Məhkəmə qərarları › İş №2(105)-1762/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1762/2025

11.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1762/2025 11.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-426/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ əsasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 880 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 910 manatın cavabdehdən tutulub, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X9 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz E220” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mercedes Benz E220” markalı, **- UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yasamal rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 880 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-dən ünvanlarına İnzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Musayev X3 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən 880 manat sığorta ödənişi məbləğinin və 30 manat dövlət rüsumunun, cəmi 910 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Cavabdeh tərəfindən iddia tələbinə etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-426/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 742 (yeddi yüz qırx iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın iddiaçı "xxxx" ASC-dən və Cavabdeh müştərək qaydada tutulub (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) hesaba köçürülməsi, "xxxx" MMC tərəfindən aparılmış ekspertiza rəyinin haqqı olan 300 (üç yüz) manat məbləğində pulun iddiaçı "xxxx" ASC-dən və Cavabdeh müştərək qaydada tutularaq, "xxxx" MMC-nin "xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ013501**********1944, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX hesabına köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Mercedes Benz E220” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü üzrə sığortalanmışdır. xx.xx.2019-cu il tarixində Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. Cavabdeh yolnəqliyyat hadisəsi yerindən yayınmışdır. "xxxx" Aşıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş sığorta aktına əsasən, “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 880 manat məbləğində müəyyən edilmiş və həmin ziyanın məbləği olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edildiyindən, həmçinin, onun Sumqayıt DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. xx.xx.2025-ci il tarixli, AS 08-010/25 saylı ekspertiza rəyindən görünür ki, “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 742 manat müəyyən edilmişdir. Məhkəmə sonuncu ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh 742 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 936.1, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25, 63-cü maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-426/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, ekspert ekspertizasını düzgün və qanuni həyata keçirməmiş, nə üçün iddiaçının verdiyi qüsur aktını qəbul etdiyinin əsaslarını ekspert rəyində tam və kifayət qədər açıqlamamışdır. Məhkəmə ekspertizasının əsas mahiyyəti ondan ibarət olmalı idi ki, avtoqəza nəticəsində, yəni toqquşma zamanı real olaraq maşına nə qədər ziyan yetirilə bilərdi və bu maşın uzrə təmir edilən ehtiyat hissələrinin qiyməti obyektiv həqiqəti əks etdirirmi? Ekspert rəyi verilən suallar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığını aşkar surətdə göstərsə də hakimin ekspert rəyini sübut kimi qiymətləndirməsi və bunun əsasında qətnamə qəbul etməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Ekspertiza düzgün keçirilməmiş və ekspertin gəldiyi nəticələr obyektiv həqiqəti əks etdirmir. Ekspert iddiaçının təqdim etdiyi qüsur aktında göstərilən ehtiyat hissələrini düzgün hesablamamış və gəldiyi nəticəni kifayət qədər aydınlaşdırmamışdır. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən iddiaçının sığorta ödənişini vermiş sığortaçı olaraq, subroqasiya qaydasında cavabdehdən ödənişi tələb etmək hüququ vardır. Lakin vurulan ziyanın məbləğini mübahisələndirir. Bu halda iddiaçı tələbin həcmi barədə sübut təqdim etmək vəzifəsi daşıyır. Qeyd olunan xüsusatlara müvafiq olaraq aparılmış tədqiqat nəticəsində, qərardadda qeyd edilən avtomobilin təmir bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr bazarında (mağazalarında) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur». Lakin ekspert verdiyi rəydə bu mənbələrin məlumatlarını açıqlamamışdır. İş üzrə təkrar və ya əlavə ekspertiza keçirilməli və eyni zamanda ekspert məhkəmə iclasında dindirilməli olmalı olduğu halda dindirilmədən məhkəmə müvafiq qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edilməmişdir.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2019-cu ildə Yasamal rayonu ərazisində avtomobili arxaya verən zaman arxadakı avtomobilə yüngül toxunmuşdur. Sığorta şirkətinin hadisə yerinə çağırılmasını istəsə də zərərçəkmiş avtomobilin sürücüsü avtomobilinin yenicə təmirdən çıxdığını bildirmiş və onun təklifi ilə ustanın yanına getmişlər, usta isə sadəcə avtomobilin nömrəsinə yüngül zərər dəydiyini bildirsə də zərərçəkmiş avtomobilin sürücüsü narazılığını və avtomobilinə daha çox zərər dəydiyini bildirmişdir. Ona 50 manat təklif etmiş, lakin həmin şəxs vaxt itirdiyinə görə ondan 100 manat tələb etmişdir. Razılıq olmadığından ondan polisə şikayət etmişdir. Polis idarəsində hadisə ilə bağlı izahat vermişdir. Bundan 4 il sonra "xxxx" ASC-nin əməkdaşı ona zəng edərək subroqasiya qaydasında vurulmuş zərərin tələb edildiyini bildirib. Birinci instansiya məhkəməsində ekspertizanın keçirilməsini xahiş etmiş, növbəti iclasa məhkəmənin yol verdiyi yanlışlıq ucbatından ekspertizanın keçiriləcəyi tarixdən xəbəri olmayıb. Hadisə yerindən yayınmamış, cavabdehin təklifi ilə ustanın yanına getmişlər. Zərərçəkmiş sürücü razılaşmadıqdan sonra polisə şikayət verib. Polis bölməsində izahat vermiş, izahatında avtomobilin yalnız nömrəsinin bir az əzildiyini bildirmiş, hadisə zamanı yanında 3 nəfər şahidi olmuşdur ki, onları məhkəməyə dəvət edə bilər. Müdafiə Nazirliyinin əməkdaşı olduğu üçün ağıllı telefonlardan istifadəyə icazəsi olmayıb, buna görə də hadisə zamanı avtomobilin fotoşəkillərini çəkmək imkanı olmayıb. Hadisə zamanı digər sürücünün avtomobili təzə təmirdən çıxmışdı, avtomobilin radiator barmaqlığı olmamışdır. Əslində o, sığorta şirkətinin çağırılmasını istəyirdi, lakin avtomobilin sürücüsü bildirirdi ki, buferə cızıq düşüb ona görə də ustanın yanına getmək lazımdır, onun təklifi ilə razılaşıb. Onunla getməyə məcbur olmuşdur. Usta nömrənin zərər gördüyünü və 10-15 manatlıq xərc olduğunu bildirmiş, o, isə 50 manat təklif etmiş, sürücü 100 manat istəyib, o, isə 50 manat versə də ona qaytarmışdır. Zərərin daha çox olduğunu görsə idi, sığorta şirkətinin əməkdaşlarını hadisə yerinə çağırardı, avtomobilin nömrəsinin cüzi zədələniyini görüb digər sürücünün ustanın yanına getməklə bağlı təklifini qəbul etmişdir. İşi ilə əlaqədar çox ləngiyə bilməzdi, ona görə də ustanın yanına getməyə razı olmuşdur ki, gecikməsin, vaxt çox getməsin. Fotoşəkildə görünən hissə avtomobilin radiator barmaqlığıdır, lakin qəza baş verən zaman avtomobil yeni təmirdən çıxdığından radiator barmaqlığı sökülmüş, mövcud olmamışdır ki, bunu üç nəfər şahidi də təsdiq edə bilər. Avtomobili digər avtomobilin nömrəsinə toxunub, radiator barmaqlığı yuxarıda yerləşir, ona toxuna bilməzdi. Buna görə də şikayətinin təmin edilməsini xahiş edir.

11. İddiaçı təşkilat tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə nümayəndənin iştirakı olmadan baxılması, apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. Yasamal rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokolun və xx.xx.2019-cu il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, “Mercedes Benz E220” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir.

13. 19-04700/05/AA-3892/19 saylı, xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 880 manat, ödənilmiş sığorta ödənişinin məbləği 880 manat təşkil edir.

14. "xxxx" MMC tərəfindən verilmiş qüsur aktdan görünür ki, lizinq predmeti olan “Mercedes Benz S500” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 880 manat məbləğində ziyan dəymişdir.

15. 007618 saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 880 manat məbləğində pul köçürülmüşdür.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/723 nömrəli rəyinə əsasən, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında baş vermiş hadisə nəticəsində 2010-cu il buraxılışlı, “Mercedens Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 400 manat müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti 230 manat, təmir-bərpa işlərinin qiyməti 170 manat təşkil edir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

17. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AS 08-010/25 saylı mütəxəssis rəyindən görünür ki, ön bufer nömrəaltı plasmas 1 ədəd-81 manat, oblisovka 1 ədəd-501 manat olmaqla, cəmi 582 manat, boyaçı-80 manat, elektrik-20 manat, plastmasçı-30 manat, armaturçu-30 manat olmaqla, cəmi 160 manat, ümumilikdə təmirbərpa işlərinin dəyəri 742 manatdır. Mülki işə əlavə edilmiş qüsur aktı nəzərə alınmaqla yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 742 manat təşkil edir. Ekspertiza dəyəri 300 manat təşkil edir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir.

19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, görə qırx manat məbləğində cərimə edilir. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.

21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

22. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-426/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz E220” markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. "xxxx" MMC-nin qüsur aktına əsasən “Mercedes Benz S350” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 880 manat məbləğində müəyyən edilmiş və həmin ziyanın məbləği olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh tərəfindən idarə edilmiş, lakin o, Sumqayıt DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli hesab edilmişdir. Avtomibilə onun təqsirindən zərər dəydiyindən və hadisə yerindən yatındığından və həmin zərər iddiaçı sığorta şirkəti tərəfindən digər nəqliyyat vasitəsinin sahibinə ödənildiyindən, iddiaçının cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmşdır.

25. Cavabdehin şikayətinin dəlili avtomobilə dəymiş zərərin məbləği ilə bağlı olmuşdur ki, cavabdeh avtomobilin yalnız nömrəsinin yüngül əzildiyini və qalan hər hansı bir zərər olmadığını, hadisə baş verdiyi vaxt isə avtomobilin radiator barmaqlığının üzərində olmaması ilə bağlı olmuşdur. İş materiallarında vurlmuş zərərin məbləğinin müəyyən dilməsinə dair mütəxəssis və ekspert rəyləri olmuşdur ki, həmin rəylərə əsasən zərər məbləği müvafiq olaraq 742 və 400 manat məbləğində müəyyən edilmişdir. Lakin, həmin rəylər "xxxx" MMC-nin qüsur aktına əsasən verilmişdir. Cavabdehin şikayətinin dəlillərinin araşdırılması üçün məhkəmə kollegiyası tərəfindən zərəri özündə əks etdirən fotoşəkillər iddiaçıdan tələb edilmiş və məhkəməyə təqdim edilmiş fotoşəkillərə əsasən qüsur aktında qeyd olunan zərərlərin olması müəyyən edilməmişdir. Belə ki, qüsur aktında zərər məbləği qismində nömrə altlığının 100 manat məbləğində, radiator baraqlığının 600 manat məbləğində, boyaçı, plastmasçı, elelktrik, armaturçu və boyaçı işlərinə görə görülməli işlərin 180 manat olması ilə bağlı ümumilikdə 880 manat zərər məbləği müəyyən edilmişdir. Lakin, məhkəməyə təqdim edilmiş fotoşəkillərdə yalnız radiator barmaqlığının zədlənməsi müəyyən edilməkdədir. Buna görə də məhkəmə kollegiyası radiator barmaqlığının dəyəri olan 500 manat məbləğin və aramturçu işinə görə 30 manat çəkilməli olan xərc qismində zərər məbləğinin tutulmasını əsaslı hesab edir.

26. Məhkəmə kollegiyası yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş avtomobilin radiator barmaqlığının avtomobilin üzərində olmaması ilə bağlı cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, cavabdeh bu dəlilini təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

27. Məhkəmə kollegiyası zərər məbləğinin müəyyənləşdirilməsi üçün mütəxəssisə ödənilməli 300 manat xidmət haqqı məbləğini də vurulmuş zərərə münasibətdə mütənasib və ədalətli hesab etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mütəxəssisə ödənilməli olan məbləğ 100 manat məbləğində müəyyən edilməlidir.

28. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən və məhkəmə xərclərinin tutulması hissəsində dəyişdirilməli, Cavabdeh 530 manat zərər məbləği və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə xərcləri tutulmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-426/2025 nömrəli qətnaməsi iddianın təmin edilən və məhkəmə xərclərinin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 530 (beş yüz otuz) manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat olmaqla, cəmi 550 (beş yüz əlli) manatı tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 20 (iyirmi) manatı iddiaçı "xxxx" ASC-dən, 30 (otuz) manatı isə Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) hesabına köçürülsün. "xxxx" MMC tərəfindən mütəxəssis rəyinin verilməsi üçün tədqiqatın dəyəri qismində 100 (yüz) manatın 70 (yetmiş) manatı Cavabdeh, 30 (otuz) manatı isə iddiaçı "xxxx" ASC-dən tutularaq, tutularaq, "xxxx" MMC-nin ("xxxx" ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ013501**********1944, VÖEN **********, H/Hesab AZ74AİİB400600F**********112, S.W.İ.F.T. AİİBAZ2XXXX) hesabına köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar