Məhkəmə qərarları › İş №2(105)-1759/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1759/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1759/2023 31.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 2629/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 11000 manat pulun və 123 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 5 ildən artıq bir vaxtdır ki, tanıyır. Tanışlıqlarının əsas səbəblərindən biri ortaq dostluqları və qonşuluq münasibətlərinin olmasıdır. Belə ki, iddiaçı təxminən 10 may 2022-ci il tarixində 5000 manat, 22 oktyabr 2022-ci ildə isə 6000 manat pulu Cavabdeh borc olaraq vermişdir ki, özü üçün şirniyyat sexi açsın və müddətdə də pullarını geri qaytarsın. Cavabdeh bu pulları alarkən iddiaçı ilə aralarında borc müqaviləsi belə bağlanmışdır. Lakin cavabdeh iddiaçıya vermiş olduğu heç bir vədinə əməl etməmiş, özünə şirniyyat sexi açmamış, əksinə həmin pulları iddiaçıdan alaraq aldatmış, özü isə başqa hotelə şirniyyatçı olaraq işə düzəlmişdir. İddiaçı bu pulları verərkən yetəri şahidləri belə olmuşdur. İddiaçının dəfələrlə zənglər etməsinə baxmayaraq, cavabdeh heç bir cavab verməmiş, vermiş olsa da intihar edəcəyini bildirmişdir. Sonuncu dəfə cavabdeh iddiaçıya bildirmişdir ki, 05 mart 2022-ci il tarixində bütün pulları qaytaracaqdır, lakin bu dəfə də vədinə əməl etməyərək pulu ödəmək üçün vaxt istəmişdir. Göstərilənlərə əsasən cavabdeh xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh almış olduğu 11000 manat pulun və ödənilmiş 123 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 2629/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 11000 (on bir min) manat məbləğində pul və ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Şənbəm Həxiyeva).

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 11000 manat borc pul almışdır. Həmin borc məbləğinin alınması iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən yazılmış iltizamlarla, şahid ifadəsi ilə sübut olunur. Cavabdeh iddiaçıya olan borcunu qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş teleqrama münasibət bildirərək qeyd edir ki, Cavabdeh 11000 manat məbləğində pul götürdüyünü, lakin o borcdan 3000 manat ödədiyini qeyd etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 331.1, 739.1, 740.1, 740.2, 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2629/2023 saylı qətnaməsinin qismən ləğv edilərək ondan 2185 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 2019-cu ilin mart ayında İddiaçı 5000 (beş min) manat məbləğində pul götürmüşdür. Cavabdeh götürülən puldan 1800 (min səkkiz yüz) manat və 1500 (min beş yüz) manat olmaqla ödənişlər etmiş, bundan əlavə cavabdeh müxtəlif vaxtlarda ödəniş terminalı vasitəsi ilə 445 (dörd yüz qırx beş) manat və bank kartı vasitəsi ilə 70 (yetmiş) manat olmaqla ümumilikdə iddiaçıya 515 (beş yüz on beş) manat pul ödəmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş qəbzlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçıya 5000 (beş min) manat və 6000 (altı min) manat olmaqla ümumilikdə 11000 (on bir) manat borcu olduğu müəyyən edilmişdir. Əslində isə yuxarıda qeyd edildiyi kimi cavabdeh iddiaçıdan cəmi 5000 (beş min) manat məbləğində borc almış, iddiaçı isə alınmış borca faiz hesablayaraq cavabdehə borcunun artaraq 6000 (altı min) manat olduğunu bildirmiş və xx.xx.2022-ci il tarixdə cavabdehə bununla bağlı qəbzə imza etdirmişdir. Bundan əlavə cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə iddiaçıdan 11000 manat məbləğində pul götürməsi, lakin o borcdan 3000 manat ödəməsi və iddia tələbinin 8000 manat hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etməsi məzmununda teleqram göndərməmiş, cavabdeh həmin teleqram kimin tərəfindən göndərilməsindən xəbərsiz olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən halları üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunmuş qəbzlərə əsasən cavabdehin ona 5000 (beş min) manat və 6000 (altı min) manat olmaqla ümumilikdə 11000 (on bir) manat borcu olduğu müəyyən edilmişdir. Həmin qəbzlər onun dəsti xətti ilə yazılmış və imzalanmışdır, bu puldan isə ona ödəniş etməmişdir. Cavabdehin guya borcun yalnız 5000 manat olması və tərəfindən həmin pula faiz hesablanaraq onun 6000 (altı min) manat borcunun olduğunu bildirməklə xx.xx.2022-ci il tarixdə bununla bağlı qəbzə imza etdirməyi yalan olmaqla cavabdehin bu öhdəlikdən yayınmasına xidmət edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, pul cavabdehə verilən zaman o da iddiaçının mənzilində olmuşdur. İddiaçı pulu verən zaman cavabdeh borcu təsdiq edən əlyazma yazmışdır. İddiaçı ilə cavabdehin söhbətlərinin mahiyyətindən aydın olmuşdur ki, cavabdeh əvvəl də iddiaçıdan borc götürmüşdür. Bundan başqa Cavabdeh məhkəməyə teleqramla müraciət edərək ondan 11000 manat məbləğində pul götürdüyünü, lakin o borcdan 3000 manat ödədiyini və iddia tələbinin 8000 manat hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən (iltizam) görünür ki, Cavabdeh İddiaçı 5000 manat məbləğində borcu olduğunu etiraf etmiş, həmin pulu 2 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən (iltizam) görünür ki, Cavabdeh İddiaçı 6000 manat məbləğində borcu olduğunu etiraf etmiş, həmin pulu xx.xx.2023-cü tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin pulu qaytarmaq əvəzinə apellyasiya şikayətində qeyd etmişdir ki, guya 6000 manat qəbz əvvəl verilmiş pula hesablanan faizə görə sonradan yazılmışdır. Əgər cavabdeh qeyd etdiyi məbləğlərdə ona pul qaytarmışsa, onda nə ücün 6000 manat borc götürməsi barədə qəbz yazırdı və yaxud da ona pul qaytardıqda bu barədə qəbz almırdı, sonrakı qəbz əvvəlki borcu da ehtiva edirdisə, onda nə üçün əvvəlki qəbzi ondan almırdı. Bütün bunlar o anlama gəlir ki, yazılanlar yalan olmaqla məqsəd borcu qaytarmamaqdır. Mötəbər sübut qarşı tərəfin yazdığı iltizamdır və eyni zamanda həmin pulların alınmasını təsdiqləyən şahidlərdir. Bu hallar ona dəlalət edir ki, verilmiş apellyasiya şikayəti tam əsassızdır və ona görə də uzun müddət ölkədə olmayacağını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını və cavabdehin apellyasiya şikayətinin təmin olunmaması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2629/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının məhkəmə iclasında iştirakı mütləqdir. Belə ki, mübahisələndirilən qətnamə ilə iddia tam təmin olunmuşdur. Birinci instansiya məhkəməsində hüquqlarını müdafiə etdiyi tərəfin məhkəmə iclasından xəbəri olmamışdır. Məhkəmənin qətnaməsində istinad etdiyi, cavabdehin 11000 manat borcdan 8000 manatı etiraf etməsi barədə teleqram məhkəməyə cavabdeh tərəfindən ünvanlanmayıb. Teleqramın hansı poçtdan vurulduğunu öyrənib, ünvan 1 poçt şöbəsindən məsələni maraqlanmış və poçta sorğu vermişdir. Poçtun İradə adlı əməkdaşı bildirdi ki, teleqram 2023-cü ilin may ayında İddiaçı xahişi ilə vurulub. Yəqin ki, cavabdehin şəxsiyyət vəsiqəsinin surəti də İddiaçı olub və o, teleqramı göndərməyə nail olub. Poçtda bildirib ki, adından teleqram vurulan şəxs onun dostudur. Cavabdeh teleqramın göndərildiyi saatlarda işdə olub. Bu barədə arayış da var. Cavabdehin iş yerinə giriş və çıxış vaxtları elektron formada qeydə alınıb. Poçtdan teleqram tərtib olunarkən vətəndaş tərəfindən doldurulan qəbzi tələb etmişdir. Cavabdeh iddiaçıdan 5000 manat pul alıb və həmin puldan müəyyən ödənişlər də edib. Yanvar ayına İddiaçı tərəfindən cavabdehə yazılmış mesajlarda 11000 manatdan söz açılmır, 6000 manatdan danışılır. Təxmini 2000 manata kimi borcu qalanda iddiaçı ona yenidən qəbzə imza etdirib. Bu zaman cavabdeh qəbzin mətnini oxumayıb. Amma tərəflər arasında yazışmaların və ödəniş qəbzlərinin surəti var. Mesajlarda yazılıb ki, iddiaçı cavabdehə bildirir ki, 6000 manatı vermək lazımdır. Əgər məbləğ həqiqətən 11000 manat olsaydı, iddiaçı mesajda bunu belə qeyd edərdi. Cavabdehin 2185 manat borc qalıb və həmin borcun ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2629/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.

11. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ölkə xaricində olduğundan işə onun iştirakı olmadan baxılmasını xahiş edir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

13. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 2629/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edlməlidir.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə tələbə yoldaşı olmuş və pul cavabdehə verilən zaman o da iddiaçının mənzilində olmuşdur. İddiaçı pulu cavabdehə verən zaman cavabdeh borcu təsdiq edən əlyazma yazmışdır. İddiaçı ilə cavabdehin söhbətlərinin mahiyyətindən aydın olmuşdur ki, cavabdeh əvvəl də iddiaçıdan borc götürmüşdür.

17. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək iddiaçıdan 11000 manat məbləğində pul götürdüyünü, lakin o borcdan 3000 manat ödədiyini və iddia tələbinin 8000 manat hissəsində təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

18. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən (iltizam) görünür ki, Cavabdeh İddiaçı 5000 manat məbləğində borcu olduğunu etiraf etmiş, həmin pulu 2 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür.

19. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən (iltizam) görünür ki, Cavabdeh İddiaçı 6000 manat məbləğində borcu olduğunu etiraf etmiş, həmin pulu xx.xx.2023-cü tarixədək qaytaracağını öhdəsinə götürmüşdür.

20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda ümumilikdə 11000 manat borc pul almışdır. Həmin borc məbləğinin alınması iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən yazılmış iltizamlarla, şahid ifadəsi ilə sübut olunur. Cavabdeh iddiaçıya olan borcunu qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş teleqrama münasibət bildirərək qeyd edir ki, Cavabdeh 11000 manat məbləğində pul götürdüyünü, lakin o borcdan 3000 manat ödədiyini qeyd etsə də həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

21. İlk olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla da ədalət mühakiməsinin çəkişmə prinsipini pozmuşdur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə cavabdehin iştirakını təmin etməyərək teleqramın həqiqətən cavabdeh tərəfindən ünvanlanmasını araşdırmamış, teleqramı iddianın etirafi kimi qəbul edərək iddianı təmin etmişdir.

24. Məhkəmə kollegiyası iddia tələbinə qiymət verərək qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazışmaların fotosurətlərindən görünür ki, yazışmalar xx.xx.2022-ci il tarix ilə xx.xx.2022-ci il tarixləri arasında aparılmış, həmin yazışmalarda borcun məbləği 6600 manat kimi qeyd edilmiş, ödənişlərin xx.xx.2023-cü il tarixdən gündəlik 10 manatdan aparılması barədə qeyd yazılmışdır. Ümumi borc məbləğinin 11000 manat olmasına dair hər hansı yazışma iş materiallarında mövcud olmamışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçıdan 5000 manat pul alıb, daha sonra borc hesablanaraq 6000 manat olmasına dair yeni qəbz yazılıb.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından cavabdeh tərəfindən 5000 manat pulun alınmasına dair qəbz xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, 6000 manatın alınmasına dair qəbz isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir.

27. Bununla bağlı kollegiya qeyd edir ki, bir halda ki, xx.xx.2022-ci il tarixli qəbzlə alınmış 5000 manat məbləğində pul cavabdeh tərəfindən qaytarılmamışdır, həmin məbləğ qaytarılmadığı halda yenidən 5 ay sonra təkrar 6000 manat məbləğində borcun verilməsi ağlabatan hesab edilə bilməz.

28. Bundan başqa məhkəmə kollegiyasına təqdim edilmiş tərəflər arasındakı 09 yanvar tarixli yazışmadan görünür ki, iddiaçı yazışmada “6000 manatı vermək lazım olduğunu” qeyd etmişdir.

29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan aldığı borcun məbləğinin 6000 manat olması qeyd edilən sənədlərlə müəyyən edilir.

30. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış teleqrama münasibətdə qeyd edir ki, məhkəmənin sorğusu əsasında daxil olmuş xx.xx.2023-cü il tarixli, 11/100 nömrəli məktuba əlavə edilmiş teleqramdan görünür ki, teleqramın Cavabdeh tərəfindən xx.xx.2023-cü il, saat 10:46-da ünvanlanması qeyd edilsə də teleqramın tərtibinə dair sənəd cavabdeh tərəfindən imzalanmamışdır.

31. Həmçinin təqdim edilmiş "xxxx" Estates MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində saat 09:08:33-dən 17:58:57-ə qədər "xxxx" MMC-də fəaliyyət göstərdiyi qənnadçı vəzifəsində işdə olmuşdur.

32. Bununla da qeyd edilir ki, iddianın etirafı kimi məhkəməyə ünvanlanmış qeyd edilən teleqramın cavabdeh tərəfindən məhkəməyə ünvanlanması təkzib edilir.

33. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin ona 11000 manat borclu olmasını qeyd etsə də bunu təsdiq edəcək sübutları təqdim etməmişdir.

34. Halbuki AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında sübutetmə yükü də inkar edənin deyil, təsdiq edənin üzərinə düşür.

35. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan 6000 manat məbləğində borc alması iş materiallarında olan yazışmalarla təsdiq edildiyindən, həmin borcdan 515 manat ümumi ödənişin edilməsi iddiaçı tərəfindən ünvanlanmış ərizədə, o cümlədən ödəniş qəbzlərində qeyd edildiyindən həmin məbləğ çıxılmaqla cavabdehin 5485 manat borcu müəyyən edilir.

36. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki iddia tələbi qismən təmin edildiyi üçün 123 manat ödənilmiş dövlət rüsumunun tələbin həcminə uyğun olaraq 61 manat hissəsi də cavabdehdən tutulmalıdır.

37. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin şərh olunan bu hallarına düzgün qiymət verməmiş və işin qeyd edlən hallarını araşdırmamış, nəticədə səhvə yol vermişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.3-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelıyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

38. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 2629/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5485 (beş min dörd yüz səksən beş) manat məbləğində pul və ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 2629/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5485 (beş min dörd yüz səksən beş) manat məbləğində pul və ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar