Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1764/2022 07.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə , İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqı və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-365/2021 nömrəli, 10 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdeh “X3 LTD” MMC-dən 3009,79 manat əmək haqqı, hər gecikdirilmiş gün əmək haqqının bir faizi məbləğində ödənc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manatın alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3267/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)- 3267/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2801/2022 nömrəli, 13 iyun 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 2(105)-3267/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona vurulan 14000 manat maddi ziyanın (2016-cı il tarixdən bu günədək ödənilməyən əmək haqqının) ödənilməsi və əmək haqqı kartının cavabdeh təşkilatdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh "Aysu Qida-Sənaye LTD” MMC-dən ona çatası 15000 manat əmək haqqının, əmək haqqını qanunsuz saxladığına görə hər gün üçün 3% ödəncin, Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış əmək müqaviləsinə görə iddiaçıya hər ay 250 manat əmək haqqı verilməli idi. İşlədiyi dövrdə ona əmək haqqı hesablanmasına və adına bank kartı olmasına baxmayaraq, həmin kart və o karta vurulan əmək haqqı ona ödənilməmişdir. Şirkət tərəfindən ona əmək haqqı ayrılmasını bu barədə elektron sistemdən çıxarışı əldə etdikdən sonra məlumatlı olmuşdur. Bu barədə xəbəri olduqdan sonra 15 iyul 2020-ci il tarixli ərizə ilə cavabdehin rəhbərliyinə müraciət edərək ona çatası əmək haqqının ödənilməsini xahiş etsə də, onun ərizəsi cavabsız qoyulmuşdur. Əmək müqaviləsinin bağlanma tarixindən işlədiyi 5 il, yəni 60 ay üçün hər ay 250 manat əmək haqqı hesablandığından 15000 manat edir. Cavabdeh iddiaçıya çatası əmək haqqını mənimsəyərək vaxtında ona ödəməmiş, buna görə də qanunvericiliyin tələbinə görə hər gün üçün 1 % əlavə haqq ödəməlidir. Həmçinin cavabdeh ona məxsus olan pul vəsaitini qanunsuz olaraq saxladığından qanunvericiliklə müəyyən edilmiş illik 5% məbləğində haqqı da ödəməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 19 aprel 2016-cı il tarixdən cavabdeh təşkilatla əmək müqaviləsi bağlamaqla ekspeditor vəzifəsinə işə qəbul edilmiş, bağlanmış müddətsiz əmək müqaviləsinə görə ona hər ay 250 manat əmək haqqı verilməli idi. İstifadəsinə verilmiş nəqliyyat vasitəsilə sürücü Fərruxla birlikdə lazımı məntəqələrə gedib malları paylamış və xidməti işlərini də yüksək səviyyədə icra etmişdir. Cavabdeh, yəni "xxxx" MMC-yə heç bir borcu və kəsiri yaranmamışdır. Amma buna baxmayaraq cavabdeh təşkilat əmək müqaviləsi üzrə ona müəyyənləşdirilmiş 250 manat əmək haqqını bu günə kimi verməmiş və müxtəlif bəhanələr gətirməklə ümumilikdə toplanmış 15000 (on beş min) manat məbləğində əmək haqqını verməmişdir. Əmək qanunvericiliyinin kobud şəkildə pozulmasının nəticəsi olaraq ona vurulmuş olan maddi ziyan ödənilməli və təqsirli vəzifəli şəxslər barədə də ciddi tədbirlər görülməlidir. Verdiyi iddia üzrə işə baxılarkən iş uzadılmaqla kobud səhvlərə yol verilmiş, birmənalı olaraq hakim tərəfindən işin həlli üçün sübutların araşdırılması qanunlarla tənzimlənməmiş və qeyri-obyektiv qətnamənin çıxmasına şərait yaradılmışdır. Qətnamə ilə razı deyil. Təqdim etdiyi iddia üzrə işə mahiyyəti üzrə obyektiv baxılmalı və iddia tam təmin edilməli idi. Çünki bu barədə bütün sübutlar tərəfindən məhkəməyə təqdim edilmiş, lakin məhkəmə onun sübutlarını nəzərə almadan iddianı qismən təmin etmişdir. Hansı ki, iddianın qismən təmin edilməsinə dair qətnamə onun hüquqlarını pozmuş, ailəsinin ehtiyaclar içərisində yaşamasına şərait yaratmışdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və qeyri-obyektivdir. Belə ki, iddianın təmin olunmaması hissəsində məhkəmə heç bir maddi normaya istinad edə bilməyib. Bundan əlavə o 2016-cı ildə işdən çıxana qədər əmək haqqı almayıb, ona verilməli olan əmək haqqı barədə məlumatı olmayıb. Ona əmək haqqı verilməli olduğu barədə 2020-ci ilin aprel ayında xəbərdar olub. Ona hədə-qorxu gələrək cavabdehə məxsus əmlakı mənimsəməsi barədə izahat yazdırıblar. Gətirdiyi sübutlar qanunvericiliyin tələbinə uyğundur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(012)-365/2021 nömrəli qətnaməsi ləğv edilməli və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı şikayətin dəlillərini müdafiə etdi, əlavə olaraq bildirdi ki, 2016-cı ildən cavabdeh müəssisədə ekspeditor vəzifəsinı işə qəbul olunmuşdur, ona məxsus əmək haqqı kartından ümumiyyətlə xəbərsiz olub. Həmin kart lap əzəldən cavabdeh müəssisədə olub. Onunla cavabdehin rəhbərliyi arasında şifahi razılaşmaya əsasən satılan mallardan əldə edilən 10% gəlir ona çatmalı idi. Bununla belə o satdığı malın, 7%-ni alırdı. Bununla da hər ay satılan mallardan 150 manat qazancı əldə olub ki, bütün dolanışığı bundan ibarət idi. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayətin dəlillərini qəbul etmədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı işlədiyi dövr ərzində aylıq ödənişləri əldə edib, həmçinin satdığı maldan özünün də qeyd etdiyi kimi, faizləri götürmüşdür. Hal-hazırda da ona məxsus əmək haqqı kartı cavabdeh MMC-dədir və iddiaçıya dəfələrlə kartını götürməyi bildirilmişdir. Həmin kartda təxminən 3000 manat pul vardır. Əmək haqqı kartının iddiaçıya təhvil verilməməsinin səbəbi, isə yenə tərəflər arasındakı şifahi razılaşma ilə əlaqədar olmuşdur. Belə ki, cavabdeh müəssisənin bəzi əməkdaşları öz razılıqları ilə əmək haqqı kartlarının cavabdehdə qalması müqabilində, xidməti yerlərində mağazalara payladıqları malların dəyəri oldan pulun bir hissəsini xərcləmiş, həmin pul əvəzi, onların əmək haqqlarından çıxılmışdır. Tərəflər sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 19 aprel 2016-cı il tarixli, İ-165 saylı əmək müqaviləsindən görünür ki, işəgötürən "xxxx" MMC ilə işçi İddiaçı arasında 19 aprel 2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış, aylıq əmək haqqı 180 manat müəyyən edilmişdir. Həmin tarixdə də tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2016-cı ildə sistemə daxil edilmişdir. Yenə işdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən məlum olur ki, dəyişikliyə əsasən İddiaçı əmək haqqı 250 manat müəyyən edilir. Bununla bağlı bildiriş sistemə xx.xx.2019-cu ildə daxil edilmişdir. İşə əlavə edilmiş «X3 LTD» MMC-nin 99/k saylı, 15 avqust 2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə 17 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş cədvəldən görünür ki, İddiaçı Rabitəbank vasitəsi ilə 2016-2020-ci il tarixlərini əhatə edən ödənilmiş əmək haqqının illər və aylar üzrə məbləği cəmi 3009,79 manat təşkil edir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamənin iddia tələbinin təmin edilmiş hissəsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyərək, iş üzrə Ali Məhkəmənin göstərişlərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3267/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən, qanunsuz olaraq iddiaçıya məxsus pul vəsaitini saxladığı üçün gecikdirilmiş faiz borcunun illik 5% hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış 19 aprel 2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-də ekspeditor vəzifəsinə işə götürülmüş, həmin tarixdən onun aylıq əmək haqqı məbləği 180 manat təyin edilmiş, daha sonra sözügedən müqaviləyə 13 sentyabr 2019-cu il tarixdə edilən dəyişikliyə əsasən, iddiaçının aylıq əmək haqqı məbləği 250 manat müəyyən edilmişdir. Sözügedən əmək müqaviləsinə 15 avqust 2020-ci il tarixli əmr əsasında 17 avqust 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı işlədiyi illər ərzində aylıq əmək haqqının ona ödənilməməsini əsası ilə qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında yaranmış mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmiş, qətnamədən narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Hazırda İddiaçı apellyasiya şikayətində, onunla cavabdeh arasında əmək müqaviləsinin bağlanma tarixdən işlədiyi 5 il, yəni 60 ay üçün hər ay 250 manat əmək haqqı hesablanmaqla cəmi 15000 manat pulun, əmək haqqını qanunsuz saxladığına görə hər gün üçün 3% ödəncin, Abşeron rayon Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi üçün ödədiyi 500 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun və qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcələsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Həmin Məcələnin 43-cü maddəsinin 1-ci bəndinin tələblərinə görə əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Məcəllənin həmin maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində mütləq göstərilməli əsas şərtlər və məlumatlar biri də işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi işçi ilə işəgötürən arasında hüquq münasibətlərini tənzimləyən əsas sənəd əmək müqaviləsidir və bu müqavilə tərəflərin sərbəst iradə ifadəsi olmaqla əsas şərtləri qarşılıqlı razılıq əsasında müəyyən edir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, tərəflər ilk dəfə müqavilə bağlayarkən işçinin aylıq əmək haqqı 180 manat müəyyən edilmiş, sonrakı dəyişikliklə bu məbləğ 250 manat həcmində müəyyən edilmişdir. Başqa sözlə, iddiaçının iddiasının hüquqi əsası kimi qeyd olunan əmək müqaviləsi və ona edilmiş dəyişiklik çıxış edir. Adi hesablamaya görə iddiaçı bütün dövr üçün, yəni xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilədək əmək müqaviləsi üzrə cəmi 10077,33 manat əmək haqqı almalı idi. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iddiaçı işçi olaraq, aldığı pulu faiz(?) hesab etsə də, hər bir halda cavabdeh Cəmiyyətdən hər ay əmək haqqı almışdır. Müxtəlif rəqəmlər səsləndirilsə də, iddiaçının özünün yazılı etirafına görə bu məbləğ aylıq 150 manat olmuşdur. Belə olan halda iddiaçı bütün əmək münasibətləri dövründə 7760 manat əmək haqqı almış olur. Beləliklə, iddiaçının işlədiyi illər ərzində almadığı əmək haqqına görə hazırda almalı olduğu məbləğ 2317,33 təşkil edir. Qeyd olunan məbləğ isə sadə riyazi hesablama qaydasında ortaya çıxır. Yəni ki, işin faktiki hallarından məlum olduğu kimi, iddiaçı xx.xx.2016-cı il tarixdə işə götürüldüyü andan, həmin müqaviləyə 13 sentyabr 2019-cu il tarixdə edilən dəyişikliyə qədər, onun aylıq əməkhaqqı məbləği 180 manat təşkil etmişdir. Ona görə də həmin interval arasında 40 ay, 24 gün müddətinə aylıq 180 manat əmək haqqı hesablandıqda, (40x180+24x6) xx.xx.2019-cu ildə müqaviləyə edilən dəyişiklikdən, əmək müaviləsinə xitam verildiyi xx.xx.2020-ci il il tarixədək isə keçən 10 ay, 28 gün müddətinə isə aylıq əmək haqqı məbləği 250 manatla hesablandıqda (10x250+28x8.33) məlum olur ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi müddət ərzində ümumilikdə 10077,33 manat məbləğində əmək haqqı almalı idi. İddiaçının özünün etirafına görə o işlədiyi müddət ərzində həy ay aylıq 150 manat əmək haqqı almışdır. İddiaçı işlədiyi dövr ərzində 51 ay, 22 günə (51x150+22x5) ümumilikdə 7760 manat əmək haqqı almışdır. Beləliklə, sadalanan halların yekunu kimi apellyasiya kollegiyasının qənaətincə iddiaçının işlədiyi illər ərzində almadığı əmək haqqına görə hazırda almalı olduğu əmək haqqı məbləği 2317,33 təşkil edir İşə baxan məhkəmə isə iddianı qismən təmin edərək cavabdehdən iddiaçının xeyrinə 3009,79 manat tutulmalı olması qənaətinə gəlmişdir. Cavabdeh qətnamədən şikayət verməmiş, dolayısıyla qətnaməylə razılaşmışdır. İddiaçı ümumilikdə toplanmış 15000 (on beş min) manat məbləğində əmək haqqının verilməməsini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim etməmişdir. İş üzrə yeganə mötəbər və legitim sübut tərəflər arasında bağlanmış əmək müqaviləsidir ki, həmin müqavilə üzrə də iddiaçıya çatacaq məbləğ daha öncə müəyyən edilən miqdardadır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kompüter vasitəsi ilə çap olunan cədvəli də (i.v. 44, 68) mötəbər sübut hesab etmir. Belə ki, həmin cədvəl sadə formada çap edilməklə, hər hansı bir vəzifəli şəxs tərəfindən imzalanmamışdır. Cədvəlin bir nüsxəsi yalnız "xxxx" qeydi edilməklə, naməlum şəxsin imzası və MMC-nin möhürü ilə təsdiq olunmuşdur.Həmin cədvələ görə X1 2016-cı ilin aprel ayından 2020-ci ilin avqust ayına kimi ümumilikdə 3497,61 manat məbləğində əmək haqqı hesablanmış, ondan 226,99 manat hissəsi kassa, 3270,62 manat hissəsi bank vasitəsi ilə ödənilmiş, bank vasitəsi ilə ödənilən məbləğin 3009,79 manat hissəsi isə "xxxx" ASC, 260,83 manat hissəsi isə "xxxx" ASC vasitəsi ilə ödənilmişdir. Digər tərəfdən cədvəldən müəyyən olunur ki, iddiaçıya işlədiyi dövrdə 23,68 manatdan 170,23 manatadək müxtəlif məbləğlərdə əmək haqqı hesablanmışdır. Halbuki, daha öncə də qeyd olunduğu kimi iş materiallarında olan əmək müqaviləsindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən çıxarışa əsasən iddiaçı ilə əmək müqaviləsi bağlanılan zaman əmək haqqı kimi 180 manat, 17 sentyabr 2019-cu il tarixli dəyişiklikdən sonra isə 250 manat ödənilməsi nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə kollegiyası tərəflər arasında olan əmək münasibətlərinin real və faktiki vəziyyətini nəzərə alaraq yuxarıda göstərilən nəticəyə gəlmişdir. Qeyd edildiyi kimi iddiaçı qanunsuz olaraq ona məxsus olan pul vəsaitini saxladıqlarından məhkəmə qərarı icra olunduğu tarixədək illik 5% olmaqla pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdən göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2020-ci ildə xitam verilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşin tədqiq olunan faktiki hallarından məlum olduğu kimi iddiaçının işçi olaraq son haqq-hesabı işəgötürən cavabdeh tərəfindən ona tam ödənilməmiş, başqa sözlə, cavabdeh iddiaçı qarşısında öhdəliyini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbinin qeyd edilən hissəsində qismən də olsa haqlıdır. Ona görə də, onun işdən azad edildiyi gündən məhkəməyə müraciət etdiyə günədək ödənilməmiş qalan əmək haqqına illik beş faiz hesablanmaqla yuvarlaq olaraq cəmi 231,72 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayəti üzrə dəlillərini qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15.40 manat dövlət rüsumunun 5,40 manat hissəsi cavabdehdən tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3267/2021 nömrəli, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən, qanunsuz olaraq iddiaçıya məxsus pul vəsaitini saxladığı üçün gecikdirilmiş faiz borcunun illik 5% hesablanmaqla cavabdehdən alınaraq ona ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ödənilməmiş qalan əmək haqqına illik beş faiz hesablanmaqla cəmi 231,72 manat cavabdeh «X3 LTD» MMC-dən tutularaq ona ödənilsin. Qətnamə cavabdeh “X3 LTD” MMC-dən 3009,79 manat əmək haqqı, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olan 6 manatının alınaraq İddiaçı ödənilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 dövlət rüsumunun 5,40 manat hissəsi cavabdeh “X3 LTD” MMC-dən tutularaq İddiaçı ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1764/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1764/2022
07.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver