Məhkəmə qərarları › İş №2(105)-1760/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1760/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1760/2023 15.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh Dəryaqulu qızına qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2001/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Dəryaqulu qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Dəryaqulu qızından 10.000 (on min) manat məbləğində pul, habelə 124 (bir yüz iyirmi dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Dəryaqulu qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh Dəryaqulu qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Dəryaqulu qızı 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayınadək olan müddət ərzində tezliklə qaytarmaq şərti ilə iddiaçıdan hissə-hissə 14.000 (on dörd min) manat məbləğində borca pul almış, 3.000 (üç min) manat qaytarmış, 11.000 (on bir min) manatı isə bu günə kimi qaytarmamışdır. Belə ki, Cavabdeh iddiaçının qonşusudur və onlar həmişə yaxşı münasibətdə olmuşlar. 2020-ci ilin oktyabr ayında Cavabdeh iddiaçıya müraciət edərək hərbi qulluqçu olan oğlu Şahini müharibəyə aparmasınlar deyə onu saxlatdırmaq məqsədi ilə 10.000 (on min) manat məbləğində pul lazım olduğunu bildirmiş və xahiş etmişdir ki, ona kömək etsin. İddiaçı cavabdehə kömək etmək məqsədi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev-29/27, mənzil-24 ünvanında yaşayan iş yoldaşı X1 4.000 (dörd min) manat, qonşusu - Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev-29, mənzil-69 ünvanında yaşayan Şahid2 isə 4.200 (dörd min iki yüz) manat məbləğində borca pul alıb cavabdehə vermişdir. Beləliklə, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayınadək cavabdehə hissə-hissə 14.000 (on dörd min) manat məbləğində borca pul vermişdir. Cavabdeh ona verilən pulları qaytara bilmədiyinə görə, təklif etmişlər ki, lotereya oyununa qoşulsun və pulları hissə-hissə qaytarsın. Bundan sonra, Cavabdeh lotereya oyununa qoşulmuş və iddiaçıya cəmi 3.000 (üç min) manat pul qaytarmışdır. 11.000 manatı isə bugünə kimi qaytarmamışdır. İddiaçı faktla bağlı tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, iddiaçının və cavabdehin izahatları alınmış və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh lotereya oyununa cəlb edilməsi və iddiaçıya 3.000 (üç min) manat pul verməsi barədə göstərilmiş, lakin iddiaçıdan 14.000 (on dörd min) manat məbləğində pul alması və 3.000 (üç min) manat pulu iddiaçıya nəyə görə verməsi barədə heç nə göstərilməmiş və araşdırılmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Dəryaqulu qızı Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmır. Məhkəmə işdə olan səs yazısına və şahid ifadəsinə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, məhkəmə tərəfindən tərəflərin səs yazısı olan CD diski dinlənilmiş, qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı (02:56-03:10) ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə ödənilməmiş 10.000 manat borcun qaldığını, cavabdeh isə həmin borcu qaytaracağını bildirir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, həmin səs yazısı tərəflər arasında olan lotereya ilə bağlıdır. İddiaçı iddia ərizəsində qeyd etdikləri ilə məhkəmədə verdiyi izahatlar tamamilə ziddiyyət təşkil edir. Belə ki, o, iddia tələbində qeyd edib ki, Sahibədən 4000 manat, Xanımdan isə 4200 manat pul alıb cavabdehə vermişdir. Məhkəmədə isə iddiaçı bildirir ki, Sahibədən 7000 manat, Xanımdan isə 4200 manat pul alıb iddiaçıya verib. Həmçinin məhkəmədə iddiaçı qeyd etmişdir ki, pulu cavabdehə verəndə heç kim olmayıb və həmin şəxslərin heç birinə pulu cavabdehə verməsi ilə bağlı nəsə deməmişdir. Lakin həmin şəxslər məhkəmədə şahid qismində ifadə verirlər və onların da ifadələri mötəbər sübut kimi qəbul olunur. Hətta şahid Sahibə məhkəmə iclasında ondan 6000 manat pul aldığını qeyd edir. İddiaçı isə 7000 manat aldığını qeyd edir. Bütün bunlar ziddiyyətli olsa da, məhkəmə bunun nəzərə almamışdır. Səs yazısı isə birbaşa olaraq lotereyaya aiddir. Çünki cinayət işinin başlanılmasının rədd olunması haqqında qərarda da cavabdeh iddiaçıdan borc almadığını qeyd etmişdir. O, ifadəsində də tərəflər arasında lotereya ilə bağlı pul münasibəti olduğunu qeyd etmişdir. Lakin nədənsə məhkəmə həmin səs yazısını borc münasibəti kimi qəbul etmiş və iddia tələbini qismən təmin etmişdir. İş üzrə iddiaçı hüquqdan sui-istifadə edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən əsassız olaraq pul tələb etmişdir. Məhkəmə isə iddiaçının qanunsuz və əsassız iddia tələbini təmin etmişdir. Məhkəmə iddia tələbini təmin edərkən iş materillarında olan səs yazısına əsaslanmışdır. Həmin səs yazısı isə qanunsuz yolla əldə olunmuş sübutdur. Ona görə də hesab edir ki, həmin səs yazısı mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmənin gəldiyi əsassız nəticəyə görə iddiaçı əsassız olaraq varlanmış cavabdeh isə qanunsuz və əsassız olaraq maddi ziyana düşmüşdür. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. Cavabdeh bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya qaydasında şikayət vermiş, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtinə görə iddiaçı ilk növbədə tələb etdiyi məbləği cavabdehə verdiyini sübut etməlidir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh pulun ona verildiyini mübahisələndirməsin. Qeyd etmək lazımdır ki, iddiaçı cavabdehə 14000 (on dörd min) manat məbləğində borc verdiyini, həmin məbləğdən 3000 (üç min) manatı qaytardığını, yerdə qalan 11000 (on bir min) manat qaytarmadığını iddia etmiş, cavabdeh isə iddiaçıya borcu olmadığını bildirmişdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-nin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd olunmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-nin 106.1. maddəsinə görə işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş səs yazısını yenidən dinlənilmiş və bu zaman cavabdehin həmin məbləğdən 10.000 manat borclu qaldığını bildirmişdir. Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışaqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-nin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunmalıdır ki, işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Göründüyü kimi qeyd olunan tərəflər arasındakı səs yazısında cavabdehin iddiaçıya 10.000 manat borcu qalması öz təsdiqini tapır. Bununla yanaşı cavabdehin səs yazısının lotoreyaya aid olması barədə cavabdehin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır və hesab edir ki, səs yazısında tərəflər arasında ümumi borlca bağlı söhbətlər aparılmışdır. Lakin cavabdehin, o cümlədən iddiaçının məhkəmə iclasında verdiyi izahatında cavabdehin ərinə məxsus pensiya kartından 6 ay ərzində 475 (dörd yüz yetmiş beş) manat olmaqla, cəmi 2150 (iki min yüz əlli) manat pul götürdüyü qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçıya 10000 manat məbləğində borcu qalması, həmin puldan 2150 (iki min yüz əlli) manat qaytarması iddiaçının izahatında da öz təsdiqini tapdığından, qətnamə iddianın təmin edilən hissəsində qismən təmin edilərək, iddiaçının tələb etdiyi məbləğdə deyil, 7150 (yeddi min yüz əlli) manat pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya qaydasında işə baxan məhkəmə işin şərh olunan hallarında düzgün hüquqi qiymət verməmiş, bu səbəbdən də iş üzrə səhv nəticəyə gələrək işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan qətnamə qəbul etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Dəryaqulu qızının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Dəryaqulu qızından 7150 (yeddi min yüz əlli) manat alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar