Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1764/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Musayev Elvin İsrafil oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(012)-198/2021 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2533,75 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti 779,33 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, 19.12.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 377,95 ABŞ dolları borc olmaqla, (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) ümumilikdə 3791,03 ABŞ dolları borc və 09 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 04 dekabr 2020-ci il tarixli, 9/4781 saylı mühasibatlıq ekspertizasına görə 145 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 43 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 102 manat isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ**********0000003944; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE******************** qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2533,75 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 4200,39 ABŞ dolları faiz, 5492,89 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 19.12.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 377,95 ABŞ dolları borc olmaqla ümumilikdə 12604,98 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.12.2014-cü il tarixli, 941800 saylı ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 27 %-lə 18 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 02.12.2014-cü tarixli zaminlik müqaviləsi bağlanılmışdır. 941800 ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi 02.06.2016-cı ildir. Hal-hazırda borcu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir.19.12.2019cu il tarixinədək Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 2533,75 ABŞ dolları məbləğində əsas borc, müqavilə müddəti üçün hesablanmış 4200,39 ABŞ dolları faiz, 5492,89 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 19.12.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 377,95 ABŞ dolları borc olmaqla ümumilikdə 12604,98 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Abşeron rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin faiz borcu və cərimə hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən əsassız və qanunsuzdur, faiz borcu və cərimə məbləğinin tutulması hissəsində məhkəmə düzgün nəticəyə gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni faiz və cərimənin tutulması hissəsində mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş edir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, cavabdehin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilmiş və iddianı tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin ədalətli məhkəmə araşdrımasını təmin etmək məqsədilə 12.10.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 dekabr 2020-ci il tarixli, 9/4781 saylı ekspert rəyi ilə müqavilənin bitmə tarixi 02.06.2016-cı il tarixinə faiz borcu 779,33 ABŞ dolları təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbində göstərdiyi faiz məbləği sonuncunun subyektiv mülahizəsinə əsaslandığından, həmin hissədə iddia tələbini ekspert rəyinə uyğun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası cərimə (dəbbə) məbləğinin tam tutulması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 462.1. maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icraının gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Qeyd etmək lazımdır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu (cərimə) gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən də onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası götürülmüş kreditin, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edib, əsas borcu və ona hesablanmış faizləri cavabdehin ödəyə bilmədiyi halda, cavabdehdən 5492,89 ABŞ dolları cərimənin tutulması kredit müqaviləsi üzrə öhdəliyi icra edə bilməyən cavabdeh tərəfin maddi vəziyyətinə ağırlaşdırmasını, əsas borcu və ona hesablanmış faizi əldə edə bilməyən məhkəmə qaydasında hüquqları bərpa edilən iddiaçının hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsini, eləcə də iddiaçının həm əmlak və həm də bütün əsaslı mənafeləri üçün cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, hesablanan cərimənin məbləğinin azaldılaraq, iddiaçının tələb etdiyi məbləğdə deyil, 100 ABŞ dolları məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1764/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1764/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver