Məhkəmə qərarları › İş №2(105)-1771/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1771/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1771/2020 28.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-448/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-448/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 52.032 (əlli iki min otuz iki) manat 64 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. (hakim İ.Məmmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)-448/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52.032,64 manat pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ona məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən balıq istehsalat sexini cavabdehlə aralarında xx.xx.2016-cı il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən ona xx.xx.2021-ci ilə qədər icarəyə vermişdir. Müqavilədə hər ay 100 manat olmaqla icarə haqqı nəzərdə tutulmuş və Cavabdeh həmin pulu ona ödəməli olmuşdur. Bir qədər işlədikdən sonra yaxşı qazanc əldə etmək məqsədilə Zaur ondan müxtəlif çeşiddə balıq məhsullarının verilməsini xahiş etmiş, o da xx.xx.2017-ci il tarixdə 8.231,1 manat, xx.xx.2017-ci il tarixdə 15.669,04 manat və xx.xx.2017-ci il tarixdə 26.050,5 manat dəyərində müxtəlif çeşiddə balıq məhsullarını satması üçün vermiş, lakin qeyd etdiyi balıq məhsullarını almasına baxmayaraq ona nəinki, gəlir, satışdan əldə etdiyi pulları və icarə haqqını da verməmişdir. O, bir müddət yenə Cavabdeh sözügedən balıq sexində işləyərək vermiş olduğu balıq məhsullarından sataraq əldə etdiyi pulları və yığılmış icarə baqqlarını ona verilməsi, eyni zamanda yığılmış vergi borclarını da ödəməsi üçün şərait yaratmışdır. Lakin, uzun müddət gözləsə də Zaur ona ziyan vurmaqda davam etmiş, o da sonuncudan pullarını geri istəmişdir. Lakin Cavabdeh pulunu qaytarmaqdan yayındığı üçün, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T LƏR İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçının təqdim etdiyi icarə müqaviləsi kserosurətdir. Müqavilənin tarixinə iddiaçı tərəfindən qələmlə dəyişiklik edilmiş, 2015-ci il 2016 kimi, 2020-ci il 2021 kimi qeyd olunmuşdur. İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında imzlanmış icarə müqaviləsini təqdim etmişdir. Eyni ərazi iki şəxsə icarəyə verilə bilməzdi. Sadəcə iddiaçının məqsədi əsassız varlanmaqdır. İddiaçının ona müxtəlif çeşiddə balıq məhsullarını verməsi də həqiqəti əks etdirmir. O, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçının direktoru olduğu “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Quba anbar bölməsində anbardar vəzifəsində işləmişdir. İddiaçının təqdim etdiyi satınalma fakturalarından göründüyü kimi fakturalar şirkətin Xırdalan anbarından Quba anbarına istehsal məqsədi üçün verilmiş malların qaimə fakturasıdır. Guya həmin malları ona satmışdır. Belə olsa idi, əvvəlcə alqısatqı müqaviləsi bağlanar, fakturalarda nağd və ya nisyə şəkildə verilməsi qeyd olunardı. İddia tələbi formal mülahizələrə söykəndiyi üçün əsassızdır. İşə baxan məhkəmə ətraflı araşdırma aparmamış, səhv nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayəti təmin olunmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında İddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli lazımi qaydada təsdiq edilməmiş icarə müqaviləsindən görünür ki, İddiaçı Quba rayonu, 1 -ci Nügədi kəndində yerləşən balıq istehsalat sexini hər ay 100 manat icarə haqqı ödəmək şərtilə Cavabdeh icarəyə vermişdir. Yenə işdə olan xx.xx.2016-cı il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən balıq istehsalat sexini hər ay 500 manat icarə haqqı ödəmək şərtilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə icarəyə vermişdir. İşə əlavə edilmiş əmək müqaviləsindən və bildirişdən məlum olur ki, Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-də xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək anbardar vəzifəsində işləmişdir. İş materiallarına əlavə edilmiş lazımi qaydada təsdiq edilməmiş satınalma fakturalarından məlum olur ki, Xırdalan anbarı tərəfindən xx.xx.2017-ci il tarixdə 8.231,1 manat, xx.xx.2017-ci il tarixdə 15.669,04 manat və xx.xx.2017-ci il tarixdə 26.050,5 manat dəyərində müxtəlif növ balıqlar satılmışdır. Yenə iddiaçı tərəfindən işə əlavə edilmiş xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015-ci il tarixli qaimələrdən məlum olur ki, “X6 Azerbaijan” MMC tərəfindən həmin tarixlərdə müxtəlif növ balıq məhsulları Pərviz Quba yazılmış şəxsə göndərilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-448/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, iddiaçı iddia edir ki, Cavabdeh ondan balıq sexini icarəyə götürərək İddiaçı satış üçün məhsul almış, lakin məhsulun pulunu iddiaçıya ödəməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə görə yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Yenə həmin Məcəllənin 89.3-cü maddəsinin tələblərinə görə iş üçün əhəmiyyətli olan hallara dair məlumatı özündə əks etdirən sənədin ya əsli, ya da təsdiq olunmuş surəti olmalıdır. İddiaçı cavabdehin ondan balıq sexini icarəyə götürdüyünü bildirir, buna dair kserosurət olan və üzərində qələmlə düzəlişlər aparılan icarə müqaviləsini təqdim edir. Bu dəlil qeyd edilənlərə əsasən tutarlı sübut deyildir. Cavabdeh isə öz apelyasiya dəlillərini onunla əsaslandırır ki, onlar arasında icarə hüquq münasibətləri olmamış, o, balıq sexinin icarəyə verildiyi MMC-də anbardar vəzifəsində işləmiş, iddiaçı isə onun müdiri olmuşdur. O, buna dair sübutlarını qanunvericiliyin tələblərinə əsasən təqdim etmişdir. Məhkəmə kollegiyası bu xüsusatla bağlı bildirir ki, iddiaçının cavabdehə balıq sexini icarəyə verməsini iş üzrə sübutlar təsdiq etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. İddiaçı fakturalar təqdim edərək onlara əsasən cavabdehə balıq məhsullarını satdığını bildirsə də, alıcının adı qeyd olunmadığından fakturalardan məhsulun kimə satıldığı müəyyən olunmur. İşə əlavə edilmiş “X6 Azerbaijan” MMC-nin qaimələrindən belə qənaətə gəlmək olur ki, həmin qaimələr üzrə müxtəlif növ balıq məhsulları Quba rayonuna Pərviz adlı şəxsə göndərilmişdir. Digər tərəfdən həmin qaimələrin tarixlərindən görünür ki, onların bir hissəsi, cavabdehlə bağlanması iddia edilən icarə müqaviləsindən əvvəl tarixə, bir qismi isə sonrakı tarixə təsadüf edir. Tələb edilən məbləğin sübutu kimi istinad edilən qaimələr 2017-ci ilin iyul-sentyabr aylarına aiddir. Həmin dövrdə isə cavabdeh iddiaçının rəhbərlik etdiyi MMC-də anbardar işləmişdir. Başqa sözlə tərəflər arasında balıqların alqı-satqısının olması öz təsdiqini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə daha çox işəgötürən-işçi münasibətlərindən doğan mübahisədir. Ona görə də məhkəmə kollegiyası izah edir ki, işçinin işəgötürənə maddi ziyan vurması ilə bağlı hər hansı tələbi varsa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 32-ci fəslinə əsasən işçinin işəgötürənə vurduğu ziyana görə iddia tələbi irəli sürülə bilər. Məhkəmə kollegiyası işdə olan sübutalrı ətraflı araşdıraraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hazırkı hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılmasını tam nəzərə almamış iddia tələbini hazırki qaydada təmin etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən,apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi 15,40 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan alınaraq cavabdehə ödənilməli, iddia verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-448/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi 15,40 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı alınaraq ona ödənilsin, iddia verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar