Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1767/2023 16.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, e-2(027)-1131/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 3.800 Euro (7.050 manat) pulun, ödənilmiş 91 manat dövlət rüsumunun, toplam olaraq 7141 manat pul vəsaiti tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci il tarixdə bacısının həyat yoldaşı Cavabdeh öz şəxsi ehtiyacları üçün ondan 3.800 Euro (7050 manat) pul vəsaiti məbləğində borc almışdır. Həmin borc pulun onun tərəfindən cavabdehə ödənilməsini təsdiq edən ödəniş qəbzi də mövcuddur. Cavabdehdən borcunu istədikdə o, borcunu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Quba Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, e-2(027)-1131/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir (hakim Aydın Babayev). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, e-2(027)-1131/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları düzgün müəyyən etmədən iddianı təmin etməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki, işin mübahisələndirilməyən halı aşağıdakılardan ibarətdir: İddiaçı tərəfindən Cavabdeh pul vəsaiti göndərilmişdir və cavabdeh həmin pul vəsaitini qəbul etdiyini etiraf etmişdir. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən keçmiş arvadı, iddiaçının bacısına verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh ona verilən pul vəsaitini Türkiyə Respublikasında şirkətə yatırım etdiyini məhkəmə iclasında etiraf etmişdir. Cavabdeh ona verilmiş pul vəsaitinin keçmiş arvadı, yəni iddiaçının bacısı ilə birgə hər hansı bir işə sərf etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh keçmiş arvadı, yəni iddiaçının bacısı ilə 8 ildir ki heç bir əlaqəsinin olmadığını etiraf etmişdir. Hazırki mübahisə üzrə işə baxılarkən Səbail Rayon Məhkəməsində Cavabdeh X2 qarşı «nikahın pozulması» tələbinə dair mülki iş mövcud olmuşdur və xx.xx.2023-cü il tarixdə onların nikahlarına xitam verilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında bildirmişdir ki, o heç vaxt iddiaçıdan borca pul almamışdır. İddiaçı pulu bacısına yardım məqsədilə göndərmişdir. Həmin pulu da keçmiş həyat yoldaşı olan iddiaçının bacısı ilə birlikdə bir işə sərf etmişlər. Həmin pul onun adına gəlmiş və çıxarıb iddiaçının bacısına vermişdir. Son 8 ildir ki, iddiaçı ilə onun heç bir əlaqəsi yoxdur. Bununla da cavabdeh son dərəcə ziddiyətli açıqlamalar vermişdir. Belə ki, yuxarıda göstərilən işin mübahisələndirilməyən hallarından da göründüyü kimi cavabdeh iddiaçıdan pul almadığını bildirsə də, sonradan o, həmin pul vəsaitini qəbul etdiyini etiraf etmişdir. Bundan başqa Cavabdeh iddiaçının bacısı ilə 8 ildir heç bir əlaqəsinin olmadığını bildirsə də, iddiaçının 2018-ci il tarixdə ona göndərdiyi pul vəsaitini iddiaçının bacısı ilə birgə işə sərf etdiyini bildirmişdir. Beləliklə hesab edir ki, pul əsassız varlanma qaydalarına uyğun olaraq geri qaytarılmalıdır. İddianın əsası kimi borc müqaviləsinə istinad olunsa da, qətnamədə əsassız varlanmaya istinad olunması iddianın əsasının dəyişdirilməsi sayılmır. Çünki əqdin əhəmiyyətsiz sayılması üçün iddia verilməsinə zərurət yoxdur. Bunu Mülki Məcəllənin 337.3-cü maddəsinin göstərişi də təsdiq edir: “Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir”. İddianın əsaslandığı əqd (borc müqaviləsi) hüquqi fakt kimi iddianın əsasını təşkil edir. Əqd əhəmiyyətsiz olduqda yeni hüquqi fakt yaranmır, əvvəlki hüquqi fakt (əqd) iddianın əsası kimi qalmaqda davam edir, sadəcə hüquqi fakta qanuna uyğun qiymət verilir. Yəni iddiaçı hüquqi faktı “etibarlı borc müqaviləsi” adlandırsa da, məhkəmə onu “əhəmiyyətsiz borc müqaviləsi” adlandırır. Məhkəmənin bu hərəkəti iddianın mahiyyətinin dəyişməsinə səbəb olmur, iddia “öhdəliyin icrası barədə” iddia kimi həll olunur. Belə ki, pulun qaytarılması öhdəliyin icrası kimi tələb olunub, əsassız varlanma isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir, həmin əsasla eyni pulun qaytarılması qət olunur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 3.800 Euro (Azərbaycan manatı məzənnəsi ilə) və ödənilmiş 91 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İş materiallarında olan qəbzə əsasən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixində 3.800 Euro göndərilmişdir. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı qeyd edilmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır, çünkü İddiaçı ilə Cavabdeh arasında borcla bağlı hər hans əqd imzalanmamışdır və iddiaçı verilmiş ödənişin təyinatını yardım kimi müəyyən etmişdir. Sadalananlara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirmişdir ki, 3800 Evro məbləğində pul onun adına göndərilsə də, iddiaçı bunu öz bacısı üçün göndərmiş, həmin pul məbləği cavabdeh olaraq onun tərəfindən götürülərək gəlir əldə etmək məqsədi ilə cavabdehin adına əmanət kimi Türkiyədə fəaliyyət göstərən “AMİQ Kapital” adlı hüquqi şəxsə verilmişdir. Hal-hazırda qoyulmuş pul vəsaitinin qaytarılması ilə əlaqədar mübahisəyə Türkiyədə müvafiq məhkəmədə baxılır. Onun özü tərəfindən də həmin hüquqi şəxsə 96000 ABŞ dolları məbləğində pul vəsaiti qoyulmuşdur. İddiaçının göndərdiyi 3800 evro pul vəsaitinə cavabdeh olaraq onun heç bir ehtiyacı olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 iddiaçı tərəfindən göndərilən pulun Cavabdeh tərəfindən qəbul edildiyini, həmin pulu cavabdehlə birgə hər hansı bir işə sərf etmədiyini bildirmişdir. İddiaçı ilə Cavabdeh arasında borcla bağlı hər hansı əqdin imzalanmamasına görə iddianı rədd edən birinci instansiya məhkəməsi aşağıda qeyd olunanlara əsasən düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. İşin mübahisələndirilməyən hallarına əsasən 3800 evro məbləğində pul vəsaiti iddiaçı tərəfindən onun bacısının adına deyil, cavabdehin adına göndərilmiş, cavabdeh isə həmin pul məbləğini götürərək məhz öz adından faiz qaytarılması şərti ilə əmanət kimi Türkiyə Respublikasında fəaliyyət göstərən özünün qeyd etdiyi “AMİQ Kapital” adlı hüquqi şəxsə verir. Tərəflər 3800 evro pul məbləğinin göndərilməsi və onun qəbul edilməsi ilə bağlı razılaşmanı qəbul və icra etmişlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Cavabdeh 3.800 Euro Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 91 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, e-2(027)-1131/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 3.800 Euro Azərbaycan manatı məzənnəsi ilə və ödənilmiş 91 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1767/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1767/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver