Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1762/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili X3, Cavabdeh və onun vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(012)-1642/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(012)-1642/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 6600,51 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutularaq İddiaçı verilməsi, iddia tələbinin 6600,51 manat vəsaitə hesablanan illik 5 faiz olaraq 660 manat vəsaitin cavabdehdən tutulması hissəsində rədd edilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək kredit borcunun təminatı olan əmanət hesabından 6600,51 manatın silinərək kredit borcunun tam bağlandığı əsas götürülməklə həmin vəsait və tutmaya məruz qalmız vəsaitin illik 5 faizi olan 660 manat vəsaitin, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 7290,51 manat pulun Cavabdeh alınaraq ona qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qohumudur. 2019-cu ilin fevral ayında cavabdeh ona müraciət edərək başına iş gəldiyini, təcili pula ehtiyacı olduğunu, kreditə pul almaq üçün banklara müraciət etdiyini, lakin banklar girov qoyulmalı əmanət olduğu halda, kredit verəcəklərini bildirdiklərini, ona köməklik göstərməyi, "xxxx" ASC-də olan hesabındakı pulu həmin bankdan götürmək istədiyi 5800 manat kreditə girov qoymağı xahiş etmiş və cavabdeh bankdan götürəcəyi vəsaiti 1 il müddətində vaxtlı-vaxtında faizi ilə birlikdə ödəyəcəyini bildirmişdi. Cavabdehin xahişinə əvvəl razılaşmasa da, içdiyi andlarına inanaraq xahişi ilə "xxxx" ASC-yə gedərək həmin bankda hesabındakı 10000 manat vəsaitin girov qoyulması şərti ilə cavabdehə kredit verilməsinə etiraz etməmişdi. Bu əsasla da cavabdehlə "xxxx" ASC arasında 1 il müddətinə, illik 14 faiz ödəmək şərti ilə 5800 manat kredit verilməsinə dair 21.02.2019-cu il tarixli, 006 BXFƏK saylı müqavilə bağlanmış, həmin gün də qeyd edilən müqavilənin təminatı olaraq onun "xxxx" ASC-dəki hesabında olan 10000 manat vəsaitin girov qoyulmasına dair "xxxx" ASC ilə aralarında 21.02.2019-cu il tarixli, 006 BXFƏK saylı girov müqaviləsi imzalanmışdı. Girov müqaviləsini bağlayarkən cavabdehin kredit müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyinə, ona olan etibarından suiistifadə edəcəyinə heç bir şübhəsi olmamışdır. Kredit və girov müqavilələri imzalandığı gündən sonra mütəmadi olaraq cavabdehdən kreditin ödənilməsi ilə bağlı heç bir gecikmələrinin olub-olmadığını soruşduqda, ona narahat olmamağı, krediti vaxtlı-vaxtında ödədiyini bildirmişdir. Lakin bununla əlaqədar 2020-ci ilin fevral ayında "xxxx" ASC-yə müraciət etdikdə ona məlum olmuşdur ki, cavabdeh bir il müddətində onu aldatmış, bankdan götürdüyü krediti, ümümiyyətlə, ödəməmişdir. "xxxx" ASC-nin Nizami filialın 24.02.2020-ci il tarixli, AB NZF18-00044 saylı məktubundan göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsiyinə görə kredit borcu kreditin təminatı olan əmanət hesabından 6600,51 manat silinərək kredit borcu tam bağlanmışdır. Cavabdeh ona olan etibarından sui-istifadə edərək kredit müqaviləsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində kredit borcu kreditin təminatı olan əmanət hesabından silinmiş 6600,51 manat, həmin vəsaitin illik 5 faizi olan 660 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 7290,51 pul cavabdehdən alınaraq ona qaytarılmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməlidir. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiklərini əsas götürərək, heç bir araşdırma aparmadan, onun məhkəmədə vermiş olduğu ərizə və vəsatətlərini təmin etmədən, əsassız olaraq iddianı təmin etmiş, 6630,51 manat məbləğində pulun ondan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarmışdır. Belə ki, İddiaçı onun yaxın qohumudur. Ailə vəziyyəti ilə əlaqədar olaraq 2018-ci ilin ortalarında ona təcili pul lazım olmuşdu. Onunla birlikdə fəhləlik edən qohumu İddiaçı "xxxx" ASC-də tanışları olduğunu və aşağı faizlə kredit götürməkdə köməklik edə biləcəyini demiş, iddiaçı yaxın qohumu olduğundan buna razı olmuşdu. 21 sentyabr 2018-ci il tarixdə onlar birlikdə "xxxx" ASC-nin Bakıxanov filialına getmişdilər. Bankda onunla 207 BKXF nömrəli, 6 ay müddətinə kredit müqaviləsi bağlanmış və bankdan 6000 manat kredit götürməyi barədə məxaric qəbzinə imza etmişdi. Ona heç bir ödəmə qrafiki verilməmiş və heç bir qrafikə imza etməmişdir. 19 oktyabr 2018-ci il tarixdə o, bankın hesabına 570 manat ödəmişdi. 2018-ci ilin noyabr ayının ortalarında İddiaçı guya bankdan ona zəng etdiklərini və kreditin ödənilməsini tələb etdiklərini bildirmişdi. İddiaçı onun götürdüyü kreditə zamin olduğu üçün bankın pulu ondan tələb etdiyini bildirirdi. O, həmin ərəfədə işləyərək pul almışdı və qohumlarının yanında banka ödəmək üçün İddiaçı 2480 manat pul vermişdi ki, onu narahat etməsinlər. Təxminən 2018-ci ilin dekabrında İddiaçı qohumları Rəfiqə İsmayılovadan 1000 borc pul aldığını, ancaq ödəyə bilmədiyini, Rəfiqənin təkidlə ondan borcunu və yığılmış 500 manat faizi tələb etdiyini bildirmişdi. Rəfiqə İsmayılova ilə danışaraq həmin borcun əvəzinə, təmir işləri görə biləcəyini demiş, Rəfiqə İsmayılova buna razı olmuşdu. O, 1500 manatın əvəzinə, Rəfiqə İsmayılovaya iş görmüş və İddiaçı borcu ödənilmişdi. Təxminən 2019-cu ilin fevral aynda İddiaçı bankın krediti tələb etdiyini, bütün bu işləri özünün həll edəcəyini, ancaq birlikdə banka getmək lazım olduğunu bildirmişdi. 21 fevral 2019-cu il tarixdə onlar birlikdə banka getmiş, bankın işçisi ona bir sənəd vermiş, o da həmin sənədə imza etmişdi. Həmin gün bankdan 6000 manat götürməyi və 5781 manat pulu banka ödəməyi barədə qəbz tərtib olunmuşdu. 21 sentyabr 2018-ci il tarixdə 6 ay müddətinə götürdüyü krediti həmin ilin noyabr və dekabr aylarında əksər hissəsini banka ödəmək üçün iddiaçıya vermişdi. X7 yerdə qalan məbləğin ödənilməsini tələb etdikdə, İddiaçı 3000 manat verəcəyini bildirmiş, İddiaçı da buna razı olmuşdu. O, İddiaçı olan borcunu, yəni 3000 manatı ödəməkdən imtina etmir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, 3630 manat hissədə ləğv edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş mübahisələndirilən hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 21 fevral 2019-cu il tarixli, 006 BXFƏK nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" açıq səhmdar cəmiyyətinin Bakıxanov filialı tərəfindən Cavabdeh illik 14% ödənilmək şərti ilə 21.02.2020-ci il tarixədək 5800 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" açıq səhmdar cəmiyyətinin Bakıxanov filialı ilə İddiaçı və Cavabdeh arasında bağlanmış 21.02.2019-cu il tarixli, 006 BXFƏK nömrəli girov müqaviləsinin surətindən görünür ki, "xxxx" açıq səhmdar cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 21.02.2019-cu il tarixli, 006BXFƏK nömrəli kredit müqaviləsinə əsasən girov qoyan girov saxlayan qarşısında olan pul öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə girov qoyan İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin Bakıxanov filialında açılmış AZ42ATAZ******************** nömrəli depozit (əmanət) hesabında olan 10000 manat məbləğində pul vəsaitinin 8286 manat olan hissəsi girov qoyulmuşdur. İş materiallarında olan "xxxx" açıq səhmdar cəmiyyətinin 24.02.2020-ci il tarixli arayışından görünür ki, bankın müştərisi olan İddiaçı əmanəti əsasında təminat qismində girov qoyularaq, digər müştəri Cavabdeh 006 BXFƏK kredit müqaviləsinə əsasən 5800 manat illik 14 faizlə 12 ay müddətinə olmaqla şəxsi məqsədlər üçün kredit verilmişdir. Cavabdeh kredit müqaviləsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirə bilmədiyi üçün qeyd edilən kreditin təminatı İddiaçı əmanət hesabından 6600,51 manat silinərək kredit borcu tam bağlanmışdır. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2018-ci il tarixli, 207 BKXF nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Bakıxanov filialı tərəfindən Cavabdeh illik 14 faizlə 19.02.2019-cu il tarixədək 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ləğv prosesində olan "xxxx" açıq səhmdar cəmiyyətinin 25 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ilə LPO "xxxx" ASC-nin Bakıxanov filialı arasında bağlanmış 21.09.2018-ci il tarixli, 207 BKXF nömrəli kredit müqaviləsinə əsasən ona şəxsi məqsədlər üçün 19.02.2019-cu il tarixinədək illik 14 faiz hesablanmaqla 6000 manat məbləğində və 21.02.2019-cu il tarixli, 006 BXFƏK nömrəli kredit müqaviləsinə əsasən şəxsi məqsədlər üçün 12 ay müddətinə 14 faiz hesablanmaqla 5800 manat məbləğində kreditlər verilmişdir. Kredit öhdəliklərinin təminatı qismində İddiaçı LPO "xxxx" ASC-də açılmış əmanət hesabında olan 10000 manat məbləğində pul vəsaitinin 8572 manat və 8286 manat məbləğlərində olan hissələri çıxış etmişdir. 24.02.2020-ci il tarixində 21.02.2019-cu il tarixli, 006BXFƏK nömrəli kredit müqaviləsinin təminatı qismində çıxış etmiş 8286 manat məbləğində pul vəsaitindən 6600,51 manat məbləğində vəsait sözügedən kredit öhdəliyinin ödənilməsinə yönəldilmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, Cavabdeh 6600,51 manat və həmin məbləğin illik 5 faizi olan 660 manat pul tələb edir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 300.4-cü maddəsinə görə girovun növlərindən biri də pul vəsaitidir. İş üzrə araşdırılmış sübutlardan görünür ki, 21 fevral 2019-cu il tarixli, 006 BXFƏK nömrəli kredit müqaviləsinə əsasən "xxxx" açıq səhmdar cəmiyyətinin Bakıxanov filialı tərəfindən Cavabdeh illik 14% ödənilmək şərti ilə 21.02.2020-ci il tarixədək 5800 manat məbləğində kredit verilmiş, 21.02.2019-cu il tarixli, 006 BXFƏK nömrəli girov müqaviləsinə əsasən həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin Bakıxanov filialında depozit (əmanət) hesabında olan 10000 manat məbləğində pul vəsaitinin 8286 manat olan hissəsi girov qoyulmuşdur. Cavabdeh kredit müqaviləsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün İddiaçı əmanət hesabından 6600,51 manat silinərək kredit borcu tam bağlanmışdır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq edib hesab edir ki, Cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti qarşısında 21.02.2019cu il tarixli, 006BXFƏK nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən cavabdehin pul öhdəliklərinin təmini üsulu kimi İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətində olan əmanət hesabından kredit ödənildiyi üçün Cavabdeh İddiaçı xeyrinə 6600,51 manat pulun tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya ancaq 3000 manat borcunun olmasını qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin iddiaçıya 3000 manat borcunun olmasına dair iş materiallarında heç bir sübut yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(012)-1642/2020 saylı qətnaməsi iddianın təmin edilmiş mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1762/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1762/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver