Məhkəmə qərarları › İş №2(105)-1765/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1765/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1765/2024 20.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimli Lalə Elxan qızı (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Zeynalov Mübariz Ağacan oğluna və Zeynalov Fikrət Ağacan oğluna qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1529/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1529/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Zeynalov Fikrət Ağacan oğlundan və Zeynalov Mübariz Ağacan oğlundan birgə qaydada 4319 manat məbləğində əsas, 720 manat məbləğində faiz, 196.39 manat məbləğində cərimə borcu və 107 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Cavabdeh Zeynalov Mübariz Ağacan oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1529/2024 nömrəli qərardadı ilə cavabdeh Zeynalov Mübariz Ağacan oğlu tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(067)-1529/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1529/2024 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə və qaydada apellyasiya şikayəti vermişdir. Lakin Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-(2(067)-1529/2024 saylı qərardadına əsasən apellyasiya şikayəti geri qaytarılmışdır. O, qərardadın surətini xx.xx.2024-cü il tarixdə almışdır. Qeyd olunan qərardadla razı deyil. Belə ki, apellyasiya şikayətinin geri qaytarılmasına əsas kimi şikayətin forma və məzmununa düzgün əməl etmədiyi göstərilmişdir. Lakin əslində belə deyildir. O, apellyasiya şikayətini qanunverciliyin tələblərinə və apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş forma və məzmuna əməl etməklə vermişdir. Buna baxmayaraq, məhkəmə əsassız olaraq apellyasiya şikayətini yuxarıda göstərdiyi əsasla geri qaytarmışdır. Bir daha qeyd edir ki, apellyasiya şikayətini Azərbaycan Respublikasının MPM-nin “Apellyasiya şikayətinin forması“ adlı 2 saylı əlavəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin cədvəl forması və bu formada müəyyən olunmuş məlumatlar göstərilməklə tərtib etmişdir. Həmçinin apellyasiya şikayətini işin faktiki hallarına, mübahisənin predmetinə, maddi və prossesual hüquq normalarına istinad etməklə tərtib etmişdir. Hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılmasına dair qərardad əsassız olduğundan ləğv edilməli, apellyasiya şikayəti baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1529/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 1529/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, sözügedən apellyasiya şikayətində yalnız “İşin halları” və “Apellyasiya şikayəti verən şəxsin tələbi” qrafalarında qeydiyyat aparılmış, yuxarıda göstərilən əlavədə göstərilməli olan digər məlumatlar (şikayət verən tərəf, şikayət verən tərəfin vəkili və nümayəndəsi barədə məlumatlar və s.) qeyd edilməmişdir. Şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir. Beləliklə, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361.1-ci və 363-cü maddələrinə uyğun olaraq təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş, 361.1.2- 361.1.7-ci maddələrində isə apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. Mülki Prosessual Məcəlləsinin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli, məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qərarına gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qanunverici kassasiya şikayətinin verilməsi nəzərdə tutulan qərardadların dairəsini konkret olaraq müəyyən etmişdir və hazırkı baxılan məsələ üzrə çıxarılmış qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-1529/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar