən "xxxx" ASC-dən 5000 manat sığorta ödənişini almışdır. Lakin ona dəyən ziyan daha çoxdur, ona görə də ödənilən sığorta məbləği nəzərə alındığı təqdirdə ziyan qismən aradan qalxmış olar. Bu səbəbdən də o, məhkəmə qətnaməsindən apelyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan X1 İXP ******* saylı, 12 may 2020-ci il tarixli protokoldan görünür ki, 23 aprel 2020-ci ildə, saat 10:34-də Quba rayonu, İkinci Nügədi kəndi ərazisində Cavabdeh Xanlar oğlu istifadəsində olan “Mersedes Benz C180” markalı, **-GM-*** dövlət nömrə nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş və İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yenə işdə olan inzibati tənbehvermə haqqında 12 may 2020-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X1 İXP ******* saylı, 12 may 2020-ci il tarixli protokola baxılaraq, müəyyən edilmişdir ki, 23 aprel 2020-ci ildə, saat 10:34-də Quba rayonu, İkinci Nügədi kəndi ərazisində Cavabdeh Xanlar oğlu istifadəsində olan “Mersedes Benz C180” markalı, **-GM-*** dövlət nömrə nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmiş və İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yenə də işdə olan "xxxx" MMC-nin 25 aprel 2020-ci il tarixli ziyan aktından görünür ki, İddiaçı məxsus “Mercedes-Benz E-280” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 11623 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 25.01.2021-ci il tarixli, 9/5902 nömrəli rəyindən görünür ki, 2006-cı il buraxlışlı “Mercedes-Benz E-280” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6456,5 manat müəyyən edilir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası həmin hissədə, MPM-nin 372.6-cı maddəsinə əsasən araşdırma aparmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, 5000 manat sığorta ödənişi nəzərə alınmadan həmin məbləğin təkrar tutulması hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli və iddia tələbi vurulmuş ziyanın ekspert tərəfindən müəyyən edilmiş məbləğindən 5000manat çıxılmaqla qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 23 aprel 2020-ci il tarixdə Quba rayonu, İkinci Nügədi kəndi ərazisində Cavabdeh Xanlar oğlu istifadəsində olan “Mersedes Benz C180” markalı, **-GM-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkət edərkən idarəetməni itirmiş və avtomaşın sürüşərək yolun sol hissəsində dayanan iddiaçıya məxsus “Mersedes Benz E280” markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Törətdiyi inzibati xəta hadisəsinə görə Cavabdeh Xanlar oğlu inzibati qaydada cəzalandırılmışdır. Yaranmış mübahisə üzrə məhkəmə kollegiyasının hüquqi mövqeyi aşağıdakılara əsaslanır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Yenə həmin Qanunun 81-ci maddəsinin tələblərinə görə bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Hazırkı mübahisə üzrə zərəri cavabdeh vurduğundan məhkəmə kollegiyasının qənaətinə görə ona qarşı qaldırılmış iddia əsaslıdır. Bununla belə, işdən görünür ki, zərərin məbləği barədə tərəflər arasında mübahisə yaranmışdır. Məhkəmə zərərin məbləğini müəyyən edərkən məlum ekspert rəyinə istinad etmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 25.01.2021-ci il tarixli, 9/5902 nömrəli rəyindən görünür ki, 2006-cı il buraxlışlı “Mercedes-Benz E-280” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6456,5 manat təşkil etmişdir. Lakin işin mübahisəsiz hallarından biri də budur ki, zərərin aradan qaldırılması üçün iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və cavabdeh bu halı təsdiq etdi. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğin yenidən cavabdehdən iddiaçının xeyrinə tutulması qüvvədə olan qanunvericiliyə görə yolverilməzdir. Həmin hüquq (subroqasiya) sığorta ödənişi etmiş hüquqi şəxsə keşmişdir və İddiaçı tələbi bu hissədə əsassızdır. Belə ki, «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya cəmi 6456,50 manat zərər dəysə də, sığorta ödənişi bu məbləğdən çıxılmalı və qalan 1456,50 manat pul cavabdehdən tutulmalıdır. Lakin işə baxan məhkəmə bu hallara düzgün qiymət verməmiş, sığorta ödənişini və iddiaçının bundan faydalanmasını nəzərə almamış, nəticədə isə qismən əsassız qərar qəbul etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər çəkmiş İddiaçı ona dəymiş ziyanla bağlı Cavabdeh zərərin əvəzini tələb etmək hüququ vardır və o, 1456,50 manat məbləğində pulu tələb etməkdə haqlıdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, Cavabdeh isə apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci və 384.0.2-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər, həmçinin tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən (5000 manat hissəsində) ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-205/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi cavabdehdən vurulmuş ziyana görə 6456,50 manat tutulması hissəsində, yəni 5000 manat sığorta ödənişi nəzərə alınmadan həmin məbləğin təkrar tutulması hissəsində ləğv edilsin. Bu hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin 5000 manat həcmində təmin edilməsin. Qətnamə Cavabdeh dəymiş ziyana görə 1456,50 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar