Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-176/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 2(059)-63/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.Quliyev) iddianın təmin edilməsi, 08.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1481,17 ABŞ dolları əsas, 325,75 ABŞ dolları faiz, 71,37 ABŞ dolları cərimə, cəmi 1878,29 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08.07.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1481,17 ABŞ dolları əsas, 325,75 ABŞ dolları faiz, 71,37 ABŞ dolları cərimə, cəmi 1878,29 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 iyul 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 28 %-lə 24 ay müddətinə 3133 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 21 sentyabr 2016-cı ilədək Cavabdeh 08 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1481,17 ABŞ dolları əsas, 325,75 ABŞ dolları faiz, 71,37 ABŞ dolları cərimə, cəmi 1878,29 ABŞ dolları borcu vardır. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə barədə lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı və xəbəri olmadan baxılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin onun iştirakı olmadan işə baxılması barədə dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi üzrə məhkəmə baxış iclası təyin edilmiş, həmin baxış iclasına dair bildiriş cavabdehə göndərilsə də, həmin bildiriş cavabdeh tərəfindən alınmamış, bildirişin geri qaytarılması müəyyən edilmiş, cavabdehin iştirakı təmin edilmədən iddia tələbi üzrə yekun hüquqi nəticəyə gəlinmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki mühakimə icraatı tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilir. İddia tələbi yönəlmiş cavabdehin iştirakı təmin edilməmiş, onun mübahisəyə hər hansı bir münasibətini aydınlaşdırmamış, bununla da mülki mühakimə icraatının tərəflərin bərabərliyi və çəkişmə prinsipi ilə realizə edilməsi prinsiplərini pozmaqla qətnamə qəbul etmişdir. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1. və 386.1. maddələri). Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421.2. maddəsi). İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində onun cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmışdır. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxış iclasında iştirak etməyən cavabdeh apellyasiya icraatı zamanı kredit müqaviləsi üzrə yaranmış borcu mübahisələndirmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5111 saylı, 04 mart 2021-ci il tarixli rəyinə əsasən bank ilə Cavabdeh arasında bağlanmış 08.07.2014-cü il tarixli 1456 saylı kredit müqaviləsi üzrə X1 17.03.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 1075,38 ABŞ dolları, faiz borcu 279,05 ABŞ dolları müəyyən edilir. Hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən 17.03.2017-ci il tarixdən sonrakı dövrdə 1436,07 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi 17.03.2017-ci il tarixə göstərildiyindən 1436,07 ABŞ dolları məbləğində ödənişlər nəzərə alınmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3622 saylı, 17 iyun 2021-ci il tarixli rəyinə əsasən bank ilə Cavabdeh arasında bağlanmış 08.07.2014-cü il tarixli 1456 saylı kredit müqaviləsi üzrə X1 17.03.2017-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 0,00 ABŞ dolları, faiz borcu 0,00 ABŞ dolları, artıq ödəniş məbləği 81,64 ABŞ dolları müəyyən edilir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən cavabdeh tərəfindən 26.04.2017-ci il tarixdən 19.04.2019-cu il tarixədək 1436,07 ABŞ dolları məbləğində ödəniş edilmiş, bu səbəbdən ekspert rəyində də göstərildiyi kimi cavabdehin banka borcu qalmamışdır. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04.03.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyi icra olunduğundan, iddia tələbi rədd edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin ekspert tədqiqatlarının dəyəri ilə əlaqədar hesab edir ki, iddia tələbi rədd edildiyindən, İddiaçı ASC-dən məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 100+50=150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respubliası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Siyəzən Rayon Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia tələbi rədd edilsin. İddiaçı ASC-dən məhkəmə mühasibatlıq ekspertizasının dəyəri 150 (bir yüz əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-176/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-176/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver