Məhkəmə qərarları › İş №2(105)-1760/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1760/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1760/2021 31.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X5 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas borc və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi S.Muradzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 arasında bağlanmış 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı kredit, Cavabdeh2 ilə bağlanmış 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı zaminlik müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1387,69 manat əsas borcu, 275,22 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilkdə 1672,91 manat borc məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumundan 7 manat tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 08.01.2021-ci il tarixli, 9/4791 saylı mühasibatlıq ekspertizasına görə 145 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 33 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 112 manatın isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı- X3, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE******************** qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 arasında bağlanmış 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı kredit, Cavabdeh2 ilə bağlanmış 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı zaminlik müqaviləsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 1486 manat əsas borcu, 5728 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, 7414 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Bakıxanov” filialı ilə A.A.Ağavediyev arasında 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq indiyənədək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklərini yerinə yetirilməmişdir. Götürülmüş kredit üzrə İddiaçı ASC-nin Bakıxanov filialı ilə Cavabdeh2 arasında 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən, zamin öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi S.Muradzadə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə ekspert rəyinin əsaslıgının hər hansı bir şübhə dogurmaması səbəbi ilə ekspert rəyini mötəbər sübut növü kimi qəbul etmişdir. Ekspert rəyində kredit müqaviləsinin şərtləri nəzərə alınmamışdır. Cavabdeh tərəfindən 14 avqust 2014-cü il tarixindən sonra müqavilənin bitmə tarixinə, yəni 19 may 2015-ci il tarixinə qədər heç bir ödəniş aparılmamışdır. Qeyd edilən 9 ay ərzində cavabdeh tərəfindən ödənilməyən əsas və gecikmiş faiz borcu ekspert tərəfindən düzgün nəzərə alınmamışdır. Məhkəmə öz təşəbbüsü ilə ekspertiza keçirmişdir və ekspertizanın pulu cavabdehdən deyil, onlardan tutulması qət edilmişdir. Məhkəmə tərəflər arasında xərclərin bölüşdürülməsini də düzgün aparmamışdır. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021ci il tarixli 2(012)-181/2021 saylı qətnaməsinin əsas borc, faiz borcu və cərimə məbləginin təmin edilməyən hissəsində ləğv edilərək, fondun iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi M.R.Sultanlı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi S.Muradzadənin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan A.A.Ağavediyev arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən A.A.Ağavediyevə 24 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 4000 manat kredit verilmişdir. İşdə olan 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq A.A.Ağavediyev arasında 19.03.2013-cü il tarixdə bağlanmış 19032013/125729 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İşə əlavə olan 07.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 1486 manat əsas borcu, 5728 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, 7414 manat məbləğində borcu vardır. Məhkəmə kollegiyası iddiaçının iş üzrə ekspertiza xərçinin Bankdan tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmamasının dəlilini qəbul etmir. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında müqavilə 19 mart 2013-cü il tarixdə 24 ay müddətinə bağlanmışdır. Müqavilənin müddəti 19 mart 2015-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı təşkilat məhkəməyə iddia ərizəsi ilə 27 fevral 2020ci il tarixdə müraciət etmiş və bu müddətə faiz borcunun tutulması tələb irəli sürmüşdür. Odur ki, birinci instansiya məhkəməsi işin obyektiv baxılması üçün öz təşəbbüsü ilə ekspertizanın keçirilməsində haqlı olmuşdur. İş materiallarından görünür ki, tərəflər arasında 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. İddiaçı təşkilatın nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə qismən sübuta yetirə bilib və iddia tələbinin qanuni əsasları vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.01.2021-ci il tarixli, 9/4791 saylı ekspert rəyindən görünür ki, 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 müqavilənin müddəti bitmə tarixinə İddiaçı ASC-yə olan əsas borcu 1387,69 manat, faiz borcu üzrə 275,22 manat olmaqla, cəmi 1662,91 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı kredit müqaviləsi üzrə cavabdeh (borcalan) A.A.Ağavediyev üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu A.A.Ağavediyevin bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən dəbbə pulunun düzgün azaldılmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə hesablanmış 200 manat məbləğində cərimənin azaldılaraq 10 manat məbləğində saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 19.03.2013-cü il tarixli, 19032013/125729 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X6 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 08 fevral 2021-ci il tarixli 2(012)-181/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar